Soçidə XXII Qış Olimpiyadası

Soçi olimpiya oyunları 2014Bu gün Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiyadasının rəsmi açılış mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:14-dən etibarən başlayacaq.  Açılışın keçiriləcəyi məkan  “Fişt” olimpiya stadionudur. Bu dəfəki Olimpiyadanın simvolları ağ ayı, dovşan və bəbirdir.

Mərasimin 3 müxtəlif səhnədə olacağı bildirilir. Birinci səhnədə “Çox insan – 1 millət” devizi ilə Rusiyanın müxtəlif regionlarının simvolları nümayiş ediləcək. Açılışda “Buz altında əfsanələr” adlı proqram da göstəriləcək. Bu hissə orta əsrlər Rusiyasına həsr olunacaq. Həmin zaman 9 kilsə qülləsi təsvir ediləcək, rus xalq nağıllarının qəhrəmanları diqqət mərkəzində olacaqlar. Açılış mərasiminin axırıncı hissəsində ölkənin son tarixinə ekskursiya ediləcək. 

88 ölkənin qatılacağı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir. Bunun üçün 14 minə yaxın həmkarımız qeydiyyatdan keçib. Olimpiadada ən çox idmançı ilə ABŞ mübarizə aparır. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır. İlk “üçlüyü” 220 nəfərlə Kanada qapayır. 

 Azərbaycan isə Olimpiadaya 4 idmançı ilə yollanıb. Təmsilçilərimizdən Aleksey Sitnikov – Yuliya Zlobin cütlüyü fiqurlu konkisürmədə, Qaya Bassani Antivari və Patrik Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

Soçidə keçiriləcək qış olimpiya oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq. 

Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

Bu gün start götürəcək Olimiyada fevralın 23-də yekunlaşacaq. 

Mənbə: qafqazinfo.az

0 şərh