Daxili enerji

  • Fizika
Cismi (plastilin kürəni) yuxarı qaldırıb saxladıqda o, potensial enerji ya malik olur. Kürə sərbəst buraxıldıqda onun döşəmədən olan hündürlüyü tədricən azalır, lakin sürətli artır. Uyğun olaraq, kürənin potensial enerjisi azalır, kinetik enerjisi isə artır. Kürənin döşəmədəki lövhəyə zərbə anında onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Lakin lövhəyə dəydikdə plastilin kürə ona “yapışaraq” dayanır, Kürə həm potensial, həm də kinetik enerjisini itirir — «Mexaniki enerjinin saxlanması qanunu pozuldu!”
Mexaniki enerji hara yox oldu?Mexaniki enerji
Lövhəyə zərblə dəyərək onun səthinə yapışan plastilin kürənin molekulları “həyəcanlanır”. Bu, kürənin deformasiya etməsi və temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Temperaturun yüksəlməsi molekulların orta kinetik enerjilərinin artması, deformasiyası isə molekullararası məsafələrin və qarşılıqlı təsirlərin dəyişməsi deməkdir. Beləliklə, plastilin kürənin mexaniki enerjisi itmir, o, cismin daxili enerjisinə — molekulların kinetik və qarşılıqlı təsirlərinin potensial enerjisinə çevrilir.
Daxili enerji — cismi təşkil edən molekulların hərəkətinin kinetik və qarşılıqlı təsirinin potensial enerjilərinin cəmidir.
Daxili enerji U hərfi ilə işarə edilir və BS-də vahidi couldur (1C).Cismin tam enerjisi — onun mexaniki və daxili enerjisinin cəmidir:E = EMex + U = EK + Ep + U.
Daxili enerji nədən asılıdır?
  • Daxili enerji cismin temperaturundan asılıdır. Molekulların hərəkət sürəti (orta kinetik enerjisi) nə qədər böyük olarsa, cismin temperaturu da bir o qədər yüksək olar. Temperatur yüksəldikdə cismin daxili enerjisi artır, temperatur aşağı düşdükdə isə cismin daxili enerjisi azalır.
  • Daxili enerji cismin aqreqat halından asılıdır. Bərk, maye və qaz hallarında cismin molekulları həm istilik hərəkətinin xarakterinə, həm də aralarındakı məsafəyə görə fərqlənir. Bu səbəbdən molekulların həm orta kinetik enerjisi, həm də qarşılıqlı təsir potensial enerjisi fərqlənir.
  • Daxili enerji cismin kütləsindən asılıdır.
  • Cismin kütləsini ondakı bütün molekulların ümumi kütləsi təşkil edir. Daxili enerji cismi təşkil edən bütün molekulların kinetik və potensial enerjilərinin cəmindən ibarət olduğuna görə digər bərabər şəraitdə (temperaturun və təzyiqin sabit qiymətlərində) kütləsi böyük olan cismin daxili enerjisi də böyükdür.
 

Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Fizika 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik

0 şərh