Maddənin aqreqat halları

Maddələrin müxtəlif hallarda olması onların daxili quruluşundan asılıdır. Maddələrin quruluşu izah olunarkən üç müddəa əsas götürülür:
1. Bütün maddələr molekullardan təşkil olunmuşdur.
2. Molekullar arasında cəzbetmə və itələmə qarşılıqlı təsirləri mövcuddur.
3. Molekullar daim hərəkətdədir. Maddələr 4 halda mövcud olur. Bunlar maddənin aqreqat hallarıdır: bərk, maye, qaz və plazma. Kainatdakı bütün cisimlər bu hallardan hər hansı biri şəklindədir. Məsələn, dağlar, ağaclar, tikililər, avtomobillər və s. — bərk; Yer atmosferi, buxar və s. — qaz halında; çay, dəniz və okeanlardakı su — maye halındadır. Günəş, ulduzlar və alov maddənin plazma halıdır.
Bərk. Bərk maddəni təşkil edən molekullar müəyyən nizamlı düzülüşə malikdir. Onlar arasındakı cəzbetmə qüvvələri çox böyük olduğundan bu molekullar bir-birindən uzaqlaşa bilmir. Ona görə də bərk cisimlər həcm və formalarını saxlayır.
Maye. Mayeni təşkil edən molekulların nizamlı düzülüşü yoxdur, onlar yerlərini sərbəst dəyişir. Mayeləri sıxdıqda molekullar arasında itələmə qarşılıqlı təsirlər artır. Molekullar uzaqlaşdıqda isə bir-birini qarşılıqlı cəzb edir. Bu təsirlər mayelərin həcmini dəyişməyə qoymur. Mayelər formalarını dəyişə bilir, lakin həcmlərini dəyişmir.
Qaz. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Qaz molekulları yerləşdikləri mühitdə – qabda, otaqda, havada fasiləsiz sərbəst hərəkət edir və hər yerə yayılır. Ona görə də qazlar forma və həcmlərini saxlamır. Qaz molekulları hərəkət edərkən bir-biri ilə toqquşur. Bu zaman onların hərəkət istiqamətləri dəyişir və xaotik (qarma-qarışıq) olur.
Plazma. Plazma ionlaşmış maddədir. Günəş və parıldayan ulduzlar belə maddələrdən ibarətdir .
Qaz molekullarının hərəkəti
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh