Çəki, Sürtünmə qüvvəsi

Çəki nədir? Üfüqi elastik lövhənin üzərinə çəki daşı qoyulduqda o, lövhənin səthinə ağırlıq qüvvəsinə bərabər qüvvə ilə perpendikulyar istiqamətdə təsir göstərir. Nəticədə deformasiyaya məruz qalan lövhə də çəki daşma elastiklik qüvvəsi ilə əks-təsir göstərir. Bu elastiklik qüvvəsi səthin
reaksiya qüvvəsi adlanır və N→ hərfi ilə işarə olunur .
Çəki
Yük tərpənməz nöqtədən bağlanan sapdan asıldıqda heç bir deformasiya görünməz. Lakin əslində, yük asqıya ağırlıq qüvvəsinə bərabər qüvvə ilə təsir edir, o da yükə elastiklik qüvvəsi ilə əks-təsir göstərir.
Sapın gərilmə qüvvəsi adlanan bu qüvvə çox vaxt T→ ilə işarə olunur ( b ).
Çəki
Nə üçün cisim dayağa və asqıya təsir edir? Cismi Yer cəzb edir, lakin tərpənməz dayaq və asqı onun Yerə düşməsinə mane olur, nəticədə cisim onlara ağırlıq qüvvəsinə bərabər qüvvə ilə təsir göstərir:
  • Çəki — Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsidir. Çəki P→ hərfi ilə işarə edilir.
  • Çəkinin tətbiq nöqtəsi dayaq və ya asqıdadır.
  • Dayaq üzərindəki cismin çəkisinin istiqaməti səthə perpendikulyardır.
Üfüqi dayaq və şaquli asqı Yerə nəzərən sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olduqda cismin çəkisi ədədi qiymətcə bu cismə təsir edən ağırlıq qüvvəsinə bərabərdir:
P = mg.
Göründüyü kimi, çəki və kütlə tamamilə fərqli kəmiyyətlərdir: çəki qüvvədir, vektorial kəmiyyətdir və vahidi nyutondur.
Çəki həmişə ağırlıq qüvvəsinə bərabərdirmi? Çəki və ağırlıq qüvvəsi tamamilə fərqli qüvvələrdir: birincisi, ağırlıq qüvvəsi cismə, çəki isə dayaq və ya asqıya tətbiq olunur. İkincisi, ağırlıq qüvvəsi Yerin verilən nöqtəsində həmişə Fağ = mg olduğu halda, çəki bu ifadədən böyük və ya kiçik ola bilər.
Çəkinin mg-dən böyük qiyməti əlavə yüklənmədir. Bəzi hallarda isə o, sıfıra bərabər olur: dayaq və asqı olmadıqda cisim çəkisizlik halındadır. Məsələn, qüllədən atılan idmançı qüllədən ayrılan andan suya toxunan ana kimi, yuxarı atılan daş isə yerə düşənə kimi çəkisizlik halında olur (havanın müqaviməti nəzərə alınmır).
Sürtünmə qüvvəsi. Cisim F→d dartı qüvvəsinin təsiri altında üfüqi müstəvi üzrə düzxətli bərabərsürətli hərəkət edir. Bu hərəkətdə cismə modulu dartı qüvvəsinin moduluna bərabər olan, lakin istiqamətcə onun əksinə yönələn qüvvə də təsir edir. Həmin qüvvə sürtünmə qüvvəsidir.
Bir cisim digərinin üzərində hərəkət edərsə, hərəkətin əksi istiqamətinə yönələn sürtünmə qüvvəsi yaranır. Sürtünmə qüvvəsi F→s kimi işarə olunur, cismə tətbiq edilir, toxunan səthə paralel olaraq hərəkətin əksinə yönəlir. Dartı və sürtünmə qüvvələri arasındakı münasibət müxtəlif ola bilər:
  • Dartı və sürtünmə qüvvələrinin modulları bərabərdir: Fd = Fs. Əvəzləyici qüvvə sıfıra bərabərdir: F = Fd – Fs = 0. Cisim düzxətli bərabərsürətli hərəkət edir. sürtünmə qüvvəsi
  • Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür: Fd > Fs. Əvəzləyici qüvvə dartı qüvvəsi istiqamətindədir: F = Fd – Fs ≠ 0. Cisim artan sürətlə hərəkət edir.
  • Sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür: Fd < Fs. Əvəzləyici qüvvə sürtünmə qüvvəsi istiqamətindədir: F = Fs – Fd ≠ 0. Cismin sürəti azalır.
Sürtünmə qüvvəsinin üç növü var: diyirlənmə sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi və sükunət sürtünmə qüvvəsi :Sürtünməni azaltmaq üçün toxunan səthlər arasına sürtkü yağı daxil edilir. Yağ gözlə görünməyən kələ-kötürləri dolduraraq hamarlayır və səthləri birbirindən aralayır.
Sürtünmə qüvvəsi nədən asılıdır?
Sürüşmə sürtünmə qüvvəsinin modulu cismi səthə sıxan təzyiq qüvvəsindən və toxunan səthlərin kələ-kötürlüyündən asılıdır:
Fs = μ · Ft.
Burada Ft – təzyiq qüvvəsidir. Cisim üfüqi səth üzrə sürüşdükdə təzyiq qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir:
Ft = mg.
μ – sürüşmə sürtünmə əmsalıdır. O, toxunan səthlərin materialından və kələkötürlüyündən asılıdır. Sürüşmə sürtünmə əmsalının ölçü vahidi yoxdur.
 
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh