Təbiətdəki qarşılıqlı təsirlər

  • Fizika
Qədim zamanlarda insanlar təbiətdə baş verən hadisələrin səbəblərini bilmirdilər. Zaman keçdikcə aparılan müşahidələr, araşdırmalar, tədqiqatlar təbiətdə baş verən hadisələrin səbəbləri haqqında çoxlu məlumat əldə etməyə imkan yaratdı.
Təbiətdə baş verən hadisələr müxtəlif olduğu kimi, onlar arasındakı qarşılıqlı təsir də müxtəlifdir. Bir çox hadisələrin başvermə səbəbi də məhz qarşılıqlı təsirlə izah olunur
Təbiətdə baş verən hansı hadisələri qarşılıqlı təsirlə əlaqələndirmək olar?
Təbiətdəki qarşılıqlı təsirlər
Təbiətdə dörd növ qarşılıqlı təsir mövcuddur:

  1. qravitasiya
  2. elektromaqnit
  3. qüvvətli qarşılıqlı təsir
  4. zəif qarşılıqlı təsir

Bütün cisimlər hərəkət prosesində bir-birinə qarşılıqlı təsir edir. Müşahidə olunan qarşılıqlı təsirlər müxtəlifdir: əsən külək ağacı silkələyir, meşə zolağı isə küləyin sürətini azaldır. Bütün cisimlər bir-birini cəzb edir. Maqnitin eyni işarəli qütbləri bir-birini itələyir, müxtəlif işarəli qütbləri isə bir-birini cəzb edir.
Qarşılıqlı təsir cisimlər arasında toxunma ilə və ya toxunma olmadan da baş verə bilər.
Dəmir, nikel kimi maddələrlə maqnit arasında toxunma olmasa da, qarşılıqlı təsir mövcuddur. Maqnitdən soyuducuların qapılarında, radio və televizorların hazırlanmasında, ağır yüklərin qaldırılmasında geniş istifadə olunur. Lakin bankomat və telefon kartları maqnitdən uzaq tutulmalıdır. Maqnit onların yararsız hala düşməsinə səbəb ola bilər.
Futbol topunun istiqamətini dəyişmək, çantanı qaldırmaq, süngəri sıxmaq üçün qüvvə sərf etmək lazımdır. Bu zaman qüvvənin təsirindən futbol topu və çanta yerini dəyişəcək, süngər yığılacaq, sonra isə əvvəlki vəziyyətinə qayıdacaq.
Qarşılıqlı təsir olmasa, insan Yer üzərində gəzə, nəqliyyat vasitələri isə hərəkət edə bilməz. Yer səthində hərəkət etdiyimiz zaman Yeri özümüzdən geriyə itələdiyimiz kimi, Yer də bizi həmin qüvvə ilə irəliyə doğru itələyir. Bu qüvvə nə qədər böyük olarsa, hərəkətimiz də bir o qədər asan olar.
Təbiətdə baş verən hadisələrin səbəbini və nəticələrini bilmək olduqca vacibdir. Bunun sayəsində insan faydalı hadisələrin mexanizmini öyrənmək və onların gedişini sürətləndirməklə yanaşı, bu hadisələr haqqında qabaqcadan məlumat verə bilər. Zərərli hadisələrin səbəbini bildikdən sonra isə onların qarşısını almağın yollarını müəyyənləşdirmək olar.
 
 
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik

0 şərh