Artsimoviç Lev Andreyeviç

Akademik Artsimoviç 1909-cu ildə Moskvada professor ailəsində anadan olub. O, 1928-ci ildə Minskdə Belorusiya universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
Artsimoviç 1930-cu ildə SSRİ EA Leninqrad fizika-texnika institutunda işləməyə başlayıb. Bu vaxtlar institutun direktoru məş¬hur fizik A.F.İoffe olub. Artsimoviçin görkəmli fizik kimi yetişməsində İoffenin böyük rolu olmuşdur.
Artsimoviçin birinci elmi işi rentgen şüalarının optikasına aid olub. 1934-1935-ci ildə Lev Andreyeviç İ.V.Kurçatovla birlikdə neytronun xassəsini öyrənmişdir. O, eksperimental olaraq göstərmişdir ki, nüvə reaksiyası zamanı neytron proton tərəfindən zəbt edildikdə ağır hidrogenin nüvəsi yaranır.
Лев Андреевич АрцимовичBöyük enerjili elektronla maddənin qarşılıqlı təsirini eksperimental yolla Artsimoviç 1936-cı ildən 1940-cı ilə kimi tədqiqat aparmış və yaxşı nəticələr əldə etmişdir. O,1936-cı ildə A.İ.Alixanovla birlikdə elektron və pozitronun annihilyasiyası zamanı impulsun saxlanması qanununun doğruluğunu təcrübi yolla isbat etmişdir. Onun rəhbərliyi altında ilk dəfə izotopların elektromaqnit ayrılma üsulu işlənib hazırlanmış, sürətli elektronlar fizikası, elektron optikası sahəsində əsaslı tədqiqatlar aparılmışdır. 1944-cü ildən ömrünün sonuna kimi SSRİ EA Atom Enerjisi İnstitutunda işləmişdir.
Artsimoviç yüksək temperaturlu plazma fizikası sahəsində bir sıra tədqiqatlar apararaq ilk dəfə olaraq kvazistasionar plazmada dayanıqlı termonüvə reaksiyasını almışdır.
Müharibədən sonrakı illərdə Artsimoviç fizikanın nailiyyətlərinin praktikada tətbiqi məsələləri üzərində işləyib. O, izotopların elektromaqnit metodla bölünməsi problemini həll etməyi qarşısına məqsəd qoyur. Bu problemi həll edərkən Artsimoviç izotopların maqnit separatoru adlı çox mühüm, etibarlı texniki qurğu yaradır. Bu qurğunun yaradılması təbabətin, biologiyanın, fizika və texnikanın təmiz izotoplara olan tələbini ödəyib.
Atom enerjisi almaq üçün işlədilən Uran 235 izotopu da ilk dəfə onun tərəfindən alınmışdır.
1950-ci ildə Artsimoviç idarə olunan termonüvə reaksiyası almaq problemi üzərində işləyib. Bu problemin həlli günün aktual məsələlərindən olub, bəşəriyyətin enerjiyə olan tələbini ödəmək, ehtiyat enerji mənbələrini axtarmaq məsələsini həll etmiş oldu. Onun mühüm əsərləri atom və nüvə fizikasına aiddir: «İdarəedilən termonüvə reaksiyası» /1961/. «Elektrik və maqnit sahəsində yüklü zərrəciklərin hərəkəti» /1972/.
Akademik Artsimoviç uzun illər fizika elminə, SSRİ EA-nın Ümumi fizika və astronomiya şöbəsinə rəhbərlik etmişdir. O, 1958-ci ildə Lenin mükafatı, iki dəfə Dövlət mükafatı /1953,1971/, dörd dəfə Lenin ordeni almışdır. 1969-cu ildə Artsimoviçə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Л. А. Арцимович на семинаре в Институте атомной энергии. 1958 г.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

0 şərh