Verner Heyzenberq

Verner Karl HeyzenberqVerner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Həyatı
Verner Heyzenberq 1901-ci ildə Vürzburqda Bizans tarixi professoru Avqust Heyzenberqin ailəsində anadan olmuşdur. Fizikanı Münhendə Zommerfildin rəhbərliyi altında öyrənmişdir. Universiteti cəmi üç ilə bitirmişdir. «Maye axınlarının stabilliyi və turbulentliyi“ mövzüsunda dissertasiya müdafiə edir. 1924-cü ildə Göttingendə Maks Bornun assistenti işləyir. Bir müddət isə Kopenhagendə Nils Borun yanında çalışır. Növbəti illərdə Maks Born və Paskual Yordanla birlikdə kvant mexanikasının ilk variantı olan matriks mexanikasının əsasını qoyur. 1927-ci ildə cəmi 26 yaşında Leypçiq universitetinin professoru təyin olunur. 1932-ci ildə isə fizika üzrə Nobel mükafatına layiq görülür. 1942-45-ci illərdə Kayzer Vilhelm adına fizika institutuna rəhbərlik edir və Berlin universitetində dərs deyir. Məhz Berlində ikən 3-cü Reyxin Silahlı Qüvvəlır İdarəsinin uran layihəsində iştirak edir. 1945-46-ci illərdə İngiltərədə saxlanıldıqdan sonra Almaniyaya qayıdır və Münhendə Maks Plank adına fizika institutunun direktoru təyin edilir.

Dahi fizik 1936-cı ildə Elizabet Şumaxerlə evlənir və yeddi övlad atası olur. Oğullarından biri- Martin Heyzenberq genetika professoru olur.

Elmi nailiyyətləri
Heyzenberq fizika elminin XX əsr inkişaf istiqamətini müəyyənləşdrmiş alimlər sırasında durur. Heyzenberq kvant mexanikasının müəlliflərindən biridir. Bundan əlavə o nüvə fizikası (elmə izospin anlayışını daxil etmişdir) və elementar hissəciklər fizikasına da əhəmiyyətli töhvələr vermişdir. Nüvədə nuklonların qarşılıqlı əlaqəsinin mübadilə xarakterini müəyyən etməklə atomun quruluşu nəzəriyyəsini daha da təkmilləşdirmişdir. Heyzenberq həmçinin relyavistik kvant mexanikası və sahənin vahid, qeyri-xətti nəzəriyyəsini də işləmişdir.

1925-ci ildə Nils Borla birgə kvant mexanikasının ilk variantı olan matriks mexanikasını işləmişdir. Bu mexanika sadə kvant sistemləri – xətti ossilyatorlar tərəfindən buraxılan spektral xəttlərin instensivliyini hesablamaq imkanı verir. Helium atomunun kvantomexanik hesabını verməklə bu atomun iki müxtətlif halda mövcud ola bilməsini sübut edir.

1927-ci ildə Heyzenberq qeyri-korpuskulyar və dalğavari təbiətli mikrohissəciklərin impuls və koordinatları arasındakı əlaqəni əks etdirən qeyri-möəyyənlik prinsipini irəli sürür. Kvant mexanikasında əldə etdiyi nailiyyətləri, daha dəqiqi hidrogen atomunun spektrinin kəmiyyətcə izah etməsinə görə Heyzenberq 1932-ci il fizika üzrə Nobel mükafatına layiq görülür. Bir il sonra isə fizik Maks Plank medalı ilə təltif olunur.

İkinci dünya müharibəsinin başlamasından sonra digər alman fizikləri kimi (məs. Otto Han və Karl Vayszekker) kimi Heyzenberq də 3-cü reyxin silahlı qüvvələri idarəsinə dəvət olunur. Nüvə layihəsi çərçivəsində Heyzenberq və digər alman alimləri qarşısında nüvənin bölünməsinin hərbi tətbiqiliyini öyrənilməsi məsələləri dururdu. Lakin Heyzenberq anlayır ki, müharibə müddətində atom bombasını yaratmaq almanlara müəssər olmayacaq. Ən azı ona görə ki, bu nəhəng maliyyə xərcləri tələb edirdi və Almaniya praktiki olaraq bu maliyyə ehtiyatlarına malik deyildi. Nüvə reaktorlarının hazırlanması isə bir qədər ucuz başa gələ bildiyindən və kütləvi qırğın silahı ilə əlaqədar olmadığından Heyzenberq və həmkarları bu problem üzərində çalışmağa başlayır. Belə bir səhv fikir mövcuddur ki, Heyzenberq atom bombasını əldə etmiş və məhz buna görə müharibə illərində Almaniyanı tərk etməmişdir.

Nasizm vaxtında Heyzenberq Ştark başda olmaqla „ari fiziklərlə“ konfliktə girir. Onlar Heyzenberqin nəzəriyyələrinə sadəcə nəzəri formallıq damğası vurmağa çalışır və bu nəzəriyyələrin Eynşteyn ruhunda hazırlandığını iddia edirdilər. Ştark 1937-ci ildə „Elmdə ağ yəhudilər“ adlı məqalə ilə çıxış edir və burada açıq-aşkar Heyzenberqə hücum çəkirdi.

Heyzenberq və həmkarları İkini dünya müharbəsindən sonra həbs olunur və bir müddət İngiltərədə əsirlikdə qalırlar.

Bir qədər sonra o Maks Plank adına fizika cəmiyyətinın direktoru seçilir və AFR hakimiyətinin elm siyasəti üzrə məsləhətçisi kimi çalışır.

Heyzenberq Leypsiqdə Saksoniya Elmlər Akademiyasına da üzv seçilir.

1957-ci ildə Heyzenrq və digər 17 nüvə fizikləri Almaniyada ordunun nüvə silahları ilə silahlanmasına qarşı çıxışlar edir.

Dahi fizikin tanınmış tələbələri arasına fizik və filosof K. Vayszekker, „hidrogen bombasının atası“ E. Teller, gələcək Nobel mükafatı lauretaı F. Blox və kimyaçı F. Hundu göstərmək olar.

Məşhur deyimləri
Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.

Yalnız çox az insan bilir ki, nə qədər çox bilmək lazımdır ki, nə qədər az bildiyimizi anlayaq.

Fizika ünsiyyətdən törəyir.

Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır.

0 şərh