Nyuton Isaak

Elm tarixində çox az adam tapılar ki, İsaak Nyutonla müqayisə olunsun, Elm yaradıcılıq aləmində, dünya elminin xəzinəsinə Nyuton qədər kəşflər, ixtiralar gətirən, fizika elmini inkişaf etdirən az adam tapılar. Nyuton((4.1.1643-31.3.1727) bir də ona görə dahidir ki, o, öz yaradıcılığı ilə təbiətin tədqiq olunmasında səmərəli metodlar və üsullar vermişdir.


İSaak Nyuton (Isaac Newton)Məşhur tarixi lətifələrin birində deyilir ki, payız günlərində Nyuton bağa gəzməyə çıxır. Alma ağacının yanından keçərkən təsadüfən budaqdan bir alma düşür. Almanın düşməsi onun diqqətini cəlb edir. Onun ağlına belə bir fikir gəlir ki, alma nə üçün kənara tərəf deyil, şaquli istiqamətdə Yerin mərkəzinə tərəf düşür? Görünür materiyanın, Yerin mərkəzində cəmlənmiş cazibə qüvvəsi var. Nyuton dərhal belə fikrə gəlir: Yer almanı cəzb etdiyi kimi alma da Yeri cəzb edir.
Cisimlərin Yerə düşməsini Nyutondan qabaq alimlər görmüşdülər. Bəs bu qanunu nə üçün onlardan biri kəşf etməmişdir? Deməli, Nyutonun yeniliyi görmə qabiliyyəti. istedadı, zəkası buna imkan vermişdir. Almanın budaqdan düşməsi, onun dərin biliyi, elmi dünyagörüşü, axtarmaq qabiliyyəti, uzun müddət fikirləşməsi ilə birləşərək ümumdünya cazibə qanununun kəşfinə səbəb olmuşdur.
İsaak Nyuton İngiltərədə Vulstorp kəndində çox da varlı olmayan fermer ailəsində anadan olmuşdur.
O, dünyaya gəlməmiş atası vəfat edib və 12 yaşına kimi onun tərbiyəsi ilə nənəsi məşğul olub. Əvvəlcə kənd məktəbində, 12 yaşı olanda isə Qrantam şəhər məktəbində oxumuşdur.
Nyutonun istedadını görən məktəbin direktoru, onun anasına məsləhət görür ki, onu universitetə oxumağa göndərsin. Yaxşı oxumaqla bərabər özü üçün oyuncaqlar da düzəldərmiş. Onun düzəltdiyi «yel» dəyirmanı olduqca maraqlı olub. Dəyirmanı külək deyil, buğdanın dalınca qaçan siçan işlədirmiş. O vaxt belə modellərə heç yerdə rast gəlinməzdi. Bu, balaca İsaakın ixtirası idi. İngiltərədə ilk dəfə olaraq uçan çərpələngi o düzəltmişdir. 14 yaşında Nyuton özügedən araba düzəldib. İxtiraçılıq istedadı, qurub-yaratmaq həvəsi onun başlıca xüsusiyyətlərindən sayılırdı. Kiçik yaşlarında Nyuton bütün həyatını elmə həsr etmişdir. Onun etdiyi ixtiralar və kəşflər müasirlərini heyrətə gətirirdi.
1660-cı ildə Nyuton Kembric universitetinə daxil olur. Universitetdə optikadan ona mühazirəni məşhur professor İsaak Barrou oxuyur. Elə bu vaxtlardan o, optika ilə maraqlanmağa başlamış, müəllimini böyük həvəslə dinləmiş və onun ən yaxın dostuna çevrilmişdir. 1665-ci ildə Nyuton universiteti bitirir və ilk alimlik dərəcəsi alır. Həmin ildə cümə xəstəliyi yayıldığından o, Kembricdən öz kəndlərinə gəlir. 1668-ci ildə Kembricə yenidən qayıdana kimi kənddə gərgin işləmiş və bir sıra kəşflər etmişdir.
Nyutonun ilk tədqiqatları optikaya aid olmuşdur. O, işığın dispersiyasını, difraksiyasını, interferensiyasını kəşf etmiş, güzgülü teleskop düzəltmiş, işıq şüası linzadan keçəndə alınan halqaları (Nyuton halqaları) müşahidə edib, onun elmi izahını vermiş, işıq dalğasının uzunluğunu hesablamış və işığın korpuskulyar nəzəriyyəsini vermişdir.

1666-cı ildə Nyuton günəş işığının ümumiyyətlə ağ işığın şüşə prizmadan keçərkən müxtəlif rənglərə parçalanmasını müşahidə etmişdir. Deməliyik ki, o vaxtlar prizmada işığın sınması, rəngin alınması məlum idi. Hətta alim Martsi bilirdi ki, hər rəngin özünə məxsus sınması var.
Lakin Nyuton birinci olaraq spektrləri hərtərəfli və dərin tədqiq etmiş və spektroskopiyanın əsasını qoymuşdur.
Nyuton cazibə qüvvəsinin təsiri ilə Ayın necə hərəkət etməli olduğunu hesablayır və müşahidə apararkən görür ki, hesablama Ayın hərəkəti ilə tamam düz gəlir. Bu kəşfləri ilə o, elmdə yeni istiqamətin - səma mexanikasının başlanğıcını qoymuşdur. Mərkəzəqaçma təcilinin riyazi ifadəsini də Nyuton vermişdir.
Yer ətrafı fəzada cisimlərin dövrə vura biləcəyi haqqında ilk fikri söyləyən Nyuton olmuşdur. Nyutona görə ən uca dağın başından cismə saniyədə 7.9 km sürət verilsə bu cisim Yer ətrafında dolana bilər. Lakin, Nyutonun dövründəki elm və texnika dahi alimin bu fikrini həqiqətə çevirə bilməzdi.
1668-ci ildə Nyuton xromatik aberrasiyadan xilas olan öz reflektorlu teleskopunu qurmuşdur. Həmin miniatür liliput - teleskopun uzunluğu 15 sm böyütməsi 40 dəfə olub. 1671-ci ildə Nyuton ikinci teleskopunu qurur və buna görə də onu London Kral cəmiyyətinə üzv seçirlər. 1669-cu ildə İsaak Barrou öz yerini - kafedra müdirliyini Nyutona verir və o, Kembric universitetinin professoru olur. Bundan sonra Nyuton cazibə məsələləri, optika və riyaziyyatla ciddi məşğul olur.
1673-cü ildən 1683-cü ilə kimi Nyuton Kembric universitetində cəbrdən mühazirə oxumuşdur. Riyaziyyat sahə­sində Nyuton Leybnislə birlikdə inteqral və diferensial hesabını işləmiş və onun adı ilə məşhur olan «Nyuton binomu» düsturunu vermişdir.
1687-ciildə Nyutonun ən böyük əsəri «Natural fəlsəfənin riyazi başlanğıcları» nəşr olunur. Burada Nyuton kütlə anlayışını, hərəkət miqdarı, qüvvə, təcil, mərkəzəqaçma qüvvəsi və klassik mexanikanın üç əsas qanunu. Ümumdünya cazibə qanununu geniş şərh etmiş, Günəş sisteminin dinamikasını işləmişdir. Bu əsərində o, eyni zamanda qabarma və çəkilmə hadisəsini, boşluq vasitəsilə təsirin bir cisimdən digərinə ötürülməsini də izah etmiş və bununla dünyanın fizika mənzərəsini qurmuşdur.
1699-cu ildə Nyuton Londona gəlir və Sikkəxananın direktoru təyin edilir. 1703-cü ildə o, Kral cəmiyyətinin Prezidenti seçilir. Ömrünün sonuna kimi bu vəzifəni şərəflə daşıyır.
Nyuton çox təvazökar alim olub. O, həmişə qeyd edirmiş ki, bütün kəşfləri üçün müəllimlərinə və alim yoldaşlarına borcludur. Ancaq onun təvazökarlığı arxasında yüksək vətəndaşlıq borcundan doğan şücaət gizlənirdi.
1687-ci ildə kral II Yakov Kembric universitetinə təklif edir ki, bir nəfərə elmi dərəcə versin. Universitet bu xahişi yerinə yetirməkdən imtina edib bu işi Londona Kral cəmiyyətinin heyətinə göndərir. Kralın etdiyi təzyiqdən bütün üzvlər həmin adama elmi dərəcə verilməsinə razı olduğu halda, yalnız Nyutonun prinsipiallığı və sərt xarakterinə görə Kral öz təklifini geri götürməyə məcbur olur.
Dahi alim 84 yaşında vəfat edir və Vestminster abbatlığında dəfn olunur. Qəbir daşı üzərində aşağıdakı sözlər yazılmışdır: «İşıq şüalarının rəngarəngliyi və rənglərin buradan alınan və o vaxta qədər heç kəsin xəyalına belə gəlməyən xüsusiyyətlərini tədqiq etmişdir».

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

4 şərh

aran
İlk dəfə işığın zərrəcik (korpuskulyar) təbiətdə olmasını söyləmişdir. Həmi dövrdə görkəmli alim Hügens işığın dalğa təbiətdə olduğunu söyləmişdir. Nyutonun nüfuzu böyük olduğu üçün alimlər Nyutonun nəzəriyyəsini qəbul etdilər. Soradan işığın ikili təbiətdə- dalğa və zərrəcik təbiətdə olması sübut alimlər tərəfindən olundu.
Aynur
Tamamilə doğrudur.Xristian Hüygens işığın dalğa nəzəriyyəsini irəli sürüb.İşığın ikili xarakteri olmasını isə üçüncü bir dahi olan Albert Eynşteyn deyib.
bankir
Bir dahi deyir ki işıq dalğadır.
Bir dahi deyir ki işıq zərrəcikdir.
Bir dahi də deyir ki ikiniz də nepravsınız:-)İşıq həm zərrəcikdir,həm də dalğa.
Aynur
Özü də hər üçü ən dahi fizik))