Amper Andre Mari

«Amper — elektrikin Nyutonudur»
C.K.Maksvell

Amper (22.1.1775-10.6.1836) — böyük fransız fiziki və riyaziyyatçısı olub, müasir elektrodinamikanın banilərindəndir. O, Lion şəhərində zadəgan ailəsində anadan olmuşdur. Onun atası mükəmməl təhsil alaraq, əvvəllər tacir olmuş sonralar isə Lion şəhərində Krallığın prokuroru vəzifəsində işləmişdir. Amperin atasının fransız alim və yazıçılarının, eyni zamanda Yunan və Roma klassiklərinin əsərlərindən ibarət zəngin kitabxanası olub.

Amper heç vaxt məktəbdə oxumayıb, atasının kitabxanasından istifadə edərək evdə təhsil alıb.

10-11 yaşlarında çoxlu fransız kitabları oxuyub, sonra isə atasının köməyi ilə latın dilini öyrənib. Amperin 14 yaşı olaanda əsas bilik mənbəyi kimi «Ensiklopediyanın 20 cildini oxuyub qurtarıb.»

Kiçik yaşlarından Amperdə riyaziyyata böyük maraq və meyl yaranmışdır. O, müstəqil olaraq elementar riyaziyyatın əsaslarına yiyələnmiş və ali riyaziyyatı demək olar ki, köməksiz öyrənmişdir. Eyni zamanda Amper təbiətşünaslıq elmlərini-fizika, kimya, botanikanı da müstəqil mənimsəmişdir. 1793-cü ildə atasının ölümü gənc Amperi sarsıdır. Ailəsini dolandırmaq üçün Amper əmək fəaliyyətinə evlərdə dərs keçməklə başlayaraq fizika, kimya, riyaziyyat və latın dilindən xüsusi dərslər keçir. 1801-ci ildə isə Burq-an-Bres şəhərində ştatlı müəllim işləməyə başlayaraq yaxşı fizika və kimya kabinəsi təşkil edir. Amperin riyaziyyata aid olan birinci əsəri görkəmli fransız alimləri olan Dalamber və Laplas tərəfindən çox yüksək qiymətləndirilib. 1805-ci ildən Amper Parisdə Politexnik məktəbdə işləməyə başlayır və bir qədərdən sonra riyazi analiz üzrə professor olur. Burada işləyərkən bir çox görkəmli alimlərlə əməkdaşlıq etmiş, Gey-Lüssaqla həyatı boyu dost olmuşdur.

Andre Mari AmperAmper maddənin quruluşu məsələləri ilə də məşğul olmuş, molekul anlayışının izahını vermişdir. O, maddənin atom nəzəriyyəsinin əsasını qoyanlardandır. Amper atomun quruluşu modelini təklif etmiş və atomun kürə formasında olduğunu söyləmişdir.

1814-cü ildə Amper Paris EA-ya üzv seçilir. Bu dövrdə o, riyazi metoddan istifadə etməklə mexanika və optika ilə bağlı olan problemləri tədqiq edir.

1820-ci ildə o, işığın sınmasına aid öz tədqiqatının nəticə­lərini nəşr etdirir, Avoqadrodan asılı olmayaraq elm tarixində birinci olaraq kimyəvi elementlərin təsnifatını vermişdir.

1820-ci ildə Ersted təcrübəsi ilə maraqlanan alimlərdən biri də Amper olmuşdur.

Ersted təcrübəsi Faradeyi kimyadan ayırdığı kimi Amperi də riyaziyyatdan ayırmışdır. Ersted təcrübəsini eşitdikdən sonra Amper eksperiment aparmağa başlayır və bir həftədən sonra yeni nəticələr alır. 1820-ci ilin sentyabrında öz nəticəsi barədə Paris EA-nın iclasında məlumat verir. O, Ersted təcrübəsinin səbəbini elmi cəhətdən izah edir. (Ersted özü bunun səbəbini səhv izah etmişdir). Amper göstərir ki, maqnit əqrəbinə yalnız cərəyanlı naqil deyil, eyni zamanda «Volta sütunu» da təsir göstərir.

Hərtərəfli bilik Amperə, 45 yaşında yeni hadisələrin dərinliyinə getməyə imkan verdi. 1820-1826-cı illər alimin elektromaqnetizm hadisəsini öyrəndiyi illərdir. O, saysız-hesabsız təcrübələrdən sonra nəzəri ümumiləşdirmələr apar­mışdır. Amper elektrik və maqnit hadisələri haqqında təlimin əsasını qoymuş və onu «elektrodinamika» adlandırmışdır. Nyutona oxşar olaraq o, elektrodinamikanın əsasını təşkil edən uzağa təsir qüvvəsinə aid qanun kəşf etmişdir.

Amper maqnetizmə aid ilk nəzəriyyənin yaradıcısıdır. Həmin nəzəriyyəyə görə maqnit hadisələrinin elektrik hadisələri ilə əlaqəsini müəyyən edərək iki qrup hadisəni-maqnit və elektrik hadisələrinin qarşılıqlı əlaqəsini göstərmişdir. Amperə qədər həmin hadisələr bir-birindən fərqli hadisələr kimi öyrənilirdi.

Amper, maqnit sahəsindəki cərəyanlı naqilə bu sahənin təsirini və ya iki cərəyanın qarşılıqlı təsir qanununu kəşf etmiş; elektrik cərəyanının istiqaməti ilə onun yaratdığı maqnit sahəsinin istiqaməti arasında asılılığı tapmış; maddənin maqnit xassələrini izah etmək üçün maqnitin külli miqdarda elementar maqnitlərdən təşkil olunduğunu və hər bir elementar maqnitə daxilində qapalı elektrik cərəyanı axan molekul kimi baxmaq hipotezini irəli sürmüşdür. Amper Yer maqnetizminin təbiətini öyrənərək izah edir ki, Yerin maqnit sahəsinə səbəb Yer qabığında axan qapalı cərəyandır.

Paralel naqillərlə apardığı təcrübədən Amper müəyyən edir ki, paralel qoyulmuş iki naqildən cərəyan axarkən, onlar bir-birinə mexaniki qarşılıqlı təsir göstərir. Sonra xüsusi cihaz qurmaqla o, cərəyanın qarşılıqlı təsirini tədqiq edir. Amper iki cərəyan elementi üçün qarşılıqlı təsir qüvvəsini riyazi hesablamışdır.

(F = l 1B sin α)

1820-ci il oktyabrın əvvəlində Amper bu kəşfi barədə məlumat verir, ayın axırında isə sabit maqnitin və yer maqnetizminin təsiri ilə cərəyanlı naqilin müəyyən istiqamətə yönəldiyini aşkar edir.

Naqildə elektrik cərəyanını aşkar etmək və onun istiqamətini təyin etmək üçün cihazdan istifadə edilməsini Amper təklif edir və bu cihazı qalvanometr adlandırır. O, eyni zamanda cərəyanın istiqaməti olaraq müsbət yükün hərəkət istiqamətini götürməyi qəbul etmişdir.

«Elektrik cərəyanı», «elektrik cərəyanının istiqaməti», «Solenoid» və s. terminlər Amperə məxsusdur. Araqo ilə birlikdə Solenoidə daxil edilmiş polad içliyin maqnitlənməsini Amper öyrənmişdir.

Maqnit qütbünün adını Amper dəqiqləşdirmişdir. Amper bunlarla yanaşı ehtimal nəzəriyyəsi, variasiya hesabının mexanika məsələlərinə tətbiqi və riyazi analiz sahəsində də dəyərli tədqiqatlar aparmışdır.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

0 şərh