Leonardo da Vinçi

«O, günəşli zirvədir. Bu zirvə
bütün qitələrdən aydın görünür.
Bu zirvə fəthedilməzdir.
Leonardo da Vinçiyə eşq olsun»

S. Vurğun

Dünya mədəniyyəti tarixinə Leonar­do rəssam kimi daxil olmuşdur. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli əsərlərindən hesab edilir.
Leonardo Florensiyanın yaxınlığındakı Vinçi şəhərciyində varlı notarius ailəsində anadan olub. O, kiçik yaşlarından rəssamlığa böyük maraq göstərirmiş. Rəssamlıq sahəsində onun ilk müəllimi Florensiya rəssamı Andrya del Verrokkio olmuşdur. 1472-ci ildən 1482-ci ilə kimi Leonar­do Florensiyada yaşayıb-yaratmış, sonra isə Milan şəhərinə köçmüşdür. 1499-cu ildə Milan Fransızlar tərəfindən zəbt olunanda O, Florensiyaya qayıtmışdır.
1516-cı ildə Fransa kralının dəvəti ilə o, Fransaya köçmüş və 2 may 1519-cu ildə vəfat etmişdir.
Leondardo da Vinçi-ən böyük dahiLeonardo universitet alimi olmamış, həyatı boyu hər şeyi bilmək istəyən və öz-özünə öyrənən olmuşdur. O, 20 yaşında ilk «Mələk» adlı əsərini yaratmışdır. Leonardonun işləri elm və mədəniyyət tarixində gurultulu mənaya malikdir. Onun yaradıcılığı orta əsrdə köhnə mədəniyyət əvəzində yenisinin yaranmasına səbəb olmuşdur.
O, Qaliley, Dekart, Kepler, Nyuton və başqa təbiətşünaslığın əsasını qoyanların həqiqi sələfi olmuşdur.
Leonardo da Vinçi böyük heykəltəraş, rəssam və memar olmaqla həm də böyük alim: riyaziyyatçı, fizik, mexanik, mühəndis və astronom, fizioloq və nəbatatçı, musiqişünas olmuşdur.
O, hərbi-mühəndis işləri sahəsində, hidrotexnikada ixtiralar etmiş, fizikaya aid cihazlar, mexaniki qurğular yaratmış, paraşütün ideyasını vermiş, uçan aparatlar üzərində işləmişdir. Leonardo mexanikanı «riyazi elmlərin cənnəti» adlandırmış və dünya sirlərinin əsas açarı hesab etmişdir.
İnsan və heyvan orqanizminin quruluşu və həyat tərzi ilə də maraqlanmışdır. Gözü anatomik cəhətdən öyrənib və onun modelini qurmuş, quşların uçmasını öyrənmək üçün çoxlu çertyojlar çəkmişdir.
O, təbiət hadisələrinin eksperimental metodla tədqiq olunmasının tərəfdarı idi. Təcrübəni dəfələrlə təkrar etməyi vacib sayan, onun qüdrətinə böyük inamı olan Leonardo demişdir:
1. Ola bilsin ki, hər hansı təsadüfi kənar amillər təcrübənin gedişinin doğruluğuna təsir edib, eksperiment aparanı aldadar.
2. Təcrübəyə əsaslanaraq təbiəti öyrənməklə yaxşı nəticə əldə etmək olar.
3. Fiziki biliklərin mənbəyi təcrübədir.
4. Hadisə təcrübə vasitəsilə yoxlandıqdan sonra həqiqət sayılar.
5. Təbiətin sehrli hadisələrinin izahedicisi təcrübədir.
6. Təcrübə heç zaman səhv etmir, yalnız sizin mühakimələriniz səhv edir.
Leonardo, işıq qüvvəsinin məsafədən asılı olmasını, mexa­niki zərbənin və cisimlərin düşməsinin qanunauyğunluğunu, üfüqi atılmış cismin hərəkət trayektoriyasını öyrənmişdir.
O, birləşmiş qablarda mayelərin tarazlığını təsvir etmiş və mayelərdə təzyiqin ötürülməsi qanununun kəşfinə çox yaxınlaşmışdır.
Leonardo da Vinçi sürüşmə sürtünmə əmsalını təcrübədən alman məlumatlar əsasında təyin etməkdə ilk addım atmışdır. Maşın və mexanizmlərdəki sürtünmə problemini həll etməklə o elmə qiymətli hədiyyə gətirmiş, birinci olaraq mühəndislik işlərinə sürtünmə əmsalı anlayışını daxil etmiş­dir. Onun çertyojlarından məlum olur ki, indiki diyircəkli yastıqların ideyasının müəllifi Leonardo da Vinçidir.
Leonardo yazmışdır: «Sürtünmə qüvvəsi toxunan səthlərin materialından və səthlərin hamarlıq dərəcəsindən asılı olub, toxunan səthlərin sahəsindən asılı deyildir; o, yükün çəkisi ilə düz mütənasibdir, yağlanmaqla və diyircəkli yastıqların köməyi ilə azaldıla bilər.» Eyni zamanda konusvari yastıqlar ixtira etməklə yanaşı «Daimi mühərrik» qurmağın mümkün olmamasını söyləmişdir.
Leonardo öz təcrübələrindən belə bir qanun müəyyən etmişdir: «Hər bir ağır cismin çəkiyə görə yaratdığı sürtünmə müqaviməti, həmin çəkinin 1/4-nə bərabərdir». Bu, müasir dövrdə hesablanmış sürtünmə əmsalının orta qiymətinə yaxındır.
Leonardo da Vinçi texnikanın müxtəlif sahələrinə aid olan çoxlu layihələrin müəllifidir. Bu layihələr: uçan aparat­lar, toxucu dəzgahları, metallurgiya sobaları, yayma stanları, hidravlik maşın və çap maşını, şüşəni, qabarıq güzgünü və eynək şüşəsini cilalamaq üçün qurğudan ibarətdir.
Leonardoya qədər insanlar işıq üçün alovdan istifadə ediblər. O, alovu metal boru ilə dövrəyə almaqla işıq texnikasını xeyli təkmilləşdirmişdir. Qeyd etmək lazımdır ki, me­tal borunu şüşə ilə əvəz edənə kimi təxminən 300 il keçmişdir.
Müşahidəçilik qabiliyyəti və iti təfəkkürü ona imkan vermişdir ki, o, maraqlı müşahidələr və təcrübələr aparıb bir sıra məsələləri və anlayışları öyrənib formalaşdırsın. Belə ki, Leonardo səsin və suda əmələ gələn dalğaların mühüm xassələrini öyrənmişdir. O, müəyyən etmişdir ki, istər səs dalğası və istərsə də suda yaranan dalğalar bir-birinə mane olmadan yayılır /Superpozisiya prinsipi/.
Leonardo havada uçma ilə maraqlanmış, paraşütün quruluşunu vermiş, müxtəlif qurğularda lingin tarazlıq şərtlərini tədqiq etmiş, qüvvə momenti anlayışından istifadə etmiş, mail müstəvidə yükün tarazlığını və hərəkətini öyrənmişdir.
Biz Leonardonun yaradıcılığının əhatə etdiyi sahələrlə qısaca tanış olduq. Bu sahələrin hər biri bir adamın yüksək şöhrət qazanmasına kifayət edər. Lakin Leonardo İntibah dövründə öz dərin zəkası və əməyi sayəsində çoxsahəli yaradıcılığı ilə elm və mədəniyyətin bir çox sahələrində məşəl kimi şölə saçmışdır.
Leonardo da Vinçinin qeydlərində incəsənət haqqında müdrik fikirlər, dağların mənşəyi haqqında ehtimallar, ulduzlar və başqa səma cisimləri haqqında düşüncələr, müxtəlif maşın çertyojları vardır.
Qeyd etməliyik ki, Leonardo da Vinçinin 7 minə qədər əlyazması gəlib bizə çatmışdır. Bu yazılardan birində o, Yerin fırlanmasını təsvir edir ki, bu Kopernikin kəşfindən 40 il əvvəldir.

Mənbə Görkəmli fiziklər kitabı
Müəllif Fərhad Hacıyev
 
loading...

8 şərh

təpəgöz
deyilənə görə o yazılarını tərsinə yazırmış.
Aynur
Tərsinə yazmaq deyəndə ki,yəni sağdan sola yox,güzgü kimi.Yəni hərflərin özünü əks yazırmış. ona görə onun çox yazılarını oxuya bilmirlərmiş.Sonralar isə bu dahinin istedadı bir təsadüf nəticəsində tapılıb.
fidan
Bəs Cokonda? Bəs onun rəsmləri? Bunlar barədə niyə yazılmıb?
Aynur
Bloqun adı görkəmli fiziklərdi.ona göre fiziki kəşflər haqda yazılıb onun rəsmləri haqda yox
Leyla
Leonardo evli olmub.Onun qadınlarla münasibəti haqda bir şey məlum deyil.Yəqin ki,nə demək istrədiyimi başa düşdüz=) Bəlkə ona görə o belə ağıllı olub?
bankir
təklif edirsiz ki,dahi olmaq üçün homoseksualist olaq?
ramzes
mövzuda da yazıldığı kimi o daim fikirləşib, universitet təhsili almıb,  bəyəm insan ömrü boyu sekslə mışğul olur ki, seks onun vaxtını ala?
2ral
Dünyada hazırda ən baha kitab müəllifi Leonardo da Vinçi olan Lester kodeksi (Codex Leicester, Лестерский кодекс) kitabıdır.72 səhifəsi olan bu kitab 1994-cü ildə Bill Gates tərəfindən 30.8 milyon dollara alınmışdır.Sonra o kitabın səhifələri skanerlə üzü köçürülüb.Hər il dünyanın bir şəhərində o kitab nümayiş olunur.Kitabın bəzi şəkillərinə burda baxa bilərsiniz.