Andre-Mari Amper

Andre-Mari Amper Lion şəhərində, zadəgan ailəsində anadan olub. Gəncin istedadı tez bir zamanda üzə çıxıb: o, qeyri-adi yaddaşa malik olub və təhsili ilə, demək olar ki, özü məşğul olub. 1793-cü ildə inqilab zamanı atasının qilyotində ölümü onun üçün böyük sarsıntı olub.

Gələcək fizik 14 yaşında 28 böyük kitabdan ibarət olan fransız “Ensiklopediyasının” bütün cildlərini oxuyub. Paskal kimi Amper də əvvəlcə riyaziyyatla maraqlanıb və konusşəkilli kəsik nəzəriyyəsinə dair traktat yazıb.

Amper Burkan-Bre şəhərinin Mərkəzi məktəbində fizika professoru təyin olunana qədər riyaziyyat fənnindən dərs deyib. “Oyunların riyazi nəzəriyyəsinə” adlı elmi işi dərc olunandan sonra o, London Universitetinin fizika kafedrasına dəvət olunub. Burada alim daha bir sarsıntı keçirib. Sevimli həyat yoldaşının ölümü ömrünün sonuna qədər ona əziyyət verib.

Həyat yoldaşını itirdikdən sonra Amper Parisə köçüb və ömrünün ikinci hissəsini burada keçirib. 1808-ci ildə Amper İmperiya Universitetinə baş müfəttiş təyin edilib. Alimin Jan-Jak Amper adlı oğlu sonradan Fransa ədəbiyyatının ən məşhur tarixçilərindən biri olub.

Amperin elmi maraqları öz genişliyi ilə fərqlənir. Elektrik nəzəriyyəsindən başqa, o, psixologiya, etika və biologiya ilə məşğul olub.  Amper italiyalı kimyaçı Amedeo Avoqadrodan müstəqil olaraq qazların molekulyar quruluşu nəzəriyyəsini təklif edib. O da, Avoqadronun nəzəriyyəsi kimi əvvəlcə alimlərin əksəriyyəti tərəfindən inkar edilsə də, yalnız 50 ildən sonra elmə daxil olunub.

1820-ci ildə danimarkalı fizik H.Ersted elektromaqnetizm hadisəsini kəşf edir. Onun Fransa Akademiyasının iclasında təqdim etdiyi sınaqlar ümumu diqqətə səbəb olur. Lakin Ersted hadisəyə heç bir izahat vermədən onu yalnız nümayiş etdirir.

Artıq Akademiyanın növbəti iclasında özü tərəfindən yaradılan cərəyanların qarşılıqlı əlaqəsi barədə təsəvvür əsasında Amper elektromaqnetizm hadisəsinin fiziki izahını təqdim edir. Çoxsaylı eksperimentlər nəticəsində Amper cərəyanın gücündən və məsafəsindən asılı olaraq maqnit və keçiricinin qarşılıqlı əlaqəsini təsvir edən düsturu təqdim edir.

Növbəti iş siklində o, fizikada yeni – elektrodinamika istiqamətinin praktiki olaraq əsasını qoyur. Amper elektrik cərəyanı və maqnetizmin vahid mahiyyətə malik olması barədə nəticəyə gələn ilk alimlərdən olub. Keçiricinin maqnit sahəsində hərəkəti haqda elmi işləri vacib ixtiraya – elektrik mühərrikinin kəşfinə zəmin yaradıb.

Amper Yerin maqnit sahəsində hərəkət edən keçiricidə elektrik cərəyanının yaranmasını göstərərək maqnitometriyanın əsasını qoyur. O da, Nyuton kimi nəzəri quruluşları təkzibolunmaz eksperimentlər üzərində əsaslandırır. Bu metodologiya, həmçinin onun elmə verdiyi töhfələrdən biridir.

Həyatda çox sınaqlardan keçsə də, Amper mehriban, həyatsevər və xeyirxahlığı ilə diqqət çəkib. Onun evi çoxsaylı dostlarının və tələbələrinin üzünə hər zaman açıq olub. Dahi alim təftiş səfərlərinin birində soyuqlayaraq pnevmoniyadan dünyasını dəyişib. Ağ ciyərin iltihabı həmin zamanlar antibiotiklərlə müalicə olunmadığı üçün bu xəstəlikdən ölüm halları yüksək idi.

Amper 1830-cu ildə “kibernetika” terminini elmi dövriyyəyə daxil edib. Elektrik cərəyanının güc vahidi alimin şərəfinə “amper”, müvafiq ölçü cihaz isə “ampermetr” adlandırılıb. 

portal.azertag.az

0 şərh