Lomonosov Mixail Vasilyeviç

M.V. Lomonosov Rusiyada elmin bünövrəsini qoyan dahi alim, rus xalqının fəxri və maarifpərvəridir.
O, 1711-ci ildə Arxangelski vilayətinin Xolmoqor qəzasının Denisovka kəndində balıqçı ailəsində anadan olub. Kiçik yaşlarından anadan məhrum olan Lomonosov(Михаил Васильевич Ломоносов) 10 yaşından dənizdə balıq tutmaqda atasına kömək etmişdir. Atası ilə həmişə dənizə səyahətə çıxarkən o, təbiətin rəngarəngliyi ilə maraqlanarmış, gördüyü müxtəlif hadisələr /Qütb parıltısı, buz dağları və s./ onu düşünməyə məcbur edirmiş. O vaxtlar insanlar belə təbiət hadisələrini izah edə bilmirdilər. Atasının zəhmətinə şərik olan Lomonosov işdən sonra boş vaxtlarında həmişə kitab oxuyarmış. Xüsusilə Smotritskinin «Slavyan qrammatikası» və Maqnitskinin «hesab» kitablarını oxuması, onda elmə böyük maraq və meyl yaratmışdır.


Maqnitskinin «hesab» kitabında /1703-cü il nəşri/ hesabdan başqa həndəsə, fizika, coğrafiya, astronomiya və s. haqqında geniş məlumat olub. Elmə olan böyük maraq onu 1730-cu ildə Moskvaya getməyə məcbur edir. M.V. Lomonosov 3 manat pul ilə arabada balıq aparan adamlara qoşulub Xolmoqordan Moskvaya piyada təhsil almağa gedir.
1731-ci ildə Lomonosov özünü Xolmoqor zadəganının oğlu kimi qələmə verərək «Slavyan-yunan-latın» akademiyasına daxil olur. O, özünü ona görə zadəgan oğlu adlandırmışdır ki, kəndli balalarını həmin məktəbə qəbul etmirdilər. Qəbul olduğu ilk gündən o, özünü bacarıqlı və istedadlı tələbə kimi aparmışdır. Oxuduğu müddətdə onun maddi və mənəvi cəhətdən olduqca çoxlu ehtiyacı olmuşdur. Bu barədə öz təəssüratlarında belə yazır: «... danışılması mümkün olmayan kasıbçılıq: hər gündə 3 qəpik pul xərcləyirdim. Bu yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə yeməyə, kağıza, geymək şeylərinə və s. böyük ehtiyacım olsa da buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım.»
Lomonosov Moskvada oxuyarkən hiss edir ki, burada təbiətşünaslığı yaxşı öyrənə bilməyəcək. Ona görə 1734-cü ildə Kiyev ruhani akademiyasına oxumağa gedir. Burada da Lomonosov görür ki, səthi bilik verilir və «Aristotel fəlsəfəsi» təlim olunur. Ona görə yenidən Moskvaya qayıdır.
1735-ci ildə akademiyanı qurtaranlardan 12 tələbə, o cümlədən Lomonosov Peterburqa, gimnaziyada oxumağa göndərilir.
1736-cı ilin yanvarın 1-də Lomonosov Peterburqa gəlir, həmin ilin avqust ayında isə təhsilini davam etdirmək üçün Almaniyaya göndərilir. O, iki il yarım orada oxuyur və məşhur alim Xristian Vulfun yanında olur. Bu dövrdə Lomo­nosov riyaziyyatı və mexanikanı, fizikanı və kimyanı, alman və fransız dillərini və bir çox ümumtəhsil fənlərinin əsaslarını öyrənir. Vətənə qayıtdıqdan sonra Xristian Vulfun fizika kursu kitabını rus dilinə tərcümə edir. Bu kitab rus dilində birinci fizika dərsliyi olub.
Tərcümə zamanı Lomonosov, elmi rus dilinin kasıblığı ilə rastlaşır. Dərin zəkalı gənc alim öz yaradıcılığı ilə çətinlikləri aradan qaldırır, rus dilini yeni sözlərlə zənginləşdirir. Ona görə də rus elmində terminologiyanın əsasını qoyan və hazırda işlətdiyimiz sözlərin bir çoxunu ədəbiyyata daxil edən Lomonosov olmuşdur. Məsələn, fizika, termometr, düstur, porşen, elastiklik, sferik, atmosfer, barometr, şüanın sınması, maqnit qütbü və s.
M.V.Lomonosov 1742-cı ildən Peterburq Elmlər Akademiyasında işləməyə başlayaraq təbiətşünaslığa aid mühüm tədqiqatlar aparır. O, böyük çətinliklə Rusiyada birinci kimya elmi-tədqiqat laboratoriyası açmağa nail olur. Burada tədqiqat işlərinin səmərəli yerinə yetirilməsi elm tarixində birinci olaraq Lomonosova təbiətin mühüm qanunu materiya və hərəkətin saxlanması qanununun düzgün ifadəsini verməyə imkan vermişdir.
O, sübut etmişdir ki, təbiətdə heç bir şey itmir və birdən-birə heç nədən əmələ gəlmir, yalnız bir şəkildən başqa şəkilə keçir. Bu qanun maddə kütləsinin itməməsi qanunudur.
Qeyd etmək lazımdır ki, Lomonosov Lavuazedən 40 il əvvəl maddənin itməməsi qanununu kəşf etmişdir. Lakin onu əhatə edən mühit və şərait onun kəşfinin yayılmasına maneə olduğuna görə həmin qanun uzun müddət Lavuaze qanunu adlandırılırdı.
Lomonosov təbiət hadisələrinin izahına materialistcəsinə yanaşmış, hadisələri qeyri-elmi, dini nöqteyi-nəzərlə izah edənlərə qarşı mübarizə aparmışdır. O, qütb parıltısı, ildırımın əmələ gəlməsi, istiliyin təbiəti və s. hadisələrin elmi izahını vermişdir. Rixmanla birlikdə elektrik hadisələrini öyrənmiş, xüsusilə atmosfer elektrikini və onun yaranması nəzəriyyəsini yaratmışdır.
Qədim yunan alimlərinin maddənin quruluşu haqqındakı fikirlərini Rusiyada inkişaf etdirən Lomonosov olmuşdur. M.V.Lomonosov öz əsərlərində («havanın elastik qüvvə nəzəriyyəsi», «istiliyin və soyuqluğun təbiətinə dair mühakimə», «cismin bərk və maye halı haqqında» və s.) «termogen» və «flogiston» kimi səhv fərziyyələri tənqid etmiş, istiliyin təbiətini atom-molekul nəzəriyyəsi əsasında ilk dəfə düzgün şərh etmişdir. O, atom və molekul terminləri əvəzində element və korpuskul terminini işlətmişdir. Lomonosova görə istiliyin mahiyyəti cismi təşkil edən hissəciklərin hərəkətinin nəticəsidir.
Lomonosov 100-ə yaxın müxtəlif: fiziki, meteoroloji, kimyəvi və s. cihazlar hazırlamışdır. O, elektrik boşalmasını göstərən, küləyin sürətini və istiqamətini təyin edən, cismin bərkliyini təyin etmək üçün cihazlar, cisimləri aşağı və yuxarı təzyiqlərdə tədqiq etmək üçün qazan, qaz barometri, termometr və s. düzəltmişdir. İşığın dalğa nəzəriyyəsinin tərəfdarı olmuş, reflektorlu teleskop qurmuşdur. 1754-cü ildə Lomonosov termometr və başqa cihazları çox yüksəkliyə qaldırıb oradakı şəraiti öyrənmək üçün «aerodinamik maşın» qurmuşdur.
Rusiyada elmin inkişafı xatirinə universitet açılmasının tərəfdarı olmuş və plan hazırlanarkən təkidlə tələb etmişdir ki, ora zadəganlarla yanaşı kasıbların da uşaqları qəbul edilsin. 1755-ci ildə onun layihəsi üzrə Moskvada ilk uni­versitet açılmışdır və hazırda böyük alimin adını daşıyır.
1756-cı ildə o, baxış borusu qurur, gecələr səmanı müşahidə etməyə başlayır və 1761-ci ildə Venera planetinin atmosferi olduğunu kəşf edir. 1763-cü ildə yazmış olduğu «Yer təbəqələri haqqında» əsərində daş kömürün, torfun və şistin əmələ gəlməsini izah etmişdir.
«Qədim Rus tarixi» əsərini yazmaqla Lomonosov müasir rus ədəbi dilinin əsaslarını qoymuşdur. Ümumiyyətlə desək elmin bütün sahələrinə aid O, bir sıra gözəl, qiymətli elmi və tədqiqat əsərləri yazmışdır. Ona görə A.S.Puşkin çox haqlı demişdir ki, «Lomonosov özü bizim ilk universitetimiz olmuşdur».
Şüşə və çini sənayesi, rəngli şüşə istehsalı, boyaq hazır­lanması və s. sahələrin Rusiyada yaranması Lomonosova məxsusdur.
Lomonosovun ən böyük arzularından biri Rusiyanı savadlılar ölkəsinə çevirmək və gələcəkdə xalq içərisindən görkəmli alimlərin yetişdirilməsi idi.
V.Q.Belinski Lomonosovun fəaliyyəti dövründə onunla qarşılaşan çətinliklər və maneələrin olduğunu hiss edərək demişdir «... Ey gənc dahi, sən öz yolunla get, öz böyük əməllərinə doğru irəlilə. İnsanlarla vuruş, bu insanların səadəti naminə onlardan əziyyət gör, varlının əlini sıx, məmurların qarşısında başını əyib təzim et, lakin bunu onlar üçün və özün üçün yox, sevimli vətəndə elmi yaymaq xatirinə et və unutma ki, bu sənin üçün bir vəzifə deyildir, bu sənin tərəfindən verilmiş bir qurbandır».

«Fizika kimyanın sağ əli riyaziyyat isə onun gözləridir».
M.V. Lomonosov

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

2 şərh

rokfeller
Из академической биографии известно, что по прошествии первого полугодия он был переведён из нижнего класса во второй, и в том же году — в третий. Через год, в достаточной мере овладев латынью, и будучи уже способен на латинском сочинять небольшие стихи, начал учить греческий.
Heyrətlidir.
Aynur
Halaldır Lomonosova