Maykl Faradey haqqında

Məşhur ingilis A.Amper deyib: «M.Faradey — böyük fizikdir», F.Engels — elektrik sahəsində nəhəng tədqiqatçı adlandırmışdılar. Görkəmli rus alimi A.Q.Stoletov M.Faradeyin xidmətlərini çox yüksək qiymətləndirərək demişdir: «Qaliley dövründən indiyə qədər bir başdan çıxan bu qədər rəngarəng kəşflər olmamışdır.»
Elmin korifeylərindən olan M.Faradey haqqında məşhur fransız kimyaçısı akademik J.Dümanın xatirələri belədir: «Faradey ortaboy, diribaş, xoştəbiət, itibaxışlı bir adam idi, yeyin və inamla yeridirdi, çox böyük eksperiment aparmaq məharəti vardı. Dəqiqliyi və səliqəni çox sevirdi. Var qüvvəsini işə vermişdi. Onun bütün günü laboratoriyada keçirdi. Səhər laboratoriyasına gəlir və axşam gününü kontorda keçirmiş, tacir dəqiqliyi ilə işdən gedirdi. Faradey bütün həyatını yeni-yeni təcrübələrə sərf edirdi. Faradey təbiətin gözəlliklərini rəssam kimi başa düşür, alim kimi təhlil edir, onlardan şair kimi vəcdə gəlirdi. Baxışları, sözləri və hərəkətləri sıx əlaqədə olduğunu qabarıq göstərirdi.»
H.Devi «Elektrik üzrə eksperimental tədqiqatlar» adlı əsəri ilə böyük şöhrət qazanan «Fiziklərin padşahı» adlandırılan Maykl Faradeyi (1791-1867) aşkara çıxarmağı özünün ən böyük kəşfi hesab edirdi.
Beyin damarlarının aterosklerozu nəticəsində 65 yaşında məşhur ingilis fiziki M.Faradeyin yaddaşı o qədər pozulmuşdur ki, bir gün əvvəl eksperimentdən sonra hansı nəticələrə gəldiyini yadına sala bilmirdi. Bu hələ bir yana qalsın, aldığı nəticələri dəqiq yazmaq da ona kömək etmirdi. Çünki o, fikrini hansı hərflərlə yazacağını belə yadına sala bilmirdi, unudurdu.
Faradeydən soruşanda ki, siz belə böyük nəticələrə necə nail olmuşsunuz? O, cavab vermişdi: «Mən ardıcıl, mütəmadi və ciddi şəkildə işləyirəm, aldığım nəticələri ümumiləşdirərək qısa və dürüst şəkildə çap etdirərəm. Bütün sirr bundan ibarətdir.»
M.Faradey 13-14 yaşlı yeniyetmə ikən fransız mühaciri C.Ribonun kitab mağazasına işə girir. 7 il ərzində cildçi peşəsinin incəliklərinə yiyələnir. Hər halda gənc Mayklın bəxti gətirmişdi. Onun kifayət qədər kitab oxumaq üçün imkanı var idi. Əvvəllər o, yalnız cildləmək üçün ona verilən kitabları mütaliə edirdi. Oxuduğu kitablardan böyük alimlərin — Nyutonun, Qalileyin, Kopernikin, Leonardo da Vinçi və başqalarının adını öyrənmişdi. Sonralar onu «Britaniya ensiklopediyası»nda elektrikə dair elmi məqalələr maraqlandırmağa başladı. Bir də xanım Marsenin «Kimyadan söhbətlər» adlı 3 cildlik kitabı Faradeyin əlinə keçir. Bu kitab ona böyük təsir bağışlayır. M.Faradey vaxt tapıb fizik Tatumun pullu mühazirələrinə də gedirdi. Bir dəfə Faradeyin yaxın dostlarından biri onu London Kral İnstitutuna H.Devinin kimyadan növbəti mühazirəsinə dəvət edir. Devi əla mühazirə oxuyur, dedikləri ilə əlaqədar kimyadan maraqlı təcrübələr edirdi. Faradey mühazirələri diqqətlə yazır, sonra ona cild çəkirdi. Nəhayət onun yazdıqları gözəl bir kitaba çevrilir. Kitaba Faradey belə bir avtoqraf yazır: «Qoy bu kitab Devinin ecazkar mühazirələri haqqında mənim qəlbdən gələn sevincimin təzahürü və əziz xatirəsi olsun.»
Görkəmli ingilis fizikaşünası M.Faradey elektrotexnika sahəsindəki kəşfləri ilə yanaşı kimya sahəsində də az iş görməmişdir. Belə ki ilk dəfə xloru mayeləşdirən məhz M.Faradey olmuşdur.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

0 şərh