Tomas Yunq

Bəşəriyyət tarixində yetişmiş elm dahilərindən biri olan T.Yunq İngiltərənin kiçik Milverton şəhərində anadan olub. Yunqun yaradıcılığı da onun kiçik yaşından elm aləmində irəliləməsi kimi təəccüblüdür.
İki yaşında Yunq artıq cəld oxuyub, dörd yaşında bir çox İngilis yazıçılarının əsərlərini və latın şerlərini əzbərdən bilirmiş. 6 yaşında ədəbiyyat oxumuş, 8 ya¬şında isə yer ölçmə məsələləri ilə maraqlanmış, hündürlük və mə¬safələri təyin etməyi öyrənmişdir. 9 yaşından 12 yaşına qədər Yunq Kompton pansionunda professor Tomsonun yanında yaşamışdır. Bu dövrdə Yunq Roma və Yunan klassiklərini, Fransız, İtalyan və s. dilləri öyrənmişdir. 14 yaşında T.Yunq 10-a qədər dil bilirmiş. O, Botanika ilə daha çox maraqlanmış, özü mikroskop qurmaq üzərində fikirləşmişdir. Nəhayət Yunq təbabət sahəsində işləməli olur. O, London, Edinburq, Leypsiq şəhərlərində təbabət sahəsində elmi iş üzərində işləmiş və 1795-ci ildə 22 yaşında təbabət elmləri doktoru olmuşdur. Buradan oxucuya məlum olur ki, doğrudan da Yunqun uşaqlıq dövründəki qabiliyyəti paradoksaldır.
Yunq, 1793-cü ildə fizioloji optika sahəsində «görmə prosesləri üzərində müşahidə» adlı əsərini çap etdirib, o vaxt mübahisəli və aydın olmayan akkomodasiya problemini işləyib hazırlamışdır. Sonra Yunq dalğa optikası problemləri ilə məşğul olur. 1800-cü ildə dalğaların superpozisiya prinsipini verib, 1801-ci ildə işığın interferensiyasını dürüst ifadə etmiş¬dir. «İnterferensiya» terminini elmə Yunq daxil edib /1803/. 1801-ci ildən 1804-cü ilə kimi Yunq Kral institutunda professor işləmişdir.
YUNQ TOMAS (13.6.1773-10.5.1829)Fizikaya «Enerji» terminini birinci dəfə Yunq daxil etmişdir. O, elmin bir çox sahələrinə: mexanika, optika, akustika, istilik, fizioloji optika, texnologiya, astronomiya, gəmiqayırma, geofizika, təbabət, botanika, zoologiya və s. aid əsərlər yazmışdır.
T.Yunq musiqi nəzəriyyəsini çox gözəl bilirmiş və demək olar ki, bütün musiqi alətlərində sərbəst ifa etməyi bacarırmış. Onun elmi xidmətlərindən biri işığın interferensiya prinsipini kəşf etməsidir. O, birinci olaraq ağ işıq spektrində qırmızı rəngin dalğa uzunluğu 0.7 mkm, bənövşəyi rənginki isə 0,42 mkm olduğunu hesablamışdır. Bununla o, spektrometriyanın başlanğıcını qoymuşdur. Təbiətdə olan cisimlərin özünə məxsus rənglərdə görünməsinin səbəbini Yunq izah etmişdir. Materialların elastiklik xassələrini öyrənərkən Yunq /1807/ onların xüsusi xarakteristikasını - «Yunq modulunu» elmə gətirmişdir. Müasir gəmiqayırmanın elmi əsasını birinci olaraq T.Yunq qoymuşdur. Gözdə astiqmatizm hadisəsinin miqdarca tədqiq olunması Yunqa məxsusdur. O, işığın difraksiya nəzəriyyəsinin əsasını qoymuş və difraksiya hadisəsi əsasında ariometr cihazını qurmuşdur.
Yunqun işığın xassəsinə aid kəşfindən sonra dalğa nəzəriyyəsinin doğruluğu təsdiq olundu. Həmin kəşfə qədər bir sıra hadisələrin səbəbini izah etmək mümkün olmurdu. «Nyuton halqaları»nın alınma səbəbini Yunq izah etmişdir.
O, 1817-ci ildə işıq dalğalarının eninə dalğalar olduğu fikrini əsaslandırmışdır.
T. Yunq Londonda Vestminster abbatlığında dəfn olunmuş və onun qəbir daşı üzərində aşağıdakı sözlər, yazılmışdır:
«Bu xatirə - Təbabət elmləri doktoru, Xarici Kral Cəmiyyətinin üzvü, insan biliyinin hər bir sahəsində tanınmış, səbirlə və fasiləsiz çalışan, qeyri adi istedada və dərrakəyə malik olan, özünü nəinki ədəbiyyatda, hətta elmin dərin tədqiqatlarında tanıdan Tomas Yunqa həsr olunur. O, birinci dəfə işığın dalğa nəzəriyyəsini qurdu. Sadə qəlbinə görə dostları tərəfindən sevildi, yüksək biliyinə görə hörmət qazandı...».

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

 

0 şərh