Ersted Hans Kristian

«Dünya professoru Ersted özünün böyük kəşfi ilə
fiziklərə tədqiqatın yeni yolunu bəxş etdi.»
A. Amper

Hans Kristian Ersted Danimarkanın kiçik Rudkyobink şəhərində aptekçi ailəsində anadan olub. O, atasının aptekində əczaçılıq öyrənməklə fəaliyyətə başlayır.
1794-cü ildə Ersted təbabət və təbiətşünaslığı öyrənmək üçün Kopenhagen universitetinə daxil olur. 1797-ci ildə oranı bitirib, tibb fakültəsinin əczaçılıq kafedrasına kiçik elmi işçi keçir. İnstituta daxil olduğu vaxtdan Ersted fizika və fəlsəfənin vurğunu olur, öz üzərində çalışmağa başlayır və 22 yaşında fəlsəfə elmləri doktoru olur. O, Hollandiya, Almaniya, Fransa və İngiltərənin alimləri ilə yaxından əlaqə saxlayır, çoxlu məruzələr oxuyur, eksperimentlər aparır. Fizika sahəsinə aid bir sıra problemlər onu özünə cəlb edir. 1806-cı ildə Ersted fizika professoru olur.
Erstedin əsas tədqiqat sahələri elektrikə, akustika və molekulyar fizikaya aid olub, eyni zamanda kimya və fəlsəfə ilə də məşğul olmuşdur.
Ersted 1815-ci ildən Danimarka EA-nın Kral cəmiyyətinin 36 il katibi olub.
Ersted elektrikin məlum hadisələrlə-  işıq, istilik, səs və s. rabitəsini tədqiq etmişdisə, maqnetizmlə rabitəsini öyrənə bilmirdi. O, özü ilə həmişə maqnit gəzdirərmiş və bu rabitənin olub-olmadığını müəyyən etməyə çalışarmış.
1820-ci il fevralın 15-də Ersted universitet tələbələrinə elektrik cərəyanı ilə naqilin qızmasına aid fizikadan mühazirə oxuyurmuş. Təcrübə vaxtı tələbələrdən biri təsadüfən kompasa baxdıqda əqrəbin tərpəndiyini görüb təəccüblənir və Erstedə xəbər verir ki, nümayiş stolu üstündə elektrik cərəyanı keçən naqilin yaxınlığındakı təsadüfi qoyulmuş kompas əqrəbi dönür. Elektrik cərəyanı maqnit sahəsi yaradırdı! Elektrik cərəyanının təsiri ilə maqnit əqrəbinin dönməsini aşkara çıxarmaq Erstedin mühüm elmi xidmətlərindən biridir.
İllərlə Erstedin axtardığı rabitə öz tələbəsinin verdiyi xəbərdən sonra Erstedə məlum oldu. O, 1820-ci il iyulun 21-də öz tarixi təcrübəsinin nəticələrini latın dilində qələmə alıb — «Elektrikin maqnit əqrəbinə etdiyi təsirə aid təcrübə» adlı xatirəsini yazır. Çoxlu sayda təcrübələr aparmaqla elektrodinamikanın bir elm kimi formalaşmasına və elektromaqnetizmin praktik cəhətdən tətbiq olunmasına kömək göstərdi.
Bu ixtiradan sonra Ersted məşhurlaşdı və London Kral cəmiyyətinə, Fransa EA-ya üzv seçildi. Ersted bu ixtirasına görə İngiltərə hökumətindən «Elmi xidmətinə görə» medalı ilə təltif olunur, Fransadan isə 3000 qızıl frank məbləğində mükafat alır.
1823-cü ildə Ersted və J.Fure dünyada birinci olaraq termoelektrik batareyası qurmuşdur. Termoelektrik effekti terminini elmə Ersted daxil edib. Ersted poeziya və incəsənətlə də məşğul olmuşdur.
O, gözəl mühazirə oxuyan və çox qabiliyyətli müəllim olub.
1829-cu ildə Ersted politexnik məktəbdə direktor olmuş, 1840-1841-ci ildə isə Kopenhagen Universitetinin rektoru işləmişdir.
Ersted 1851-ci il mart ayının 9-da vəfat etmiş. 200 min əhalinin iştirakı ilə musiqi sədaları altında dəfn edilmişdir.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

0 şərh