Bəndə düşən “ərköyün”

  • Flora

Adəmin minnətdarlıq gözyaşları
Zərif qoxulu, gözoxşayan rəngli bu çiçək əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, əfsanələr, rəvayətlər vasitəsilə dildən-dilə düşüb. Hətta bəzi əfsanələrə görə, bənövşə Tanrı qarşısında günahları bağışlanan Adəmin minnətdarlıq gözyaşlarından yaranıb.

Yunan əsatirlərində isə deyilir ki, Günəş allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızını şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə gizlədir. Zevsin qızları səmavi meşədə, kolluqda bənövşəni birinci dəfə görüb dərərkən onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salırlar. Bənövşələr yerə düşür və o vaxtdan yerdə bitməyə başlayır.

 

Qədim yunanlar evlərini və tanrıların heykəllərini bənövşə ilə bəzəməyi sevirmişlər. Həmçinin bənövşədən hazırlanan çələnglə 3 yaşına çatmış uşaqların başına tac qoyurmuşlar, bununla da körpə artıq ölkənin kiçik vətəndaşı hesab edilirdi. Qədim romalılar isə bütün əlamətdar günlərdə, bayramlarda bənövşədən istifadə edirdilər. Siciliyadakı Henna şəhərində kəsilmiş pullarda bənövşə şəkli olardı. Homer bu gülü poemalarında sevə-sevə təsvir etmişdir.

Bənövşə tap, bahar gəlsin!
Orta əsrlərdə Almaniyada ilk bənövşənin tapılması ilə bahar bayramının keçirilməsi bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə bir ağaca bağlar, böyük-kiçik – bütün adamlar onun başına fırlanıb rəqs edər, mahnı oxuyardı. Cansıxıcı qışdan çıxdıqları üçün deyib-gülüb əylənərdilər.

Qallarda bənövşə bəkarətin rəmzi idi, toy vaxtı gəlin otağı bu güllə bəzənərdi. Fransızlar da bu çiçəyə böyük məhəbbətlə yanaşıblar. Günahsızlıq və ciddilik simvolu kimi, fransız şairləri bənövşəni tərifləmişlər.

XVIII əsrdə yaşamış fransız aktrisası madmuazel Kleron 30 il müddətində otağında bənövşə becərmiş və hər gecə bir ləçəyini çay kimi qaynadıb içərək onda məhəbbət iksiri axtarmışdır. Bənövşə ilə bağlı daha bir maraqlı tarixi faktda isə deyilir ki, gələcək imperator arvadı Jozefina zindana salınarkən ona bir dibçək bənövşə ötürülür. Hər saniyə gilyotində ölüm cəzasını gözləməsinə baxmayaraq, bənövşələri görərkən xilas olacağına ümid yaranır və həqiqətən, onu xilas edə bilirlər. O gündən sonra Jozefina bütün paltarlarına bənövşə şəkli çəkdirib onlara bənövşə cövhərli ətir vurur, darda olanlara, köməyə möhtaclara bənövşə verib inamlarını artırır. 9 mart 1796-cı ildə Jozefinanın Napoleonla izdivacı olur. Həmin gün Jozefina paltarlarına bənövşə taxmış, sinəsini və əllərini bənövşə ilə örtmüşdü. Napoleon harada olmasından asılı olmayaraq, hər il toylarının ildönümündə arvadına bir dəstə bənövşə göndərərmiş.

“Hötenin bənövşələri” və ya gözəlin xalı
Avropanın dahi şairləri də bənövşəyə biganə olmamışlar. Şekspir bənövşəni “əzizim” deyə tərifləyirdi. Şelli, Tomas Mur, Höte əsərlərində bənövşəyə məhəbbətli sətirlər həsr etmişlər. Höte doğma şəhəri Veymarı Afinaya bənzətmək üçün ətrafında bənövşə çəmənliyi salmağa çalışmışdı. İndi də bu şəhərdə yol kənarında, çöllükdə, ictimai parklarda bənövşəyə rast gəlinir. Yerlilər bu güllərə “Hötenin bənövşələri” deyir. Böyük şair hər dəfə gəzintiyə çıxanda özü ilə bənövşə toxumları götürərdi, gəzdiyi hər yerə bu toxumları atardı. Bu gün Höte həyatdan köçüb, ancaq Veymarın ətrafında yenə də hər bahar onun bənövşələri çiçəkləyir.

 

Şərq ölkələrində isə bənövşə gözəlin xalı ilə daha çox müqayisə edilib. Onun adı ilə rəng adlandırılmış, ətriyyatda, kosmetikada, tətbiqi sənətdə istifadə olunmuşdu. Bənövşə xalqımızın ən sevimli çiçəklərindəndir. “Heç yerdə görmədim düz bənövşəni”, – deyən Qurbani kimi, demək olar ki, bir çox şairlərin vəsf obyektinə çevrilib. Bəs, görəsən, tarix boyu sevilib əzizlənən bu çiçəyin elmi təsnifatı necədir?

Boynubükük “ərköyün”
Bənövşəkimilər fəsiləsinə aid bitki cinsi olan (latınca adı Viola) Azərbaycanda da geniş yayılan, qoxusu ilə, rəngi ilə sevilən bir çiçəkdir. Ölkəmizdə bu bitkinin çəmənlik bənövşəsi (Viola arvensis Murr.), ətirli bənövşə (Viola odorata L.), üçrəng bənövşə (Viola tricolor L.) kimi növləri yayılıb. Bəzi mənbələrə görə isə bu çiçəyin nə az, nə çox düz 700-ə yaxın növü var. Daha çox Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 500-ə yaxın bioloji növü yayılıb. Bənövşəyə Amerika, Afrika, hətta Avstraliyada, Yeni Zelandiyada da rast gəlinir.

“Ərköyünlük” edib günəş işığı istəməsə də, həddən artıq soyuq və isti hava çiçəyin “boynunu bükür”. Odur ki, ev şəraitində bənövşə yetişdirmək istəyirsinizsə, onu kəskin temperaturdan qorumaqda fayda var. Qış aylarında bənövşələrin olduğu mühit 14-15 dərəcədən aşağı olmamalıdır.

Baharın müjdəçisi
Adətən uzunömürlü olan bənövşənin bəzi növləri az yaşayır. Hətta mövsümlük olur. Yarpaqları ürək şəklində olan çiçəyin rəngi isə adından göründüyü kimi, adətən bənövşəyidir. Amma mavi, sarı, ağ, çəhrayı çalarlı bənövşə növləri də var. Bəs heç bənövşədən yeməklərdə istifadə olunduğunu eşitmişdiniz? Bilin və agah olun ki, bir sıra ölkələrdə bənövşədən salatlara dekorasiya vermək üçün və ya balıq yeməklərinə dad qatması üçün istifadə olunur. Təzə yarpaqları isə çiy və ya bişirilərək yeyilir. Çiçəkləri, yarpaqları və kökləri A və C vitamini ilə zəngindir.

 

Çiçəklənməsi üçün bol işığa ehtiyacı olsa da, bu birbaşa onun üzərinə düşən günəş şüası olmamalıdır. Təbiətdə ağac gövdələrində və kölgədə boy atır. Torpağı daima nəmli olmalıdır. Amma yarpaqlarına su dəydikdə ləkələr əmələ gəlir, hətta yarpaqlar cansızlaşaraq ölür.

Bağlarda dekorativ bitki kimi çox əkilir. Yazın əvvəllərində çiçək açır. Yağından kosmetik vasitələrin hazırlanmasında, həmçinin tibdə  tərlədici, bəlğəm qovucu, öskürəyi kəsən siropların tərkibində də istifadə olunur. Yarpaqları isə qanı təmizləyici və sidikqovucu xüsusiyyətlərə malikdir.

Birbaşa günəş işığı istəməyən, çöllərdə də, ev şəraitində də boy atan, dünyanın dörd bir tərəfində yayılan, baharın müjdəçisi olan bu nazlı çiçəklə yazın ətrini yaxından duymağa çalışın!

«Discovery Azerbaijan» jurnalı

0 şərh