Zanbaq - Şərqin sehrli çiçəyi

  • Flora
Bir çoxlarının sevdiyi zanbaq və ya tülpan çiçəyinin adı “türban” mənasına gələn fars sözü “toliban”dan götürülüb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir. Zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilib və adına lalə deyilib. Türk soltanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açardı! Hər il şərq təmtərağı ilə zanbağa həsr olunan bayram mərasimləri keçirilərdi.

XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Bundan sonra zanbaq Avropanı fəth etməyə başlayır. Qısa bir müddət ərzində göz oxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanır. XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi.

Çiçək ən böyük şöhrəti Niderlandda qazanır. Burada zanbaqlar 1634-cü ildə peyda olub. Onları Niderlandın Amsterdam və başqa şəhərlərinin küçə və meydanlarında əkməyə başlayırlar. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çox sayda növünü yetişdirirlər.

Hazırda dünyada zanbaqların 2500-dən artıq növü var. Onların arasında qara və göy, çoxləçəkli və hamar, kiçik və iri, alçaq boylu və 3 metrə qədər hündürlükdə olan növləri mövcuddur.

Hər bahar İstanbulun Əmirgan parkında lalə (zanbaq) festivalı keçirilir. Festival vaxtı 300 min kvadratmetrdən artıq olan parkın bütün ərazisində zanbaqların müxtəlif növlərinin sərgiləndiyi gözəl və orijinal çiçək ləkləri quraşdırılır.

Dünyaca məşhur Keukenhof çiçək parkı Amsterdamın cənub-şərqində kiçik Lisse şəhərciyində yerləşir. Bu, müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən, həmçinin yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa çiçəklərin sərgiləndiyi üç oranjereyadan təşkil olunmuş Kral parkıdır. Parkın ərazisində hər il aralarında 100 müxtəlif növdə 4,5 milyon zanbaq, sünbülçiçəyi, nərgizgülü və digər bitkilərin olduğu 7 milyona qədər çiçək əkilir.

azertag.az
loading...

0 şərh