Bitkilərin havadan qidalanması. Fotosintez

  • Flora
Fotosintez. Bitkinin havadan qidalanmasında iştirak edən əsas orqanı yarpaqdır. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil olur. Әmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. FotosintezGünəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır. Bu proses fotosintez (yun. “fotos”– işıq, “sintezis” – birləşmə) adlanır.
Fotosintez zamanı işıqda üzvi maddə yaranması ilə bərabər, həm də ətraf mühitə oksigen də xaric edilir.
Fotosintez etmək qabiliyyəti yaşıl bitkilərin əsas xüsusiyyətlərindən biridir.
Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır (“autos” – özü, “trofe” – qidalanma). Yaşıl bitkilər avtotrof orqanizmlərə aiddir.
Fotosintezin əhəmiyyəti. Bitkilər günəş enerjisindən üzvi maddələrin sintezində istifadə edir və digər canlılar da qidalanarkən onlardan yararlanır. Canlıların tənəffüsünü təmin edən oksigen də fotosintez nəticəsində alınır.Fotosintez prosesinin sxemi

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh