Bitkilərin su buxarlandırması. Xəzan

  • Flora
Hüceyrənin əsas hissəsini su təşkil edir. Su mürəkkəb həyat proseslərini təmin edir. Hüceyrə susuz məhv olur. Kök vasitəsilə bitkiyə daim su və suda həll olmuş mineral duzlar daxil olur. Sorulan su və suda həll olmuş mineral duzlar borularla gövdəyə, yarpaqlara və bitkinin digər orqanlarına çatdırılır. Suyun gövdə ilə qalxmasında kök təzyiqi və suyun yarpaqlar vasitəsilə buxarlandırılması böyük rol oynayır.
Bitkilərin suyu buxarlandırması. Torpaqdan daxil olan suyun az bir hissəsi fotosintezə sərf olunur, əksər hissəsi isə əsasən yarpaqlardakı ağızcıqlar vasitəsilə buxarlandırılır. Bitkilərin suyu buxarlandırması prosesi transpirasiya adlanır. Bitkilərdə buxarlanmanın sürəti onların yaşayış şəraitindən asılıdır. Yüksək temperaturda, parlaq günəş işığında, küləkli havada buxarlanma, əlbəttə, sakit və yağışlı havada olduğundan daha sürətlə gedir. Bitkilərin suyu buxarlandırması
Transpirasiyanın tənzimlənməsi. Bitkilər ağızcıqlarını açıb-bağlamaqla suyun buxarlanmasını artırıb-azalda bilir.
Әksər bitkilərdə ağızcıqlar gündüz açıq, gecə bağlı olur. Bitkidə su çatmadıqda onlar gündüzlər də qapanır. Rütubətli yerlərin bitkilərində isə (beqoniya, fikus) əksinə, suyu buxarlandırmaq üçün yarpaq sahəsi və ağızcıqlar çox, kök təzyiqi isə aşağı olur.
Suyu buxarlandırmanın əhəmiyyəti. Yarpaqların suyu buxarlandırması nəticəsində bitkidə su və suda həll olmuş maddələr daim kökdən yarpağa doğru hərəkət edir. Mineral duzlar bitki tərəfindən mənimsəndikcə isə su cərəyanı vasitəsilə daim yeniləri daxil olur.
Buxarlanma zamanı həmçinin bitki qızmaqdan qorunur. Bəzən rütubətli havada buxarlanma zəifləyir. Bu zaman sorulan su yarpaqlarda damcılar şəklində toplanır; bu hadisə quttasiya adlanır.
Xəzan. Payızda, soyuqlar düşdükdə torpaqda kök təzyiqi zəiflədiyindən bitki kökü suyu sora bilmir. Nəticədə özündən su buxarlandırmanın qarşısını almaq üçün xəzan – yarpaq tökülməsi baş verir. Xəzan zamanı gövdə ilə yarpaq arasında mantarlaşmış ayırıcı qat yaranır. Yarpaqlarda yaşıl xlorofil məhv olur və digər piqmentlər üzə çıxır. Bu zaman yarpaq müxtəlif rənglər alır. Xəzan təkcə payızda deyil, qızmar yay günlərində — bitkidə su çatışmadıqda da baş verə bilər.
Yarpaqlarını tökən və həmişəyaşıl bitkilər. Qış dövrünü yarpaqları tökülmüş vəziyyətdə keçirən bitkilərə yarpaqlarını tökən, yarpaqları yaşıl olan bitkilərə isə həmişəyaşıl bitkilər deyilir. Həmişəyaşıl bitkilərdə xəzan olmasa da, ömrünü başa vurmuş yarpaqlar vaxtaşırı tökülür. Məsələn, şamda yarpaqlar 2-3, küknarda 5-7 ildən bir tökülür.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh