Çoxhüceyrəli yaşıl yosunlar

  • Flora
Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi yolla çoxalır.
Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir. yosunlarda çoxalma
Qeyri-cinsi çoxalma bəzən sapın təsadüfən hissələrə parçalanması – vegetativ yolla da baş verir.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması
Ulotriks yosununun çoxalması
1. Qametlərin yaranması.
2. Qametlərin birləşməsi.
3. Ziqot.
4. Qamçısız sporlar.
5-6. Yetkin yosun.
7. Zoosporun yaranması.
8. Zoosporlar.
9. Yeni yosun.
Əlverişsiz şəraitdə ulotriks yosunu çoxlu miqdarda ikiqamçılı kiçik qametlər əmələ gətirir. Onlar suya çıxaraq eyni növə mənsub başqa fərdin qametləri ilə cüt-cüt birləşir və mayalanma baş verir. Mayalanmadan sonra qalın qılaflı ziqot əmələ gəlir. Əlverişli şəraitdə ziqot 4 ədəd qamçısız sporlara bölünür. Onların hər birindən yeni ulotriks yosunları əmələ gəlir.
Spirogirada isə cinsi çoxalma konyuqasiya (lat. conjugatio – birləşmə) yolu ilə baş verir. Bu zaman iki yosun tallomu bir-birinə yaxınlaşır. Onların hüceyrələrinin möhtəviyyatları bir-birinə qarışır. Nüvələri birləşir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan yeni spirogira sapı inkişaf edir.
Ulva yosunu da qeyri-cinsi və cinsi yolla çoxalır.


Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: Biologiya 7 Ümumtəhsil məktəblərinin 7-c sinfi üçün Biologiya fənni üzrə dərslik

0 şərh