Çökə çiçəyi

  • Flora

Hündürlüyü 30 metrə çatan ağac bitkisidir. Dəyirmi-yumurtavari və ya dəyirmi-ürəkvari formalı, uzunsaplaqlı, kənarı mişardişli, növbəli düzülmüş yarpaqları vardır. Yarpaqların üst səthi tünd-yaşıl, alt səthi isə göyümtül rəngdədir. Xoş ətirli, sarımtıl-ağ rəngli çiçəkləri, 5-16 ədəddən olmaqla, asılqan yarımçətirə toplanmışlar. Dilşəkilli iri çiçəkaltlığına malikdir.

Ürəkyarpaq cökə yabanı halda MDB-nin Avropa hissəsinin cənub və orta qurşaqlarında yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələrdə bitir. Parklarda, bağlarda, yolların kənarında və digər yerlərdə bəzək bitkisi kimi əkilir. Ürəkyarpaq cökə Azərbaycanda Kiçik Qafqazda və Quba rayonunda təsadüf edilir. Dərman xammalı kimi cökənin çiçəkləri- Flores Tiliae istifadə olunur.

Xammalı, bitkidəki çiçəkləklərin çox hissəsinin açıldığı, az qisminin hələ qönçə şəklində olduğu dövrdə toplayırlar, havası yaxşı dəyişilən çardaqlarda, mənzillərdə, altıaçıqlarda və ya 40-50°C temperaturda elektrik quruducularında qururdulur. Qurudulmuş xammalın saxlanma müddəti 2 ildir.

Çiçəklərin tərkibində hesperidin, kempferol və tiliasin flavonoidləri, 0,05 faiz efir yağı, askorbin turşusu, polisaxaridlər, aşı maddələri, selik, triterpen saponinləri, karotin və digərləri aşkar edilmişdir. Efir yağının tərkibində farnezol maddəsinin olması müəyyən edilmişdir.

Xalq təbabətində tətbiqi.

Cökənin çiçəkləri xalq təbabətində populyar tərqovucu vasitə kimi tanınır. Çiçəklərindən hazırlanan dəmləmə və ya bişirmə gecə tərqovucu və soyuqdəymə əleyhinə təsir göstərən vasitə kimi, baş ağrılarında, bayılmalarda, yanıqların,podaqranın, babasil xəstəliyinin müalicəsində, sidik kanallarındakı kəskin ağrılarda, süd vəzisinin iltihabında istifadə olunur. Bundan başqa cökə çiçəyinin dəmləməsi və bişirməsini çoxdan bəri xalq təbabətində bəlğəmgətirici, tərqovucu, ağrıkəsici və sidikqovucu vasitələr kimi istifadə edirlər.

Homeopatiyada cökə çiçəyinin tinkturası meteorizmdə və mədə-bağırsaq traktının pozğunluğunda təyin edilir.

Elmi təbabətdə tətbiqi.

Cökə çiçəklərinin halen preparatları hal-hazırda həm daxili, həm də xarici xəstəliklərdə effektli təsir göstərən vasitələr kimi geniş tətbiq olunurlar.

Bu preparatlar mikrob əleyhinə, iltihaba qarşı və yumşaldıcı təsirlər göstərir, iltihabi xəstəliklərdə, ağız boşluğu və əsnəyi qarqara etmək üçün istifadə olunurlar.

Cökə çiçəyinin bişirməsi yanıqlarda, xoralarda, babasil düyünlərinin iltihabında, oynaqların revmatik və podaqratik ağrılarında tətbiq edilir.

Cökə çiçəyinin dəmləmə və bişirməsi tərqovucu və hərarətsalıcı vasitə kimi anginada, bronxitdə, soyuqdəymə xəstəliklərində, sakitləşdirici vasitə kimi isə əsəb oyanıqlığında tətbiq olunur.

Cökənin təzə çiçəklərinin bişirməsi sidik kanalınan ağrılarında, iltihab əleyhinə, ağrıkəsici və yumşaldıcı təsir göstərən vasitə kimi yanıqlarda, süd vəzisinin iltihabında və digər iltihabi proseslərdə tətbiq olunur.

Cökə çiçəkləri aromatik vannaların hazırlanmasında da istifadə edilir.

Cökənin çiçəyi həmçinin həzmin və mübadilə proseslərinin yüngülvari pozulmasında istifadə olunur.

Müəllif: Cəmil Xəlilov, əczaçılıq elmləri namizədi

0 şərh