Dünyanın ən gözəl topiar bağı

İngiltərənin Kumbria bölgəsində yerləşən Levens Halldakı bağ dünyanın ən gözəl və böyük topiar bağı kimi tanınır. Bağ 1694-cü ildən bəri hamını heyran edir. Burdakı yüzdən çox ağac və kolun 300-ə yaxın yaşı var. Ən böyük ağac isə çətir formasındadır. Yağışdan qaçanlar bu ağacın altında sığınacaq tapırlar.

Təbii ki, bu qədər bitkiyə qulluq edib qorumaq da asan iş deyil. Levens Halldakı bağları bərpa etmək bağbanların təxminən 6 ayını alır. Bağdakı budama işləri sentyabrda başlayır və 6 ay davam edir. Bu müddət ərzində 10 hektarlıq ərazi tam səliqəyə salınmalıdır. Turistlər bura daha çox budama işi başlamazdan öncə gəlirlər.

Baş bağban Kris Krauder 26 ildir burda çalışır. Krauder ağacları qayçı ilə formaya  saldıqdan sonra əlilə hər şeyin yaxşı olduğunu yoxlayır. Bağbanların işi burdakı yüzlərlə ağacı səliqəyə salmaq, 300 yaşlı “canlı heykəlləri” yenidən bərpa etməkdi. Hər gün iki bağban burda çalışır. Əvvəllər bağbanlar hündür ağacların başına çıxmaq üçün nərdivandan istifadə edirdilər. Nərdivanın laxlaması isə onların işinə mane olurdu. Lakin hazırda bağbanların hidravlik liftləri və yüngül alüminium qurğuları var.

Kris Krauderin dediyinə görə, hər il eyni vaxtda qayçıları itiləyib işə başlamaq çox yaxşıdır. Yeni il bayramına kimi işləri qurtarmağa çalışsalar da, bu, çox nadir hallarda mümkün olur. Çünki qar tez yağmağa başlayır. Buna baxmayaraq, bağbanlar açılış gününə kimi bütün işləri görüb qurtarırlar.

Bağbanların hər il eyni vaxtda eyni işlə məşğul olması kimlərəsə darıxdırıcı gələ bilər. Ancaq işlər qurtardıqdan sonra ətrafdakı gözəlliyi seyr etmək çox gözəl bir hisdir.



 

 



 



 

 

 

1 şərh

qedimoguz
Bu cür gözəllik əfsanədir…