İnsan yeganə varlıqdır ki, olduğu kimi görünmək istəmir

Dahi fransız yazıçısı və filosofu Alber Kamyudan gətirdiyim bu iqtibas məncə həm də bu yazıya başlıq ola bilər. Bəli, dünyada tədricən psixi antropofagiya əlamətləri çoxalmaqdadır. Xüsusilə, müharibə gedən ölkələrdə bu, özünü daha çox göstərir. Orda doğan günəşin rəngi də qan kimi qırmızıdır. XXI əsrdə müasir insanların çoxu bu üzdəniraq psixoloji halı yaşasa da yəqin ki, onun adını, mənasını bilmir.

Soruşan tapılar ki, “antropofaqiya” nə deməkdir? O yunan sözüdür, mənası da təxminən “hannibalizm”dir. Fikirlərimin əvvəlində qeyd etdiyim, insanların psixi durumunda, mənəviyyatında dilimizə yatmayan o qorxunc əlamətlərə qarşı görəsən peyvənd mövcuddurmu? Bəlkə əksinə müharibə törədənlərin özünü antropofaqist fikirlərdən uzaqlaşdırmaq daha məqsədəuyğun olardı…

Axı, bildiyimizə görə quduzluğa tutulmağın qarşısının alınması üçün xüsusi müalicə üsulları var… Deyəcəksiniz ki, xeyir ola, birinci cümlədən oxucunu qorxutmaqla absurd şeylər haqqında danışıram. Düzünü bilirsiniz, siz deyin…

Əslində mən qəzetin, internetin gözəgörünməz tərəfində olsam da, yəqin ki, söhbətimiz baş tutacaq. Əvvəla ona görə ki, sizinlə dərdləşməyə mənəvi ehtiyac var. Absurd janrı ilə bağlı mövzu ətrafında inanıram ki, bir-birimizi başa düşəcəyik. Absurd əsərlər müəllifi Frans Kafka həyatın absurdluğunu belə təsvir edir: “Həyat həmişə bizim diqqətimizi yayındırır, məhz nədən yayındırdığını isə öyrənməyə vaxt tapa bilmirik”.

Xaos, hamıdan seçilmək, tənhalaşmaq, məntiqsiz sonluq bir çox fərdləri absurd vəziyyətə gətirib çıxarır. Biz, hər şeydə, hər yerdə düzgünlük, səmimiyyət axtarışındayıq, həqiqəti gün işığında görmürük, qaranlıqda isə əlimizdə Prometey kimi məşəl gəzdirməyi unuduruq. Kafka demişkən, əsas məqsədimizdən yayınmaqla yeni-yeni səhvlərə yol açırıq. Ömrümüz əbədiyyət ümmanında içilən bir qətrə sudur. Biz özümüz o suyu bulandırırıq. Bəs onda hara, niyə tələsirik? Fikirlərimizə, əsas məqsədlərimizə çıxış yolu tapmayanda müəllifi zaman olan “absurd teatrının aktyorları”na çevrilirik.

Təəssüf ki, “dünyanın absurdluğunun təsdiqi özünəməxsus metafiziki səadətə çevrilir”. Acı həqiqət olsa da Höte qeyd edir ki, mənim fəaliyyətimin meydanı zamandır. Absurd düşüncəli insan isə nə əbədiyyət naminə çalışır, nə də onu inkar edir. Həyat normaları çərçivəsindən çıxan, mənəvi böhranın faciəvi anlarını yaşayan şəxsi xarakterizə edən riyazi formul da mövcuddur: “ Əgər c,a +Ğ və c,a+ _Ğ onda c+_a-ya bərabər olacaqdır”. Belə bir absurd formul qonşularımızın sərsəm siyasətinə bənzəmirmi? Nədənsə bütün aləm işini, gücünü atıb bu “yazıq”, guya başı bəlalar çəkmiş erməni millətçilərinin qəlbini ovutmaqla məşğul olmalıdır. Onlara “qarşı törədilən” qondarma genosidə görə başsağlığı verilməlidir. Belə bir absurd siyasətdən öz təcavüzkar məqsədləri üçün istifadə etməkdə ustadırlar.

“Absurd teatrın repertuarını” onlar antihəqiqət siyasəti ilə riyakarlıqla oynaya bilirlər. XX əsrdə Azərbaycanın yaralı sinəsindən qopan 20 yanvar və Xocalı harayından, faciəsindən dünyanın gözləri kor, qulaqları kar olmalıydı. Bəs niyə olmadı? Düzünü bilirsinizsə, siz deyin… Hərdən düşünürsən ki, antropofaqiyaya məruz qalan bu erməni syasətçiləriylə rəsmi görüşlər keçirmək nə vaxtacan alnımıza yazılıb? Onların xalqımıza qarşı vəhşiliyi, yalan və iftiraları nəsillər boyu taleyimizdə qara qanqallar tək bitib.

Mənə elə gəlir ki, onlarda tez-tez baş qaldıran bu xəstəliyi təcili müalicə etmək üçün beynəlxalq həkimlər qrupunu yaratmaq vaxtı yetişib. Görəsən, ermənilər 2011-ci ilin siyasət meydanında yenə köhnə rejissor quruluşunda öz rolunu oynamaqda davam edəcəkmi? Yəqin ki, bu il onların teatrlaşdırılmış siyasət mövsümü Motsartın “Rekviyem” əsərinin sədaları altında birdəfəlik sona yetəcək. Teatrın pərdələri bağlanandan sonra tamaşaçılar da öz işləri ilə məşğul olacaqdır. Eyni əzbərlənmiş tamaşaya nə qədər baxmaq olar? Bu teatrın bəlkə təmirə ehtiyacı var. Aktyorlar da eyni rolu oynaya-oynaya qocalıblar. Heç olmasa cavanlara yazığınız gəlsin. Allah fitnə-fəsad salanları sevməz.

Oxucuları düzgün məlumatlandırmaq üçün qeyd edim ki, siz ermənilərin absurd teatrına uymayın, əslində, ilk absurd teatr 1950-ci ildə Fransada yaradılıb. Onun banilərindən biri Ejen İonesko Samuel Bekketdir. İnsanın amansız, laqeyd dünyadakı absurd taleyi haqqında yeni pyeslər yazılıb, o dövrdə teatr səhnələrində uğurla oynanılırdı. Xüsusilə, İkinci dünya müharibəsinin dəhşətlərindən, insan faciələrindən bəhs edən bu janrda yazılan əsərlər A.Kamyu, E.İonesku yaradıcılığında mühüm yer tutmuşdu. E.İoneskonun “Keçəl müğənni”, “Gərgədan” alleqorik pyeslərində sərsəm dünyanın, totalitar diktaturanın törətdiyi faciələr öz absurdluğu ilə seçilirdi. Ermənilərin “absurd teatrından” fərqli olaraq, bu avanqard teatr həqiqət axtarışında, incəsənətdə öz sözünü deyib. Təəssüf ki, erməni deyəndə türk yada düşür. Çünki türkün şöhrətinə, qədim tarixinə qısqananlar hər bir vəchlə onun adına kölgə salmağa çalışırlar. Düzünü bilirsinizsə siz deyin...amma erməni “həqiqətinə” oxşamasın.

Siyasi mədəniyyətin öz etik cəhətləri və qanunları var. Yeri gəlmişkən yadınıza salım ki, “V-612” adlı asteroidi göydə ilk dəfə kim kəşf edib? Antuan Sent Ekzüperi “Balaca şahzadə” əsərində etiraf edir ki, o, türk astronomudur. Ekzüperi incə bir məqama toxunub ki, 1909-cu ildə türk alimi öz milli geyimində Beynəlxalq Astronomiya Konqresində öz kəşfindən danışanda onu alim kimi qəbul etmirlər. Uzun illərdən sonra sonuncu dəbdə geyinib yenə konqresdə köhnə kəşfini bəyan edəndə bu dəfə onun fikirləri təsdiq edilir. Çünki onun nəhayət, avropalılara xas geyimi buna səbəb olmuşdu.

Təəssüf ki, Avropanıın siyasət səhnəsində ona yad münasibət hələ də davam etməkdədir. Fransız yazıçısı və təyyarəçisi Antuan Sent Ekzüperi dünyaya, insanlara öz balaca şahzadəsi kimi saf qəlbinin gözüylə baxmağı bacarırdı. O, erməni diasporunun güclü olduğu Fransada türkə olan ədalətsiz münasibəti bədii əsərində verməsiylə gözümdə böyüyüb. Allah Ekzüperiyə rəhmət eləsin, absurd janrda yazsa da kişi adam idi. Yeri gəlmişkən qeyd edək ki, “absurd” latın sözüdür, mənası harmoniyanın pozulması deməkdir.

İlk dəfə 1861-ci ildə bu məfhum ensiklopedik lüğətlərə düşüb. Rusiyada isə 1965-ci ildə A.Aleksandrovun “Daniil Harms“ məqaləsində “absurd” məfhumundan istifadə edilmişdi. Maraqlı odur ki, yazıçı Daniil Harms (Yuvaçev) nəinki yazıları, hətta özü də absurd həyat tərzi, epotaj geyimləri ilə seçilib. “Gerçək İncəsənət Birliyi”nin ən fəal üzvlərindən biri olub. Absurd janrına müraciət edən, qərbin vicdanı adlanan Alber Kamyu “Sizif haqqında əsatir” essesində yazır ki, insanı mənasız işlər görməyə nəyin vadar etdiyini bilmək üçün dağdan düşən Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”.

Əslində insanın yaşaması üçün vacib şərtlərin zəncirinin qırılması absurd vəziyyətin yaranmasına səbəb olur. Əgər biz də tale deyilən məfhumla həmişə razılaşıb müti vəziyyətdə “hər şey yaxşıdır” desək, özümüz də Sizifin dağın zirvəsində qazandığı ani xoşbəxtliyə sahib olacağıq. Ora isə cəhənnəmə yaxın aldadıcı bir zirvədir. Qələbə zirvəsi, məğlubiyyət nöqtəsi bir-biri ilə Sizifin taleyində qonşudur. Qaşla göz arasındakı məsafə qədər. Düzünü bilirsinizsə, siz deyin… Gördüyünüz kimi, dünyanın “absurd teatrında repertuar” cəhətdən problem yoxdur. Onun fəal siyasi aktyorları indi tamaşaçısından daha çoxdur.

Nəhayət, ifratçı absurd düşüncələrə yeni nəfəs verməyə çalışan “dadaizm” haqqında da bir neçə kəlmə deyək. Hər bir yeni “izmər”, cərəyanlar neçə-neçə nəsil gənclərin həyat tərzinə çevrilib. Modernist cərəyan olan dadaizm ardıcılları nihilist pafosu ilə dünyanın astar üzünü, eybəcərliyini, xaotikliyini şeirlərdə, xüsusilə, sürrealizm, kubizm janrında elə təsvir edirlər ki, deyirsən, cəmiyyət bu təsvirlərə layiqdir. İncəsənətdə fərqli həqiqəti, ironik-polemik üsulları ilə diqqət çəkirlər. Dadaizmin banisi Tristan Tsara “Dadanın manifesti”ndə bildirir ki, məntiq heç vaxt haqlı deyil. Əslində dadaistlərin əsas kredosu ənənəvi sayılan mənəvi dəyərlərə qarşı üsyançılıqdır. Məsələn, dadaist Raul Xausman bu cərəyanın davamçılarını belə xarakterizə edirdi: “Özümüzü səslərlə, formalarla, rənglərlə, bağırtılarla necə gəldi əyləndirməkdə haqlıyıq. Bütün bunlardan biz sevərəkdən şüurlu surətdə edirik. Çünki bu, həyat qədər dəhşətli bir ironiyadır...” “

Dadaist” dedim, Lenin yadıma düşdü. Sizə şok açıqlama bildirim, çünki bu fikirlərə nə dərsliklərdə, nə də onun tərcümeyi-halında rast gələ bilməzsiniz. Dadaist yəhudi Tristan Tsara vaxtı ikən inqilabdan əvvəl Leninlə Sürixdə vaxtaşırı şahmat oynayırmış. (T.Tsara 1936-cı ildə Fransada kommunist partiyasının üzvü olub. Görünür, Leninlə ünsiyyəti onu da gec-tez dadaist kimi kommunist partiyasına gətiririb çıxarıb. Lakin 1956-cı ildə Macarıstanda baş qaldıran üsyanın sovet əsgərləri tərəfindən yatırılmasına etiraz əlaməti olaraq, partiya sıralarından çıxmışdı. Vaxtı ikən dahi rəssam Pablo Pikasso da sovet dövlətinin belə zorakılıqlara əl atmasına görə ondan üz döndərmişdi.) Bu şahmat oyununda kim udub, kim uduzub deyə bilməsək də, “Kabare Valter”adlı kafedə qızğın keçən məclislərdə Lenin tez-tez iştirak edirmiş. (Şairlərin orda abrakadabra dilində səsləndirdiyi şeirlər ağıllını da dəli edə bilərdi. Sən demə, Lenin inqilabdan əvvəl köhnə dadaist imiş- yəni anarxist.) Deyilənə görə, kabaredə onun inqilabçı çıxışlarına qulaq assalar da onu da abrakadabraya oxşadırdılar.

Bir sözlə, Lenin dadaistlərin kosmopolit fəlsəfəsinin dibi görünən absurd dərinliyinə orda çatıb. Biz də elə bilirdik ki, o, vaxtının çox hissəsini, ancaq kitabxanalarda keçirib. (Təbliğat güclü qüvvədir.) Buna şübhə edən olsa Sürexə yolu düşəndə yenidən bərpa olunmuş “Kabare Valter”in yaxınlığında Leninin yaşadığı binaya memorial lövhə vurulduğunu öz gözləri ilə görə bilər. Yadımdadır, sovet dövründə Dram Teatrının binasının üstündə Leninin “Din xalqın tiryəkidir” məşhur şüarı vurulmuşdu. (Bu gün islam dini həmişəki kimi mənəvi sərvətimizdir, tiryək isə qadağandır.) Bu da dadaistlərin Leninə verdiyi tərbiyə! Doğrudan da bu kişi “absurd teatrın aktyoru” kimi çox istedadlı idi. Hə, tamam yadımdan çıxıb ki, “Volter Kabare”-nin pərəstişkarlarından, dadaist, sürrealist Salvador Dali də Leninin şəxsiyyətinə qarşı biganə olmayıb. Onun “Fortepianoda Leninin 6 zühuru” adlı rəsm əsəri haqqında yəqin ki, məlumatınız var. Şəkildə fortepianonun dilləri üzərində 6 başlı Lenini verməkdə Dalinin məqsədi nə idi? Əgər Lenin 7 başlı olsaydı 7 nota bənzəyərdi. Bunun isə siyasi mənası, daha ağır nəticələri ola bilərdi…

Lüsifer kimi bütün dünyanı öz əsərinin notalarına uyğun idarə edərdi. Fortepiano dilləri üzərində çatışmayan 7-ci notu yaxud kodu kim açıqlayar? Düzünü bilirsinizsə, siz deyin… Lap intellektual oyunun sual-cavabını xatırlatdı. Ümumiyyətlə, Dali Ziqmund Freydi özünə mənəvi ata seçmişdi. Freyd isə öz ardıcıllarının üzünə 1890-cı ildən 1920-ci ilə qədər mənəvi şikəstliyə doğru aparan geniş qapılar aça bilmişdi. Salvador Dali öz gündəliyini Freydin bu mənəviyyatsız sözləriylə başlayır: “Qəhrəman odur ki, atasının nüfuzuna qarşı çıxıb ona qalib gəlsin.” Bunun nəticəsidir ki, Dali öz rəsmlərinin birində yazmışdı: “Mən anama tüpürürəm.” 6 yaşında aşpaz, 7 yaşında Napoleon olmaq istəyən Salvador Dali dünyanın dahi rəssamlar cərgəsinə daxil olsa da, xalq, ailə, dostluq kimi müqəddəs dəyərlərdən məhrum idi. Hitlerə xüsusi münasibəti vardı, erotik hisslərini gizlətmirdi. Müharibədə milyonlarla insanı məhv edən və özünü, millətini ari irq sayan Hitler Berlin şəhəri metrosunda 250 min alman əhalisini suda boğmuşdu.

Gördüyünüz kimi antropofaqiya qədim xəstəlikdir. Onun anatomiyası Dalinin psixikasının patoloji məhsulu olan “Payız hannibalizmi” tablosunda öz təcəssümünü tapıb. Alman filosofu Romano Qvardini “Yeni zamanın sonu” adlı kitabında dünyada gedən qlobal problemlərdə tarixi şəxsiyyətlərin, siyasətin, mədəniyyətin tələb olunan səviyyədə tam gücü ilə sülh, ədalət naminə səmərəli fəaliyyət göstərə bilməməsini insan həyatının psixoloji strukturunun, sosial vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxaran səbəblər kimi qeyd edib: “Elə ki, enerji, material, struktur- hər şey insanın orbitinə düşür, orada onlar yeni xarakter kəsb edirlər”.

Ziddiyyətli yaradıcılığında ölüm mövzusuna daha çox müraciət edən müasir ingilis heykəltaraşı Demien Herstin İraqda gedən müharibəyə həsr etdiyi “Varlanmaq həvəsi” əsəri absurd siyasətə qurban gedən günahsız insanların taleyinə dünya ictimaiyyətinin diqqətini çəkməkdədir. Onun yaradıcılığından gələcəyə inamsız baxışlar boylanır, o, tamaşaçılarına demək istəyir: “Bu gün var, sabah yox”. Halbuki insan bu günü açılan sabahın ümidiylə yaşayır. 1995-ci ildə Yunesko tərəfindən tolerantlıq prinsiplərının Deklarasiyası qəbul edilib. Bu, dünyada “fərqlilik içində harmoniya yaratmaq” deməkdir.

“Tolerantlıq” latın sözü olan “tolerantia” sözündən yaranıb. Müharibəsiz, həmin o arzuolunan harmoniyanı yaratmağa bizə nə mane olur?! Mənə elə gəlir ki, siyasətçilərin çoxu deklarasiya prinsiplərini deyil, fransız diplomatı Şarl Moris Toleyranın siyasətini əməli işdə davam etdirməkdədir: “Təcrübəli dövlət nümayəndəsi kimi onu deyə bilərəm ki, mən həqiqəti çox nadir hallarda söyləyirəm. Dil siyasətdə fikirləri gizlətmək üçün lazımdır. Yalan- güclü və danılmaz, həqiqət isə xəyaldır, təhlükəlidir.” “Absurd teatrın aktyorları” öz rollarının öhdəsindən peşəkarlıqla gəlirlər. Düzünü bilirsinizsə, siz deyin...

Müəllif: Zöhrə Əsgərova, yazıçı-publisist
 

0 şərh