Mənlik Şüuru haqqında öyrənək

İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun  formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eyniliyini anlayır.

İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun­müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini  kəşf etməsi   sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün  öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.  

Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal mən» və «sosial mən» obrazlarını aid etmək olar.

«Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını başqalarından gizlədə bilir.

 «İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən» obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can atır.

«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxış edir. 

0 şərh