Seksual münasibətlərlə bağlı xüsusi əxlaqi məqam varmı?

Seksual münasibətlər əksəriyyətin maraqla yanaşdığı mövzudur. Seksual macəralar romanlara mövzu olur, bir kəsin cinsi həyatı bioqrafiya yazarlarının hədəfidir, seksual işarələr tez-tez söhbətlərimizi bəzəyir, onlarla bağlı xeyli zarafatlar mövcuddur, seksual meyillər çoxumuzun olmasa da, bəzilərimizin həyatında əsaslı rol oynayır. Üstəlik, əksər insanların yanaşmasına görə əxlaq böyük ölçüdə seksual münasibətlərlə əlaqəlidir: Yəni, necə, nə zaman və kiminlə seksual münasibətə girmək məsələsi əksərən bu məqamla səsləşir.

Ancaq, seksuallıq, bu halıyla fəlsəfəçini maraqlandırmır və cinsi əxlaq nadirən hanısa əxlaq fəlsəfəsiylə bağlı kitablarda xüsusi mövzu kimi işlənilir. Bunu necə izah edə bilərik? Öncəliklə onu söyləyək ki, “cinsi əxlaq” adlandırdığımız xəyali bir anlayışın olmadığını söyləmək üçün əsaslı səbəblərimiz var. Bir çox əxlaqi məsələlər seskuallıqla bağlı olsa da, bu vəziyyət cinsi münasibətlərin əhəmiyyətiylə bağlı hansısa əlavə fəlsəfi problem ortaya çıxarmır, çünki əxlaqi mühakimələri hər hansı bir mövzuya tətbiq etdiyimiz kimi seksuallıqla bağlı mövzulara da tətbiq edə bilərik. Örnəyi, zinanın yanlış olduğunu söyləyən hökmü ələ alaq.

Aydın məsələdir ki, zina özündə cinsi əlaqəni ehtiva edir, ancaq zinanın yanlış olduğunu vurğulayan iddia, sadəcə evliliklə bağlı ortaya çıxan nigah andına göstərilən sədaqətlə təməlləndirilə bilər. Burada, seksual əlaqə bir andın, sözün tapdanmasının vasitəsi kimi nəzərimizdə canlansa da, zinanı yanlış hərəkət kimi dəyərləndirən əsas məqam sadəcə bircə andın, verilən sözün yerinə yetirilməməsidir. Buna qarşı kimsə deyə bilər ki, ərin, ya da arvadın evlilikdən qıraqda cinsi əlaqə yaşaması onlardan birinə əzab verə bilər və buna görə də evlilikdən qıraqda həyata keçirilən cinsi əlaqə (zina) yanlışdı. O zaman belə cavab verə bilərik: əgər ər yaxud arvad belə hərəkətin nəticəsində əzab çəkirsə, deməli bu, məhz həmin insanın həyata keçirdiyi hərəkətin yanlış olduğunu göstərir, yoxsa ki, bu xoşagəlməz nəticələrdən seksual münasibətlər məsuliyyət daşımır.

Dolayısıyla, belə bir qənaət irəli sürə bilərik: Ümumən cinsi əlaqəyə girməkdə yanlış nəsə yoxdur, ancaq qeyd etdiyim nəticələri doğuran başqa işlərin də yanlış sayılacağı kimi, bir andın pozulması, sözün tapdanması, yalan söylənilməsi, yalanın ortaya çıxması, insanların inciməsi və bənzər nəticələrə səbəb olacaqsa, cinsi əlaqə girmək də müəyyən məqamlarda yanlış hərəkət hesab oluna bilər. Məncə bu nəzər nöqtəsi barədə vurğulanacaq çox məqam vardır, ancaq bu cür yanaşmanın digər insanlarla qurduğumuz münasibətlərimizin önəmli yönlərini gözdən qaçırmaq kimi təhlükələri də yox deyil.

Seksual münasibətlərlə bağlı əhəmiyyətli dərəcədə fərqli yanaşmalar mövcuddur. Bir tərəfdə xeyli sayda insan, əxlaqi standartların aşağı çəkildiyi və seksuallıqla bağlı qadağaların yumşaldıldığı dönəmə şahidlik etdi. “Mərhəmətli cəmiyyət”ə yol açan altmışıncıların “seksual inqilab” dönəmi, daha çox nigahdan əvvəlki, nigah dışı, təsadüfi, geniş bir əhatə dairəsinə yayılan seksual təcrübələrin müşahidə edildiyi dövr kimi xarakterizə edilir, bu dönəmə eyni zamanda da, yumşalmış əxlaq qanunlarının zamanı kimi baxılır. Aborta və hamiləliyin qarşısının alınmasına, pornoqrafik ədəbiyyat və filmlərdən hər kəsin asanlıqla yararlana bilməsinə və homoseskuallığa qarşı tolerant münasibət, bütün bunlar, ümumi anlamda desək, mühafizəkar dünyagörüşə sahib insanlar tərəfindən əxlaq standartları sferasındakı çöküşün göstəriciləri kimi qeyd olundular. Yüksək əxlaq ölçüləri onlar üçün tez-tez “Viktorian dəyərləri”ylə səsləşirdi və belə dəyərlər əlbəttə ki, seksuallıq mövzusuna və “məqsədəuyğun” cinsi vəziyyət adlandırılan əhval-ruhiyyəyə də müəyyən yanaşmanı ehtiva edirdi.

Digər tərəfdə isə, seksuallığın fərdi ya da fərdləri maraqlandıran, cəmiyyətin diktəsindən qurtulmuş bir məsələ olduğunu düşünən daha liberal yanaşma mövcuddur. Bu yanaşmaya görə seksual azadlıq həzz almaq və özünü ifadə etmək vasitəsidir. “Əgər həzz və həyəcan verəcəksə”, şəxsi sferada bir-biriylə razılaşan yetkin insanlar arasında hər yaşantı baş tuta bilər.

Labüd olmasa da, böyük ehtimalla, bu cür fərqli əxlaqi baxışlara sahib insanlar öz mövqelərini fərqli yollarla dəstəkləmək istəyəcəklər. Daha liberal yanaşma mənimsəyənlər yəqin ki, öz arqumentlərini hərəkətlərin nəticələri baxımından izah edəcəklər; bəlkə də belə mühakimə yürüdəcəklər: əgər insanlara öz seksual ehtiyaclarını ödəməyə, seksual istəklərini gerçəkləşdirməyə izn verilsə, nəticədə pozitiv nəticələr — daha xoşbəxt və daha doymuş insanlar — neqativ nəticələrdən — bədbəxt və psixikası alt-üst olmuş insanlar — daha artıq olacaq. Digər tərəfdəki mühafizəkar baxışları müdafiə edən insanlar seksual əxlaq mövzusunda oxşar biçimdə arqument yürütməli olsalar — örnəyi, cinsi əlaqə baxımından daha anlayışlı və yumşaq yanaşmaların pozitiv deyil, daha çox neqativ nəticələr verdiyini söyləsələr — böyük ehtimalla söykənəcəkləri təməl, hərəkətlərin nəticəsi olmayacaq, fərqli səbəbləri əsas kimi götürəcəklər.

Örnəyi, onların arqumentləri daha çox əxlaqi kodekslər, məsuliyyətlər, vəzifələr və s. baxımından dilə gətiriləcək. Beləliklə, insanların necə davranacaqlarına və nə edəcəklərinə dair bariz dünyagörüş fərqliliklərinin arxasındaki əxlaqi zəminlərin növləri haqqında da müxtəlif fərqliliklər özünü göstərə bilər. Eyni şəkildə, son təhlilimizdə də, həyatın mənasına dair dünyagörüş fərqlilikləri ola bilər — liberal insanlar həyatdan zövq almağı və xoşbəxtliyi müdafiə edərkən, mühafizəkarlar həyatda xoşbəxtlikdən daha dəyərli yaşantıların olduğunu irəli sürə bilərlər.

Hərəkətlərin nəticələrinə söykənən ən məşhur əxlaq nəzəriyyəsi, əvvəllər də barəsində söhbət açdığımız faydaçılıq (utilitarizm) nəzəriyyəsidir. Bu nəzəriyyənin əsas ideyasını belə ifadə edə bilərik: Bir insan daima insan xoşbəxtliyini daha çox artıran hərəkətləri həyata keçirməyə can atmalıdır. Fəqət bu formul hədsiz dərəcədə bəsitləşdirilmişdir və özündə çoxsaylı problem gizləyir. Bu problematik məsələlərdən biri budur: İnsan xoşbəxtliyi deyərkən nə anlayırıq, nəyi nəzərdə tuturuq? Bu suala veriləcək iki alternativ cavab var: Birinci cavaba görə, xoşbəxtlik müəyyən duyğunu özündə daşımaq və müəyyən zehni əhval içində yaşamaq deməkdir. İkinci cavaba görə isə xoşbəxtlik arzuların təmin edilməsidir. Bu alternativlərdən ikincisinə baxsaq görəcəyik ki, utilitar prinsip bizə arzularımızı imkan olduqca daha çox gerçəkləşdirməyi əmr edir. Ancaq yenə də bu hökmün nizamlanmasına gərək vardır, çünki arzular güclü və zəif ola bilər və güclü bir arzunun təminatı iki zəif arzunun gerçəkləşməsindən daha xoş ola bilər.

Filosoflar bir arzunun digər arzular qarşısında göstərdiyi iddianın hansı üsullarla tarazlana biləcəyinə dair çeşidli təkliflər irəli sürüblər və onların tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusudur. Fəqət bu məsələdə də bir çox etirazlarla qarşılaşa bilərik: Örnəyi, nə dərəcədə güclü şəkildə təzühür edərsə etsin, bir çox arzuların təmin edilməməsinə gərək duyula bilər. Çünki kimsə, müəyyən arzuların gerçəkləşməsinin yeganə yolunun müəyyən dərəcədə uyğunsuz hərəkətlər sayəsində baş tutacağını və məhz buna görə də o arzuların reallaşmasıyla bağlı istəyin yersiz olduğunu söyləyə bilər. Seksual əxlaq sferasıyla bağlı etirazlar məhz bu tip etirazlardır və doğru davranışlarla, yanlış davranışlar haqqında qərar qəbul etmək üçün hərəkətlərin nəticələrinə görə qənaət hasil etmək bu mənada əks hücumlara məruz qala bilər.

“Nəticəçi” yanaşmaya görə öz-özlüyündə doğru ya da yanlış olan heç bir davranış şəkli yoxdur. Sadəcə doğru ya da yanlış kimi dəyərləndirə biləcəyimiz konkret davranışlar vardır və həmin konkret davranış barədə mühakimə yürütməyin ən düzgün yolu həmin davranışın ortaya çıxardığı nəticəyə baxmaqdır. Evlilikdən öncəki seksual münasibətlərin ya da homoseksualizmin yanlış olduğunu irəli sürmək “nəticəçi” nəzəriyyəyə görə qərəzli yanaşmanın, vaxtsız hökmün ifadəsidir. Doğrudur, bu məsələdə də bəzi örnəklər yanlış sayıla bilər, örnəyi, deyək ki, müəyyən bir seksual davranışın nəticəsi bir neçə insanı digər durumda olan bir çox insanlara nisbətən daha bədbəxt hiss etdirə bilər. Fəqət oxşar davranışların bir çox insanı digər insanlardan daha xoşbəxt hiss etdirdiyi örnəklər də ola bilər axı.

“Nəticəçi” modelin digər bir alternativi dini inanca söykənən əxlaqdır. Beləliklə, Tanrının həyat tərzimizi yönləndirəcək qanunlar yaratdığına inanan bir Xristian, ümumi davranış qaydalarının əvəzinə təkcə konkret davranışlara baxıb, onların doğru və yanlış olduğuna qərar verən dünyagörüşü məqbul hesab etməyəcək. Belə insanın yanaşmasına görə zina onu həyata keçirən insanlar üçün heç bir problem yaratmasa belə, xoş nəticələrə səbəb olsa belə, yenə də yanlış hərəkətdir. Çünki, “On Əmr”dən birini açıq-aydın şəkildə tapdalayır. Şübhəsiz ki, “On Əmr”in içində olan hər hansı bir Tanrı kəlamına baş vurmaq xristianlıqdan uzaq bir insanı da təmin etməyəcək.

Çünki, bu cür kəlamların təsir dərəcəsi Tanrı inancına bağlıdır. Ancaq eyni kəlam öz təkcəliyi, özbaşınalığı içində ələ alınsa əgər, bir xristianı da təmin etməyə bilər. Çünki, Tanrının həmin Hökmü nəyə əsasən vermiş olduğunu bilmək mümkün deyilsə, həmin hökmü doğrudan da Tanrının göndərdiyini öyrənmək necə mümkün ola bilər ki? Fəqət işdi şayəd kimsə, müəyyən seksual münasibətlərin sadəcə xoşagəlməz nəticələr doğurub-doğurmadığına bağlı olaraq, bəzən yanlış, bəzən doğru olduqlarını deyil, mahiyyətcə yanlış olduqlarını irəli sürməkdə israr edirsə, o zaman gərək həmin seksual təcrübələrin daxili xassələrini, məzmununu araşdırmağa çalışsın.

Con Nuttal
müasir ingilis filosofu

bilge.az

0 şərh