Hərəkət materiyanın xassəsidir

Ətrafımızdakı cisimlərin bir qisminin hərəkətli, bir qisminin isə nisbi sükunətdə olduğunu həmişə müşahidə edirik. Həyat və hərəkət arasında sıx əlaqə vardır.
Canlılara xas olan əlamətlərdən biri məhz hərəkətdir. Bizə hərəkətsiz kimi görünən hər hansı bir obyekt, əslində mövcud olduğu sistemlə birgə hərəkətdədir. Bütün varlıqların hərəkətini adi gözlə müəyyən etmək bir qədər çətindir.
Hərəkət materiyanın mühüm xassələrindən biridir. Hərəkət materiyanın varlıq formasıdır.
Ətrafımızda baş verən mexaniki, istilik, işıq, səs hadisələrinin hamısı, hətta bizə hərəkətsiz görünən bitkilərin boy artması, yarpaqların işığa doğru, köklərin isə suya və torpağa doğru yönəlməsi hərəkətin mövcudluğu ilə əlaqədardır.
Bitkilər və digər canlıların hüceyrələrində su, mineral maddələr və bir çox üzvi maddələr hərəkət edir. Bu hərəkət nəticəsində canlılar qidalanır, tənəffüs edir, böyüyür və s.
Ürəyin yığılıb-açılaraq bütün üzvləri qanla təchiz etməsi nəticəsində əksər heyvanlarda müxtəlif növ hərəkətlər baş verir.
Hərəkət materiyanın xassəsidir
Top, uşaq arabası, qatar kimi cansız varlıqların hərəkət etməsi üçün onlara hər hansı bir qüvvə ilə təsir edilməlidir. Necə bilirsiniz, iynəni, kağız qırıntılarını hərəkətə gətirmək üçün onlara hansı qüvvə təsir etməlidir?
Təbiətdə baş verən hadisələr: zəlzələ, sunami, atmosfer hadisələri də hərəkət nəticəsində baş verir. Ən böyük dağıdıcı qüvvəyə malik olan zəlzələ zamanı Yer səthində müəyyən ərazi qalxa, müəyyən ərazi isə enə bilər.
Atmosferdə, demək olar ki, hər gün müxtəlif hadisələrin baş verməsinin şahidi oluruq. Bu hadisələrin bir qismi dağıntı, insan tələfatı ilə nəticələnir. Havanın hərəkəti nəticəsində yaranan küləyin gücünün artması qorxulu təbiət hadisələrinə səbəb ola bilir. Tornado və tayfunlar bu cür dağıdıcı külək növləridir.
Dünya okeanında su daim hərəkətdədir. Okeanda suyun hərəkətinə külək, sualtı zəlzələ və vulkan püskürmələri ilə yanaşı, Ay və qismən Günəşin cazibə qüvvəsi təsir edir. Bu qüvvənin təsiri nəticəsində suyun qurunu basması — qabarma, sonra isə geri qayıtması — çəkilmə baş verir.
Gördüyünüz kimi, təbiətdə baş verən hadisələr səbəbsiz deyil. Bu hadisələrin sirrini açmaqda sizə əldə edəcəyiniz bilik və bacarıqlar yardımçı olacaq.

Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik

0 şərh