Cəmiyyət və təşkilatlar

Cəmiyyət təkcə dövlət strukturları tərəfindən idarə edilmir. Cəmiyyətin həyatında mövcud olan təşkilatlar, partiyalar, qurumlar və s. onun həyatında mühüm rol oynayır. Bunlardan biri də partiyalardır. Partiyaların* yaranması cəmiyyətin həyatı ilə bağlı olmuşdur. İnsanlar siyasi məqsədlərini siyasi partiyaların köməyi ilə həyata keçirirlər. Cəmiyyətdə çoxpartiyalılıq demokratik idarəetmə formasının əlamətlərindən biridirYAP. Partiyalar yaradılarkən könüllülük və üzvlərinin hüquqi bərabərliyi əsas götürülür. İlk siyasi partiyalar Hollandiya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Fransada yaranmışdır. Sonradan belə siyasi partiyalar digər ölkələrdə də yaranmağa başladı. Siyasi partiyalar Azərbaycanda XX əsrin əvvəllərində yaradıldı. Belə partiyalara misal olaraq Müsavat, Difai və başqa partiyaları göstərmək olar.
Hazırda Azərbaycan Respublikasında müxtəlif partiyalar fəaliyyət göstərir.
Onların arasında Yeni Azərbaycan Partiyası böyük nüfuza malikdir. Bu partiya ölkənin həyatında mühüm rol oynayır və xalqın mənafeyini dəstəkləyir.
Cəmiyyətin həyatını tənzimləyən qurumlardan biri də qadın hüquqlarını qoruyan təşkilatlardır.
Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. İlk vaxtlar gender problemləri ilə məşğul olan bu qurum cəmiyyətin həyatında mühüm rol oynamaqda davam edir. Ailə və uşaq problemlərinin həlli də bu qurumun səlahiyyətləri daxilindədir.
Böyük nüfuza sahib olan bu komitənin əsas vəzifələri aşağıdakılardır:
— Öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
— Müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək və s.
Respublikamızda uşaq və gənclərin hüquqlarını müdafiə edən, onların inkişafına imkanlar açan müəyyən təşkilatlar da mövcuddur. Gənclər təşkilatları ölkə əhalisinin əsas hissəsini təşkil edən gənclərin birliyidir. Bu təşkilatlar gənclərə xüsusi diqqət və qayğı göstərir.
Ulu öndər Heydər Əliyev gənclərə xüsusi qayğı göstərərək gənclər təşkilatlarının yaradılmasına və inkişafına şərait yaratmışdı. Hətta bu qayğının nəticəsi olaraq 1996-cı il fevralın 2-də Azərbaycan Respublikasının Gənclərinin I forumu keçirilmişdir. Ona görə də hər il 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.
Cəmiyyətin həyatında Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu danılmazdır. Bu təşkilatlar könüllü yaradılır. Müxtəlif məsələlərin həlli ilə məşğul olan bu təşkilatlar cəmiyyətin istəklərini hökumətə çatdırır. Konkret problemlərin həlli üçün yaradılan QHT-lər də vardır. Dövlətdən asılı olmayan bu təşkilatlar insanların həyatında önəmli rol oynayır.
Ölkə daxilində fəaliyyət göstərən təşkilatlarla yanaşı beynəlxalq təşkilatlar da mövcuddur. Ümumi məqsədlər üçün yaradılmış bu təşkilatlar dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Beynəlxalq təşkilatlardan ən nüfuzlusu Birləşmiş Millətlər Təşkilatıdır. Bu təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməyə çalışır. Digər bir nüfuzlu təşkilat Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasıdır.
Həmin federasiyanın ayrılmaz üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikamızda fəaliyyət göstərən ən böyük humanitar təşkilatdır.
Əmək müqaviləsi bağlayan hər bir şəxsi müdafiə edən təşkilat Həmkarlar İttifaqıdır. Bu ittifaq öz üzvlərinin hüquqlarının müdafiəsi və sosial problemlərinin həllində yaxından iştirak edir. Müxtəlif sahələrin həmkarlar ittifaqları birləşərək Respublikamızda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını yaratmışdır.


Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik
 

0 şərh