Vizual Poeziya, Nəzəriyyə və Təcrübə...

Vizual poeziya — ədəbiyyat və ənənəvi təsviri yaradıcılığın (rəssamlıq, qrafika) qovşağında  yerləşən incəsənət janrıdır. Biz bu təzahürü  Rusiyada XX əsrin 90-cı illərindən başlayaraq maraqla izləyirik: bunu vizual poeziya yaradan yeni şairlərlə bərabər bu mövzuda dərc olunan çox saylı məqalələr də sübut edir. Belə maraqlı məqalələrdən mən Sergey Biryukovun «Zevqma. Rus poeziyası” (Zevqma — əlaqə, nitq forması, sözlər arasındakı eynitipli sintaksis əlaqələr.
Bu zaman sözlərdən ancaq birinin uyğunlaşmasından istifadə olunur, digərləri nəzərə alınmır – X.N.) kitabındakı Rusiyanın müasir vizual şairlərinin ardıcıl yaradıcılıq fəaliyyətini sübut edən XX əsrin başlanğıcının Rus avanqard ustalarının əsərlərini, eləcə də „Fiqurlu şeirlər” bölməsini və ayrıca vizual poemalar şəklində yerləşən “Vizual irəliləyiş” bölməsində M.L.Kasparovun „XX əsrin əvvəllərinin Rus şeiri şərhlərdə” (M.2001) məqaləsini  qeyd etmək istərdim.
II. Vizual poeziyanın tarixi
Mətnə qrafik elementlər münasibəti ideyası qədim köklərə malikdir. Bizə məlum olan ilk fiqurlu şeirlər hələ İsgəndəriyyə məktəbinin qədim yunan şairləri tərəfindən yazılmışdır. Mətnin inteqrasiyası və qrafik təsvir nümunələri orta əsrlər və yeni dövr əlyazma kitab müəllifləri tərəfindən yaradılıb. Bu cür mətnlərdə söz və hərflərdən istifadə əvəzinə rəssamlıq və qrafik əsərlərin elementlərindən fransız kubistləri, italyan futuristləri, rus kubofuturistləri, Dada hərəkatının (Birinci dünya müharibəsi zamanı İsveçrədə yaradılan modernist cərəyan — X.N.) üzvləri istifadə etmişlər.
III. 1950-60-cı illərdə vizual şairlərin nəzəriyyəsi və praktikası
Vizual poeziya həqiqi kütləvi xarakterə 1950-60-cı illərdə “konkret poeziya”nın meydana gəldiyi, bütün dünyada vizual şairlərin sayının artdığı dövrdə malik oldu. (Konkret poeziya vizual poeziyanın janrıdır). Bu gün biz vizual poeziyanın ənənəvi poeziya ilə rəqabət aparması mənzərəsinin şahidi oluruq. Xarakterik olaraq,  qərb ədəbi saytlarının əksərində bir qayda olaraq ənənəvi şeir bölməsi kimi, vizual şeir bölməsini də görmək  olar.
vizual şairlərin nəzəriyyəsi və praktikası
Vizual və ya konkret poeziya - müxtəlif texnikaların rəngbərəng dünyasıdır, onlara vahid qayda tətbiq etmək mümkün deyil. Bu səbəbdən də gəlin, bu mürəkkəb hadisə haqqında adekvat təsəvvürün yaranması üçün şair-konkretistlərin 1950-60-cı illərdəki təcrübəsinə və nəzəriyyəsinə müraciət edək.
Şvet Oyvind Falstrem „Konkret Poeziyanın Manifesti” əsərində (1952-1955) qətiyyətlə deyir ki, simvolik tərkibə malik olmadan da bu cür strukturlardan ibarət şeir yazmaq olar.    
Poeziya təkcə analiz edilməməli, həm də ona struktur olaraq yanaşılmalıdı. Özü də təkcə ideya məzmununu önə çıxaran yox, həm də konkret struktur kimi. Beləliklə, qaydalı və qaydasız, psixoloji, müasir, mədəni və universal problemlərlə vidalaşırıq. Birmənalı olaraq, sözlər simvollar olaraq qəbul edilməlidir, lakin onlardan poeziya yaratmaq və dil üzərində konkret material kimi eksperimentlər etmək üçün səbəb yoxdur. Onun “Cədvəldən yaranan detal” işinə hansısa heroqliflərdən quraşdırılmış struktur kimi baxmaq olar.
İsveçrəli Yucin Qomringer "Konkret poeziya” məqaləsində (1956) konkret poemalar və onların linqvistik strukturunun İzomorfizmi  (izomorfizm - müstəlif obyektlərin oxşarlığı – X.N.) haqqında danışır
»Poemalar çılpaq linqvistik strukturlardır və konkret poeziyanın görünən forması memarlıqda olduğu kimi onun da strukturunda tam oxşardır”.  Sonralar «Poema funksional obyekt kimi” (1960) məqaləsində, o, hadisənin dinamikliyi və müxtəlif xarakterli olmasına əsasən, konkret poeziyanın yaranma tarixindən bəhs edərək onu „müxtəlif prosedurların işçi hipotezi” adlandırır: “Bir neçə il əvvəl mən yeni dövr poemalarını funksional obyekt kimi müəyyənləşdirdim. Bu müəyyənləşmə bəziləri tərəfindən gəncləri çaşdıran zamanın əlaməti, digərləri tərəfindən isə prosedurların inkişaf ehtimalı kimi qəbul olundu.
Həmin vaxtlar Cənubi Amerikada və ya daha dəqiqi San-Pauluda poemaları mənim kimi araşdıran qrup formalaşdı. Mən keçmiş dövrün müxtəlif şairlərinin bu cür adlandırılan poemaları haqqındakı xatirələrini ön plana gətirərək öz poemamı „Bürclər” adlandırdım. Sonralar, yəni müxtəlif formalar yarandıqdan sonra, San-Pauludakı dostlarım və mən eksperiment üçün “Konkret poeziya” adlı qrup yaratdıq. Bu adla biz Sürixdə 40-cı illərdən başlayaraq təkanları bütün dünyada yayılan konkret rəssamlara „borcumuzu“ qaytarmaq istəyirdik. 1942-ci ildən mənim „Bürclər” əsərim qəti şəkildə bu qrupun təsiri altına düşdü. Bu gün “konkret poeziya” poetik-linqvistik eksperimentlərin böyük həcmini özündə birləşdirən, bürclərlə  xarakterizə olunan, materialın və onun strukturunun öyrənilməsi baxımından bizim yaratdığımız poemaların işarələrinin məcmusunu ifadə edən ümumi termindi” – Yucin Qomringer yazırdı.
Onun „Sükut” əsəri konkret poemaların ən məşhurlarından biridir. Burada susmaq fenomeni məkan müstəvisinə keçmiş, sözlərin yoxluğu sıfıra bərabər olmuşdur.
Braziliya konkretistləri iddia edirdilər ki, şeirlərin zaman seriyasını müvəqqəti məkanla dəyişdirmək zamanı gəlib (“Konkret poeziyanın pilot planı” məqaləsində 1958).
»Hecanın formal-ritmik vahid olaraq tarixi rolunun bitdiyini qəbul etsək məlum olar ki, konkret poeziya qrafik məkanın varlığını etiraf edir. «Məkan-zaman» strukturu sadəcə müvəqqəti dövrü əvəz edir. Ardıcıl olaraq ideoqrammanın (ideoqramma yazı işarəsi və ya şərti təsvir. Məsələn, müəllifin fonoqramdan fərqli müəyyən ideyaya müvafiq rəsmi. Heroqliflər ideoqramdan ibarətdir – X.N.  ) konsepti məkan və ya vizual sintaksis mənasında olduğu kimi, kompozisiyanın metodunun xüsusi mənasında da vacibdir”.
Harold de Kamposun «Nümunə 2» poeması «Danışmaq gümüşdürsə, susmaq qızıldır» atalar sözünün məkan variasiyasını özündə əks etdirir. Söz-gümüşdür. Sükut-qızıl. Əvvəl -gümüşdür. Son – qızıl. Söz –susmaqdır. Söhbət–qızıl. Aydınlıq. Burada, biz atalar sözünün intellektual anlayış prosesini görürük. Müəllif sözün normativ sərfindən absurda gəlib çıxır: atalar sözünün məğzi də elə burada açılır.
Pyer Qranye (Fransa) "Beynəlxalq Hərəkatın mövqeyi” (1963) məqaləsində konkret, vizual və obyektiv poeziyanı bölüşür
Poeziya incəsənətdən hərəkətə keçdi, natiqlikdən bürclərə. Frazadan struktura, musiqidən energetik mərkəzə… Konkret poeziya – dil materialı ilə işləməkdi, onun köməyi ilə strukturun yaranması və estetik informasiyanın faydalanması vasitəsilə ötürülməsidir. Obyekt poeziyası qrafika, heykəltəraşlıq və ya musiqi müşayiəti, rəssam, heykəltəraş, musiqiçi və naşirlərin əlbir fəaliyyəti sayəsində yaranan rəsmdir. Vizual poeziya vizual enerjinin obyekt və mərkəzinin bərabər götürülən sözü və ya onun  elementləridir.
İlya və Pyer Qarnyenin birlikdə yaratdığı «Kino” poeması kino kadrlarının növbələşməsi kimi ritmlə xarakterizə olunur. Yucin Qomringer kimi Mallarme də onu müasir memarlıqla müqayisə edir. Serjio Bessa konkret poeziyanı D.Bartanın  „konkret poeziyanın əsasını köhnə “İlmələr nəşriyyatı”nda tapmaq olar...”  ifadəsi vasitəsi ilə Stefan Mallarmenin əsərlərinə əsasən izah edir. „Braziliya məktəbinin şairləri üçün konkretlik konsepti memarlıq anlamında izah olunur: “sonsuz ekspressiv imkanlar” struktur materialı memarlıq  sənətinin dilini təkcə tiranlıqdan azad etmir, həm də onu sosial ehtiyaclar üçün əlçatan edir” Maks Bene (Almaniya) „Konkret poeziya 2” (1965) məqaləsində konkret poeziyanı linqvistik mahiyyətin köməyi ilə izah edir. “Əgər Konkret poeziya”nı, ədəbiyyatın linqvistik strukturunu nəzərdə tutan (səs, heca, söz, sözardı, sözün paradiqması) qolu adlandırsaq və ilk növbədə linqvistika aləminin təqdimatı kimi yanaşsaq o, maddi poeziyanın stilidir. Bundan başqa maddi poeziyanın dili qrammatika və məişət  (lakin unikal, vizual və strukturu istiqamətləndirilən modeli) nitqinin şərti  qaydalarına əməl etmir”. Beləliklə, biz görürük ki, vizual (həm də konkret) poeziya müstəviyə qarşı qrafik element münasibətini, texnika və üsulları özündə birləşdirir.
IV. Vizual poeziya və meyl-art
Vizual poeziya və meyl-art (müasir təsviri incəsənətin görüntüsü, poçt markaları və digər poçt materialları əsasında tətbiq edilən  təsvir vasitələri – X.N.) XX əsrin sonu, XXI əsrin əvvəlində bir-biri ilə sıx təmas yaratdı. Əksər meyl-artistlər vizual şairlərdir və ya əksinə. Vizual poeziyaya müxtəlif meyl-art proyektlər həsr olunub, bir çox məşhur vizual şairlər isə öz əsərlərini meyl-art şəbəkəsi vasitəsilə genişləndirir, məsələn, Pyer Qarnye kimi.
V. Müasir vizual poeziyanın tipologiyası
Vizual poeziyanın daha bir təyinatını 1960-cı ildən bu istiqamətdə çalışan müasir Uruqvay şairi Kliment Padın yaradıcılığında gözdən keçirək. Qrafik və vizual poeziyanın bölgüsü haqqındakı  bu gərgin diskussiyanın gedişində belə bir müəyyənlik yarandı: „Vizual poeziya eksperimental poeziyanın janrıdır, deməli, başqa ədəbi janrlar arasında müzakirələrə səbəb ola bilər”.  Vizual poeziyanın universal əlaməti olaraq, əsərdə verbal (şifahi – X.N.) komponentlərin aşkara çıxmasının şahidi oluruq (hərf, heca, ifadə və s.).
 

Müəllif: Xatirə Nurgül
Mənbə: artkaspi.az
 

0 şərh