Blasfemiya nədir

Bu yazı bir neçə il qabaq yazılıb, ilk dəfə «Alma” qəzetində çap olunub. Dindar işləyənlərin „Alma” qəzetini bağlatdırdığı bir vaxtda, bu yazımın yenidən oxunmasını istədim.
Müəllifdən
“Blasfemiya”nın qədim yunan dilində hərfi mənası birisinin nüfuzuna xələl gətirmək, terminoloji mənası isə bir dinin etiqadını alçaltmaq və lənətləmək, ona istehza etmək, allahı ələ salmaq deməkdir. Bu termindən bəzən sosial mövqecə yüksəkdə dayanan şəxslərə qarşı verbal aqressiyaları ifadə etmək üçün də istifadə edilir. Bu yazımda mən bir dini etiqadı təhqir etmək, yəni dini müqəddəsliyi ləkələmək mənasında blasfemiyanın qadağan edilməsi probleminin bəzi məsələlərindən danışmaq istəyirəm.
Blasfemiya nədir
BLASFEMİYA QADAĞASI
Dini etiqadın, o cümlədən dini məzmunlu müqəddəsatın (dini simvolların, adların, prinsiplərin, dəyərlərin və s.) təhqir edilməsi bir sıra dinlərdə, xüsusilə profetik-semit dinlərdə (yəhudilik, xristianlıq, islam) ağır günah sayılır. Bundan əlavə, müasir dövrdə əksər dövlətlərdə bu hərəkət eyni zamanda hüquqi baxımdan da cəzalandırılır. Hətta Səudiyyə Krallığı, İran, Pakistan kimi bəzi dövlətlərdə blasfemiyaya görə ölüm cəzası nəzərdə tutulub. Dünyəvi hüquqda da blasfemiyanın qadağan edilməsi son nəticədə müqəddəsliyin dövlət tərəfindən mühafizə edilməsi deməkdir.
Dini hakimiyyət ilə siyasi hakimiyyətin bir-birindən hələ ayrılmadığı qədim dövrlərdə dini qanunların pozulması (– günah) eyni zamanda dövlət qanunlarının pozulması (– cinayət) demək idi. Ona görə də, blasfemiyanın hal hazırda dünyəvi hüquqda da qadağan edilməsini, dünyəvi hüququn dini hüquqdan ayrılmadığı dövrlərdən qalan qalıq kimi də izah etmək olar.
Lakin müasir dünyəvi dövlətlərin hüquq sistemində, o cümlədən də bizdə, blasfemiyanın qadağan edilməsi (bu termindən istifadə edilməsə də), ictimai asayişi, yəni cəmiyyətdə insanlararası sülh mühitini qorumaq məqsədilə əsaslandırılır.
MÜQƏDDƏSLİK ANLAYIŞI
Deməli, blasfemiya – dini (bəzən də dünyəvi) müqəddəslik daşıyan nəsnə və dəyərlərin təhqir edilməsidir. „Müqəddəslik” anlayışı ikicəhətli anlayış kimi qarşımıza çıxır: sakral (dini) və profan (dünyəvi) müqəddəslik. Lakin tarixi yanaşmada müqəddəslik elə dini təsəvvürdür, daha doğrusu, müqəddəsləşdirmə dini-spritual aktdır. Din də müqəddəsə edilən sitayişdir. And yeri kimi din müqəddəsliyin ifadəsidir. İnsan nə üçün müqəddəslik fəzası yaradıb, bu fəzanın qapanması (ateizm; “allahın ölümü”, Niçe) nə deməkdir, insanın müqəddəsliyə olan ehtiyacı haradan yaranır və o, nə vaxt qurtarır və s. bu kimi suallar, din fəlsəfəsinin, fəlsəfi antropologiyanın, psixologiyanın, kulturologiyanın, kultura fəlsəfəsinin predmetinə daxildir. Bunlar fəlsəfədə də çox həyəcanlı suallardandır.
Müxtəlif dinlər tarix boyu çox şeyi müqəddəsləşdirmişlər: daşı, divarı, bütöv bir şəhəri, çayı, müəyyən yerləri və ya günləri, şəxsləri, o şəxslərə aid əşyaları, onların qəbirlərini, hansısa hərəkətləri (ibadət və s.), hansısa kitabı və s.
Dünyəvi müqəddəsliyə bayraq, himn kimi dövlət atributlarını, insanın şərəf və ləyaqəti kimi dəyərləri misal göstərmək olar. Yuxarıda da buna işarə elədim, bir də deyim: dünyəvi, yəni qeyri-dini predmetlərin və dəyərlərin də müqəddəsləşdirilməsinin kökü son nəticədə dini şüurdadır.
BLASFEMİYA ZƏRURİDİR
Blasfemiya qadağasının xüsusilə yəhudi-ərəb dinlərində mövcud olması göydəndüşmə deyil, adı çəkilən bu dinlərin xüsusi kəskin təbiətlərindən doğur. Blasfemiyanı zərurətə çevirən də budur. İddiamı aydınlaşdırım:
Xüsusilə yəhudilik və islam dinləri özlərinin mütləq toxunulmazlıqlarını iddia edirlər. Məsələnin belə qoyuluşunda, onların hətta tənqid edilməsi də təhqir kimi başa düşülür. Çünki belə mütləqilik tələb edir ki, ona heç qıyğacı da baxılmasın. Tutalım, bir şəxsin namusunu tənqid etməklə, onun namusunu təhqir etmək eyni şeydir. Çünki birisi haqqında „o, namusludur, yoxsa deyil” deyə müzakirə açmaqla, onun elə bəri başdan namuslu olmaya biləcəyini də fərziyyə kimi qəbul etmiş oluruq ki, bunun özü elə azərbaycanlının namus anlayışında artıq təhqirdir. Ona görə də deyirəm ki, blasfemiya müqəddəslik iddiasının özündən doğulur, özü də zəruri olaraq. Bu məqamda bəzi oxucular məni daha yaxşı başa düşəcəklər; onlar bilirlər ki, mübahisə əsnasında dinin hansısa məqamına tənqidi gözlə yanaşanda, ona dünyəvi-elmi izah verəndə, dindarların dərhal “sən bizim dinimizi təhqir etdin!” ittihamı ilə üzləşib qalırlar və pərtlik əmələ gəlir. Qabaqlar mənə elə gəlirdi ki, dindarlar mübahisədə cavabsızlığa sıxışdıqları üçün bunu qəsdən, söhbəti burcutmaq məqsədilə edirlər, amma sonra başa düşdüm ki, yox, bu zəruri nəticədi. Məsələn, tamamilə elmi tezis kimi Quran kitabının bəşər yaradıcılığı – ərəb dühasının əsəri olduğunu irəli sürmək, dindarın şüurunda avtomatik olaraq Məhəmmədin allah adından yalan danışdığını deməyə bərabərdir. Bu da onların nəzərində artıq təhqirdir. Başqa sözlə, islamın (və yaxud yəhudiliyin) əslində tənqidi də blasfemiya sayılır. Dinin mövqeyindən belə çıxır ki, onu yalnız onun özünü istədiyi kimi başa düşməliyik.
»Qanunlar olmasaydı, oğrular olmazdı” (Lao Tse). Yəni oğrular olduğu üçün qanunlar yaranmayıb, əksinə, qanunlar olduğu üçün oğrular əmələ gəlib: «oğru”nu qanun yaradır! M.Fuko dəliliyin tarixini araşdırırdı ki, ağlın (məntiq prinsiplərinin) tarixini üzə çıxarsın; seksuallığın tarixini axtarırdı ki, əxlaqın (etik normaların) tarixini öyrənsin. Demək istəyirəm ki, „vay, sən bizi təhqir etdin!” hökmü “biz müqəddəsik!” etiqadından zəruri olaraq alınır.
Burada bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm. „Dini duyğuları qızışdırmaq” ifadəsi, zənnimcə, qeyri-müəyyən ifadədir. Dini duyğuları qızışdırmaq deyəndə, tutalım, məzhəblərarası nifaq salaraq, ictimai asayişi pozmağa çalışan şəxs(lər) bu kateqoriyaya daxil edilə bilər. Amma dinə qeyri-dini, təbii ki təhqirsiz, amma dinin tələb etdiyi məzmunda olmayan fikirlərilə çıxış edən neytral bir müəllif də istəmədən kimlərinsə dini duyğularını qızışdırmış ola bilər. “Dini duyğuları qızışdırmaq” ifadəsi kontekstində hər din tənqidçisini məsuliyyətə cəlb etmək nə qədər ədalətli olardı? Almanlar „dini duyğuları incitmək, yaralamaq” (Verletzung) ifadəsindən istifadə edirlər. Məncə, bu, bizimkindən daha sərrast ifadədir. Bu, o deməkdir ki, mən öz tənqidlərimdə əsla və əbəda heç kimin dini duyğusunu incitmirəm, yaralamıram, amma bunlardan kimsə də qızışarsa, daha mən ona cavabdeh deyiləm.

QURAN ÖZÜ TƏHQİR EDİR
Quranın adətən təbliğ edilməyən ayələrində onu qəbul etməyənlərə (kafirlərə) “murdar”, „heyvan”, “çöl eşşəyi”, „meymun”, “donuz”, „odun”, “yalançı”, „azğın”  kimi təhqiramiz sözlərə rast gəlmək olar. Gəlin, Qurandan oxuyaq: “...inkarçılar heyvan kimidirlər. Onlar kardırlar, laldırlar, kordurlar...” (Baqara, 171). »...Bunlar (inanmayanlar – A. M.) heyvan kimidirlər, hətta heyvanlardan da aşağıdırlar...” (Araf, 179). «Onlar heyvanlar kimidirlər...” (Furqan, 44). İnkar edənlər heyvanlar kimi qidalanırlar (Muhamməd, 12). „Onlar elə bil aslanlardan qaçan çöl eşşəkləri kimidirlər” (Muddatir, 51).  Allah onları meymuna və donuza çevirib (bu, Maida, 60-ın xülasəsidir). Onlar yalançıdırlar (Muminun, 90; Dariyat, 11; Muqadala, 18; və s.). Onlar cəhənnəm odunudurlar (Ənbiya, 98; Cin, 15). Bütpərəstlər (müşriklər) natəmizdirlər (Tövbə, 28), “… onlar murdardırlar” (Tövbə, 95),  yəni təxminən qusuntu (almanca „der Abscheu”) kimi bir şey. Quranda allah adından insanlara deyilmiş xeyli sayda qarğış, söyüş, lənət, təhqir sözü var, mən hələ müxtəsər etdim. Öz aramızdı, Tövrat xaric hansı dini-müqəddəs kitab öz opponentlərinə belə sözlər deyir?.
Əlbəttə, mən bilirəm ki, ərəb Məhəmməd yaşadığı dövrdə dörd qarşı cəbhəyə səslənib: müşriklərə (bütpərəstlərə), münafiqlərə (islamı sözdə qəbul edənlərə), heç bir qayda-qanun tanımaq istəməyən pozğun bədəvilərə və nəhayət o dövrün yəhudilərinə: bu naxoş sözlərin də ünvanı elə bu sadalananlardır. Mənim yuxarıda Qurandan misal göstərdiyim bu pis-pis sözlərin bu gün ünvanı yoxdur, daha doğrusu olmamalıdır. Quranın bir çox ayəsi kimi bu ifadələri də disfunksionaldır. Din bunu qəbul etmədiyi təqdirdə, cəmiyyətdə daim təhlükəli gərgin parçalanma vəziyyəti hökm sürər. Fəqət Quranın hansısa sözlərinin daha ünvansız olduğunu iddia etmək onun qədim ərəb tarixinin ifadəsi olduğunu deməkdən başqa nədir ki? Problem buradadır.
BLASFEMİYA VƏ DÜNYƏVİLİK
Blasfemiya probleminin bir tərəfi də, “dünyəvi dövlət” anlayışı ilə bağlıdır. Dünyəvi dövlət anlayışına görə, dövlət din işlərinə, din də dövlət işlərinə qarışmır, amma dövlətin din işlərinə xüsusi bir qarışacağı da var: dünyəvi dövlət inanmayanları inananlardan və yaxud əksəriyyətin dininə qoşulmayıb, başqa dində qalanları və yaxud din dəyişdirənləri əksəriyyətin dindarlığından qoruyacaq və nəhayət, dinə sərbəst ibadət imkanı yaratdığı kimi din tənqidçilərinə də dini tənqid etmək şəraiti yaradacaqdır! Bu, dünyəvi dövlətin vəzifələrindən biridir. Yoxsa, dövlət „mən dünyəvi dövlətəm, din işlərini vecimə almıram!” deyə bilməz və yaxud cəmiyyətdə dindar çoxluğun tərəfində dayanma konformizmi nümayiş etdirə bilməz. Çünki axı demokratiya təkcə çoxluğun hakimiyyəti yox, eyni zamanda və ən əsası, fərdi hüquq və azadlıqların təminat altına alınması deməkdir. Əks təqdirdə, demokratiya çoxluğun azlıq üzərində diktaturası demək olardı.
Biz başa düşməliyik ki, “dəyməyin, dinməyin, danışmayın, soruşmayın, dinimizdir, kitabımızdır, peyğəmbərimizdir!” kimi sakrallaşdırma (müqəddəsləşdirmə) həyəcanı sivil-sekulyar cəmiyyət quruculuğunda bizə yalnız ziyan gətirə bilər. Sekulyarlaşma dinin tənqidindən keçir. Bokkakionun Dekameronunu, Volterin Kandidini, Erasmusun Dəliliyə Mədhiyyəsini yada salın. Mən iddia edirəm ki, blasfemiyasız sekulyarlaşma heç başlaya da bilməz. Çünki bəzi dinlər özləri kimi düşünməyənlərin hamısına onsuz da blasfemiya iddiası irəli sürəcəklər. Münasibətin ən ifrat forması kimi təhqir, yenə münasibətin ən ifrat forması kimi müqəddəsləşdirmədən doğulur. (Lao Tsenin yuxarıdakı sözünü yenə xatırlayaq). Müqəddəsi aradan qaldırın, təhqir aradan qalxacaqdır. Belə də deyə bilərəm: müqəddəsi təhqir aradan qaldıracaqdır. Qəti olaraq ikibaşlı danışmıram, yəni heç bir halda dini təhqir etməyə çağırmıram! Təhqir hər bir halda yolverilməzdir, o, çarəsizlikdən doğulur, şəxsən mən təhqir etməyi heç özümə yaraşdırmıram da. Sadəcə olaraq, buna aydınlıq gətirmək istəyirəm ki, dinin də tənqidi olmalıdır, amma bu tənqidləri dindarlar təhqir kimi başa düşüblər, düşürlər, düşəcəklər: blasfemiya qaçılmazdır.
QƏRBDƏ VƏ ŞƏRQDƏ BLASFEMİYA
Blasfemiya Qərbdə (xristianlıqda) Şərqdəkindən (islamdakından) fərqlənir. Məsələn, 2004-cü ildə alman teatrlarının birində əxlaqlı kişini simvolizə etmək üçün, ereksiya vəziyyətində iri penis maketinin çarmıxa çəkilməsi səhnələşdirilib. Katolik Kilsəsinin etirazı ilə bu əsərin sonrakı nümayişləri blasfemiya iddiası ilə qadağan edilib. Bu, başadüşüləndir. Çünki, dini duyğular incidilmişdir. Amma xristianlığın tənqidi, ifşası, hətta yerli-dibli uydurma hesab edilməsi, inkar edilməsi, İsa Məsih obrazı ilə məzələnmə və s. və i. qadağan edilmir, insanların dini duyğularını qızışdırmır. Cəmiyyətin sekulyarlaşmış olması budur.
 
 
Müəllif: Ağalar Məmmədov
Mənbə: yarpaq.az
 

0 şərh