Göydələn mağaralar

XX yüzilliyin sonlarına doğru, elmi-texniki tərəqqinin artan uğurları fonunda yaxın onilliklərlə bağlı optimist hesablamalar xeyli artmışdı. Bir çoxları dəhşətli dərəcədə utopik görünsə də, ümid edirdilər ki, həmin uğurlar təfəkkürlərdə də ciddi inqilaba, köklü dəyişikliklərə gətirib çıxaracaq; dünya əsrlərdir əlbəyaxa olduğu əksər problemləri böyük ölçüdə həll edəcək. Məsələn, despotik rejimlər tarix səhnəsindən sürətlə silinməyə başlayacaq, demokratiyanın sərhədləri genişlənəcək, terrorçuluq və separatizm kimi meyllər kəskin azalacaq.
Lakin zamanın axışı belə optimist proqnozlara skeptik yanaşanları haqlı çıxardı. Nə elmi-texniki nailiyyətlərin hətta möcüzəvi nəticələrə gətirib çıxarması, nə də “soyuq müharibə” dövrünün bitməsi həmin proqnozların reallaşmasına təkan verdi. Əksinə, son 30 ildə dünya bir çox qanlı savaşlara şahidlik etdi; bir sıra avtoritar və totalitar rejimlər sıradan çıxarsa da, ümumilikdə demokratiya böhran dövrünə qədəm qoydu – bir tərəfdə Putin, Əhmədinejat, Bəşər Əsəd, Maduro kimi avtokrat tiplərin qarşısına Qərb və Avropa mahiyyət etibarilə ilə onlardan çox da fərqlənməyən Sarkozi, Tramp kimi zəif fiqurlarla çıxdı; digər tərəfdə isə separatizm və terror özünün yeni çiçəklənmə dövrünə qədəm qoydu: Əl-Qaidə, İŞİD kimi son əsrlərin ən qəddar, vəhşi örgütlənmələri meydan sulamağa başladı.
Yaxın tarix hamımızın gözü qarşısında baş verdiyindən uzun-uzadı təfsilata ehtiyac yoxdur.
İşin xülasəsi ondan ibarətdir ki, bəşəriyyət öz yanlışları ilə üzləşmədikcə, onlardan lazımi dərsi çıxarmadıqca heç bir elmi-texniki tərəqqinin, heç bir mədəni inqilabın dinc dünya qurmağa gücü yetməyəcək.
Dinc dünya? Əslində elə bunun özü də çox utopik deyilmi? Bəlkə də…
Lakin reallıq ondan ibarətdir ki, xalqlar keçmişlərini sorğulamağı və gələcəyi də bu sorğulamalar nəticəsində ortaya çıxan doğrular üzərində inşa etməyi öyrənməlidirlər.
Elə götürək Qafqazı – tarixi, təbiəti, maddi və mədəni zənginliyi, etnik müxtəlifliyi və etnoqrafik rəngarəngliyi ilə dünyanın ən gözəl parçalarından olan bu bölgə əmin-amanlıq, firavanlıq üzünə həsrətdir. Qanın və göz yaşının heç cür qurumaq bilmədiyi Qafqazı, doğrudanmı, “xoşbəxtliklər məskəni”nə çevirmək mümkün deyil?
Görünən odur ki, yaxın gələcəkdə hətta belə bir ehtimaldan danışmaq üçün uşaqcasına sadəlövh olmalısan.
Bu regionda yaşayan xalqların milli mental keçmişdən tutmuş müasir idarəçiliyəcən çox sayda problemi ola bilər. Nəinki ola bilər, hətta var!
Ancaq bir həqiqət son günlərdə növbəti dəfə öz təsdiqini tapdı: Qafqazın burada yaşayan bütün xalqların, millətlərin ümumi evinə, hüzurlu, doğma yuvasına çevrilməsi üçün başlıca təhlükə erməni separatizmidir! XXI yüzildə bir ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə müdaxilə etmək və onun bir hissəsini işğalda saxlamaq, başqa bir ölkənin isə müəyyən hissəsinə qarşı dayanmadan iddia irəli sürmək – yanlışdır. “Yanlış” yumşaq səslənir, barbarlıqdır, biabırçılıqdır, utancvericidir.
Daha utancverici olan isə guya yüz illər öncə ilə müqayisədə daha mütərəqqi, daha mədəni, daha modern olan dünyanın belə separartçı, təcavüzkar, terrorçu meyllər qarşısında susqunluğu, Qafqazda dayanmadan bölücülüyü, savaşı körükləyən, qana çalxalayan ölkənin – Ermənistanın nazı ilə oynamağa, hələ də onun başını sığallamağa davam etməsidir. Bu təfəkkürlə Yer üzündə hansı dinclikdən, əmin-amanlıqdan, ədalət və bərabərlikdən danışmaq olar? Qandan, göz yaşından bəslənənlər qeyd-şərtsiz lənətlənmədikcə əldə edilən elmi-texniki, mədəni uğurların hansı önəmi, anlamı qalır?!
Bir yandan öz yanlışları ilə üzləşməyən, əksinə, həmin yanlışlarında daha inadla israr edən xalqlar var olduqca, digər yandan isə bu xalqların başı “mütərəqqi”, “mədəni”, “inkişaf etmiş” dünya tərəfindən sığallandıqca hər şey necə mənasız, cılız, saxta görünür: böyük-böyük ixtiralar, icadlar da, gözəl-gözəl romanlar, filmlər də… 
İnsanlıq başı buludlara dəyən göydələnlər ucaltmaqla mağaraları çoxdan tərk etdiyini isbatlamağa çalışmış ola bilər, lakin körpələri beşiyindəcə qana boğan zehniyyətləri süpürüb atmadıqdan sonra hamısı boşuna zəhmətdir!
 
Müəllif: Elnur Astanbəyli
Mənbə: azlogos.eu
 

0 şərh