Posthəqiqət dünyasında sağ qalma

“TƏNQİDİ DÜŞÜNCƏ”NİN TƏRKİB HİSSƏLƏRİ
Təsəvvür edin ki, hansısa reportaja baxırsınız və nəsə bir xəbər eşidirsiniz. Hətta sizə həqiqətəuyğun təsir bağışlasa belə, ona güvənmək olarmı? Xəbərin dəyərini anlamaqdan ötrü düşünməyə və suallar verməyə başlayın. Məsələn, həmin xəbəri verən insanların onu həqiqətən bilməsi mümkündürmü? Onlar nə qədər səriştəlidirlər və hadisə anında harda olublar? Jurnalist onları yanlış anlamış ola bilərmi? Sizə hadisənin özünü, yoxsa interpretasiyasını təqdim edirlər – loru dildə desək, haqlı kimdir, təqsirkar kim?
Bu suallara cavab tapmağa çalışmanız, əslində, elə tənqidi düşüncənin vərdişlərinin bir hissəsidir: sistemli şəkildə şübhələnmək, eşitdiyini və ya oxuduqlarını yoxlamaq, yalan informasiyanı saf-çürük etmək bacarığı.
Belə vərdişi intellektual gigiyena vasitəsinə bənzədə bilərik. Media və informasiya texnologiyalarının həqiqətlə uydurma arasındakı fərqləri sürətlə sildiyi bir dövrdə bu vərdiş həddindən artıq böyük əhəmiyyət kəsb edir.
Müasir mütəxəssislər deyirlər ki, biz posthəqiqətlər – “post-truth” dövründə yaşayırıq. Bu sözü ilk dəfə amerikalı dramaturq Stiv Tesiç “Yalan hökuməti” (1992) əsərində istifadə edib. 2010-cu ildə bu termini bloqqer Devid Roberts “Grist” internet-dərgisində işlədib. 2016-cı ildə isə ən çox istifadə olunan söz olduğuna görə, Oksfordun ingilis dili lüğəti “post-truth”-nu ilin sözü elan edib.
Tənqidi düşüncə
Tənqidi düşüncə – son dərəcə populyar, lakin mürəkkəb bir təzahürdür, onu fərqli şəkillərdə qavramaq mümkündür. Bu terminin qərb və rus izahları arasında ciddi bir fərq yoxdur. Hər iki halda söhbət təfəkkürümüzün refleksiya qabiliyyətindən, şübhələnmək və hadisənin alternativ inkişaf variantlarını nəzərə almaq bacarığından gedir. Ancaq tənqidi düşüncə sadəcə bəsit lokal şübhədən, tərəddüddən yox, həm də “ali səviyyədə şübhə”dən ibarətdir. Onun mahiyyəti – “hər şeyə kor-koranə inanmamaq”dır.
Bu məqamda informasiya ilə iş zamanı lazım olan müəyyən vərdişlər toplusunu da unutmamalıyıq: xəbəri yoxlamaq, əsas mövzuları önə çıxartmaq, təzahürləri və ya hadisələri öz aralarında ümumiləşdirmək və müqayişə etmək vərdişi. Bu işin öhdəsindən gəlməkdə bizə məntiq və felin şərt formasında düşünmək bacarığı (“əgər belə olmasaydı, necə olardı?”) kömək edir.
Və nəhayət, tənqidi düşünmək bacarığına həm də səhv etmək haqqı daxildir. Çünki bizim baxış bucağımız da həqiqət olmaya bilər, ondan da şübhələnmək lazımdır. Özünün haqlı olduğuna şübhə etmək – sözügedən vərdişin vacib hissəsidir. Əgər siz bütün bu bacarıqlara və “hər şeyə kor-koranə inanmamaq” tənqidi qaydasına sahibsinizsə, onda tənqidi düşünməyi bacarırsınız.
 
FƏLSƏFƏ VƏ PSİXOLOGİYADA TƏNQİDİ DÜŞÜNCƏ
Tənqidi düşüncə məfhumunun kökləri qədim yunan filosoflarına qədər uzanır. Predmet haqqında vahid təsəvvürləri onların fərziyyələri, qənaət və metodları formalaşdırıb.
Dahi fransız filosofu Rene Dekart XVII əsrdə “Metod haqqında düşüncələr” əsərində təməlində “skeptisizm”, “hər şeydən şübhələnmək” dayanan radikal şübhə metodunu təsvir edirdi. Məşhur “Düşünürəm, demək yaşayıram” ifadəsi də məhz Dekarta məxsusdur. Onun fikrincə, bu, məhz sübuta ehtiyac duymayan həmin an, yeni həqiqətlər axtarışı üçün istinad nöqtəsi olan ilkin həqiqətdir.
“Tənqidi düşüncə” prinsipinin banilərindən biri də XX əsrin əvvəllərində yaşamış amerikalı filosof və pedaqoq Con Dyui hesab olunur. Dyui öz araşdırmalarında insanın müxtəlifplanlı çətinlikləri həll etməsinə imkan verən metod və alətləri təsvir edirdi. O, anlaşılmaz problemli situasiyanı yaxşı strukturlaşdırılmış və həlli mümkün situasiyaya çevirmək üçün lazım olan məqsədyönlü fəaliyyətlər toplusunu təsvir etməkdən ötrü təhqiqat (ing: inquiry) məfhumundan istifadə edir. Burda bir neçə ardıcıl addım atmaq lazımdır: problemi xülasələşdirmək (yəni problemin mahiyyətini), hipotezalar irəli sürmək və onları yoxlamaq.
Rusiya ənənəsində “alətlər” mövqeyinin məşhur tərəfdarı psixoloq Lev Semyonoviç Vıqotski idi. O təkid edirdi ki, mədəni vasitələr və alətlər bizim təfəkkürümüz və davranışlarımızda prinsipial rol oynayır. Biz odunu balta ilə doğrayırıq, torpağı bellə qazırıq, soyuqdan isti paltarların köməyilə xilas oluruq. Eynilə bu cür göstərici vasitələr (məsələn, doğma dilə aid sözlər və ifadələr) bizə öz diqqətimizi, yaddaşımızı, düşüncəmizi və s. idarə etmək imkanı verir. Onlar insandan kənara yox, birbaş onun öz psixologiyasına istiqamətlənib. Biz onlarsız, demək olar ki, köməksizik.
 
TƏHSİLDƏ VƏ İŞDƏ TƏNQİDİ DÜŞÜNCƏ
Bu gün “tənqidi düşüncə” termini psixologiyadan daha çox pedaqogikaya aiddir və savadlı davranmaq – yəni informasiyanı strukturlaşdırmaq, səbəb-nəticə əlaqəsini görmək, öz mövqeyini arqumentləşdirmək bacarığını ehtiva edir.
Baxmayaraq ki, adi tədris proqramı çərçivəsində tənqidi düşünmək öyrədilmir, amma bir çox təhsil müəssisələrində bu vərdiş müxtəlif fənlərin tərkib hissəsi kimi tədris olunur.
İnsan təfəkkürü baltadan, ya da çəkicdən yapışmış əl kimi tənqidi nizama söykənir. Özü-özlüyündə əl o qədər də güclü deyil, amma alətdən istifadə edəndə nəticə verir. Tənqidi düşüncə – həmin o “alətdir” və onu effektiv istifadə etmək mümkündür. Bu fənn qeyri-standart üsullarla – interaktiv debatlardan tutmuş beyin fırtınalarına qədər – tədris olunur.
Pedaqogikada istifadə olunan bir neçə məşhur üsul var. Məsələn, “sinkveyn yazmaq” (ing: cinquain – “beşmisralı bənd”): şagirdə müəyyən qaydalara əməl etməklə keçilmiş materialı xülasələşdirən beş misradan ibarət şeir yazmaq təklif olunur. Və ya “fasilələrlə leksiya” üsulu: mühazirənin hər blokundan sonda dayanmaq lazımdır. “Fasilə” zamanı tələbələr eşitdiklərini müzakirə edirlər və mövzu ilə bağlı tapşırıqları yerinə yetirirlər. Belə metodlarla riyaziyyatı, kimya və ya biologiyanı öyrətmək mümkün olmazdı. Bu, həmçinin sözügedən predmetləri bir-biri ilə əvəzləmək humanitar təhsilin üstünlükləridir.
Tənqidi düşüncənin tədrisi paradoksal və ziddiyətli ola bilər. Belə ki, şagirdlərə “hər şeyə kor-koranə inanmamaq” ideyası öyrədilir. Bu prosesdə şagirdlər daha “dişli” olurlar, yəni tənqidi düşünürlər. Onlar uydurmanı həqiqətdən, yalan mülahizələr zəncirini doğrulardan ayırmağı öyrənirlər. Eyni zamanda şagirdlər artıq tədris predmetini informasiya etalonu kimi qəbul etmirlər. Belə şagirdlərə nəsə öyrətmək daha çətindir. O cümlədən onların uğurlarını standart qiymət sisteminə əsasən qiymətləndirmək də çətinləşir.
 
İndi isə gəlin, tətbiqi sahələri, məsələn, biznesi nəzərdən keçirək.
Əgər ştata yeni əməkdaşlar toplayırsınızsa, əvvəlcə bir suala cavab verin: sizə kim lazımdır – sadə icraçılar, yoxsa tənqidi düşünməyi bacaran insanlar? Əgər sizə ikincilər lazımdırsa, o zaman “dişli” şagirdlər kimi nümunələrlə rastlaşmağa hazır olun. Belə əməkdaşlar öz rəhbərlərinə “yox” deyəcəklər, onlarla məhsuldar iş münasibətləri qurmağı bacarmaq lazımdır.
İş prosesində
tənqidi düşünən insanları effektiv qərarların qəbuluna qoşmağın öz üsulları var.
Komanda üzvlərinin rolları barədə ən məşhur nəzəriyyəni 1967-ci ildə Meredit Belbin təklif edib. Sözügedən nəzəriyyəyə görə, işlə bağlı məsələlərin həlli prosesində hər kəs özünə müəyyən bir rol seçir. Belbinin “rol strukturu” metodu doqquz roldan ibarətdir: motivator, icraçı, pedant, koordinator, komandanın qəlbi, araşdırmaçı, ideya generatoru, müətxəssis və tənqidçi (ki, onu hərdən analitik də adlandırırlar). Rolları dəyişmək mümkündür, ancaq kollektivdə rol səhvlərinin olmaması çox vacibdir. Məsələn, ideya generatorunun, motivator, ya da tənqidçinin yoxluğu kimi: yaxşı tənqidçi etiraz etməyə başlamazdan əvvəl mövzunu anlamalıdır, generatorun ideyanı formlaşadırmasına yardım etməli, yalnız bundan sonra ona şübhə ilə yanaşmalıdır. Yalnız qarşılıqlı fəaliyyət zamanı bütün rollar birlikdə bir-birinin effektiv işləməsinə yardım edə bilir.
Belbinin nəzəriyyəsində bütün rolların xarakteristikası, həmçinin məziyyətləri və qüsurları təsvir olunur. Tənqidçi rolu – zəif yerlərin və ziddiyyətlərin tapılmasına, variantların analizinə və proseslərin stimullaşdırılmasına yönəlib. Bu rolun güclü cəhətləri arasında obyektivlik və tənqidi düşüncə, zəif cəhətləri arasında isə – qapalılıq və ətrafdakıları motivasiya edə bilməmək önə çəkilir.
Tənqidi düşüncə təhsildə və biznesdə əhəmiyyətli rol oynayır, lakin hərdən onun mənfi təsirləri də olur. Onun köməyilə yalançı fərziyyələri dağıtmaq mümkündür, amma müsbət ideyalar yaratmaq, demək olar ki, imkansızdır.
 
TƏNQİDİ DÜŞÜNCƏNİN SƏHVLƏRİ, SUALLARI VƏ BOŞLUQLARI
Tənqidi düşüncə universal deyil və yalnız müəyyən məsələlərin həllində işə yarayır. Təsəvvür eləyin ki, sizin müxtəlif formalarda vintaçanlarınız var, çünki boltların və vintlərin başındakı kəsiklər fərqli olur, hər vintaçan konkret başlığa uyğun gəlir. Bax, tənqidi düşüncə – vintaçanların bütün variantlarına uyğun gələn alətdir. Amma elə situasiyalar var ki, orda “vintaçan”a ümumiyyətlə ehtiyac yoxdur.
Maraqlıdır ki, konspiroloji nəzəriyyələrin tərəfdarlarına tənqidi düşüncə xas deyil. İlk baxışda adama elə gəlir ki, bu insanlar skeptik düşünürlər və hamıya məlum olan faktlara şübhəylə yanaşırlar. Onlar əmindirlər ki, bu dünyada hər şey bizim düşündüyümüzdən fərqlidir: amerikalılar Aya uçmayıblar, peyvəndlər uşaqlara zərər vurur, koronavirusu isə hansısa hökumət digərlərinə xətər yetirməkdən ötrü yaradıb.
Psixoloji nöqteyi-nəzərdən “konspiroloji düşüncə forması” son dərəcə səciyyəvidir. Bu, həddindən çox boşluqları və ziddiyyətləri olan səthi bilgilərdir. Belə insanların skeptisizminin bir özəlliyi var. Konspirologiya tərəfdarları təkcə öz gözlərinə inanırlar və çox güman ki, özləri şəxsən ölçənə qədər, π ədədinin 3,14159265-ə bərabər olduğuna inanmazlar. Konspiroloji nəzəriyyə tərəfdarını fikrindən necə daşındırmaq olar? Əfsus ki, bunun yaxşı reseptləri mövcud deyil. Hansısa əks-arqumentlər təklif etmək olar, amma çox güman ki, onlara nəsə isbatlamaq çətin olacaq. Konspirologiya tərəfdarlarının tənqidi düşüncə və ciddi müzakirə vərdişləri yoxdur, amma özlərinin haqlı olduqlarına hədsiz inanırlar.
 
Tənqidi düşüncənin öyrənilməsində hələ də bəzi qaranlıq məqamlar qalır. Məsələn, lazım gələndə onu necə işə salmalı? Hansı növ psixoloji metodlar belə düşüncənin dəqiq işləyəcəyinə zəmanət verir? Çünki bu prosesləri vaxtında işə salmaq bizi impulsiv qərarlar qəbul etməkdən xilas edə bilərdi. Tənqidi düşüncənin daha bir boşluğu – yetkin insanlarda rasional təfəkkür vərdişlərinin həddindən pis olmasıdır. Klassik elmlər kursunu keçmiş insanların tənqidi düşünmək bacarığından niyə tamamilə məhrum olduqları hələ də sual altındadır.
Və niyə artıq bu vərdişi inkişaf etdirməyin zəruruliyini anlayanların belə, seçdikləri yolla irəliləməsinə mane olan nələrsə var? Bununla bağlı araşdırmalar azdır.
 
TƏNQİDİ DÜŞÜNCƏNİN İNKİŞAFI ÜÇÜN MƏŞQLƏR
Siz tənqidi düşüncə bacarığınızın olub-olmadığını yoxlaya və onu inkişaf etdirməyə başlaya bilərsiniz. Bundan ötrü aşağıdakıları etməlisiniz:
 
– Hər şeydən əvvəl xatırlamağa çalışın: informasiyanı və ilkin mənbələri yoxlayırsınızmı? Hər şeyə şübhə ilə yanaşırsınız, yoxsa hər sözə kor-koranə inanırsınız?
– Məşhur koqnitiv refleksiya testindən keçin, ora daxil olan tapşırıqları dürüstlüklə yerinə yetirin. Bu sizin rasionallığınızı və tənqidi düşüncənizi ölçməkdən ötrü kifayət qədər adekvat üsuldur.
– Əgər tənqidi düşüncənizi inkişaf etdirmək istəyirsinizsə, onun sizə nə üşün lazım olduğunu anlayın. Onun köməyilə hansı məsələləri həll etmək, hansı vəziyyətlərdə ondan istifadə etmək istəyərdiniz?
– Əgər tənqidi düşünməyi öyrənmək qərarına gəlmisinizsə, öz səhvlərinizi axtarmağa başlayın – mülahizələrinizdə, dəyərləndirmələrinizdə və s. Bu, asan deyil, amma tənqidi düşüncəni xeyli inkişaf etdirir.



Mənbə: azlogos.eu

0 şərh