Ədəbi düşüncədə milli özünüdərk problemləri

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçmişdir. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatmış və dövlətçiliyini formalaşdırmışdır. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşmişdir. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapmışdır.
Timuçin Əfəndiyev
Milli özünütanımanın tarixi-ədəbi mənbə və qaynaqları
Milli şüurun tərkib hissələrindən biri olan milli özünüdərk millət və ya hər hansı bir etnos, etnik qrup təmsilçilərinə məxsus təsəvvürlərin, ənənə və anlayışların məcmusu kimi xalqın inkişaf tarixində həmişə mühüm yer tutmuşdur. Milli özünüdərk problemi göstərilən insan birliyini (milləti, etnik qrupu) bir bütün halında yenidən yaratmağa və hər bir fərdi həmin sosial birliyə aid etməyə imkan verir. Milli özünüdərk mənəvi və sosial-siyasi həyatda insanın müvafiq şəkildə öz müqəddəratını təyin etməsi üçün tələb edilən dəyər münasibətlərinin və mənəvi dəyərə əsaslanan təsəvvürlər sisteminin əsasını ehtiva edir. Milli özünüdərkin əsas funksiyasi isə təşəkküllərin mənəvi-psixoloji və sosial-siyasi baxımdan birliyini  yaratmaqdan və formalaşdırmaqdan ibarət olur.
Ümumiyyətlə, milli özünüdərkin strukturuna müxtəlif kanonlar və stereotiplər daxildir. Milli şüur bu və ya digər milli-etnik birliyin ümumiləşdirilmiş baxışlarını, münasibət və təsəvvürlərini özündə əks etdirir. Milli özünüdərk isə  fərdiyyətçilik baxımından şəxsidir, hər şeydən öncə, müəyyən bir fərd, hər hansı  bir milli etnik qrupun təmsilçisi tərəfindən milli şüurun müəyyən tərkib hissələrinin qavrama səviyyəsini ifadə edir. Bu zaman millətin hər bir təmsilçisi özünü onun bir hissəsi kimi başa düşür və milli mədəniyyətin daşıyıcısı olur.
Milli özünüdərk xalqın bir millət olaraq formalaşmasının ən mühüm aspektlərindən biri kimi çıxış edir. Xarici təcavüz, əsarət və milli birliklərin assimilyasiyası, mədəniyyət və ya fiziki  baxımdan məhvolma təhlükəsini daşıyan müstəmləkələşdirmə kimi amillər adətən milli özünüdərkin inkişafını bu və ya digər şəkildə şərtləndirir və bir çox hallarda sürətləndirir. Bu kimi şəraitlərdə milli özünüdərk  sürətlənmiş, hətta iqtisadi birliyin ümumiliyini təmin etmiş və millətin təşəkkülü işi yüksək səviyyədə həyata keçmişdir.
Milli özünüdərk müəyyən bir etnik sosial birliyin təmsilçiləri tərəfindən mövcud milli münasibətlərin ənənə, mədəniyyət və dilin dərk edilməsi, mənimsənilməsi və təkrar yaradılması prosesi kimi mənalanır. Bütün bunlar da öz etnik mühitinə aid dəyərlər sistemini şüurlu şəkildə seçib müdafiə etməklə və bu sistemə münasibətdə öz mövqeyini bildirməklə ifadəsini tapır. Başqa sözlə, milli özünüdərkin aşağı səviyyədə olması təkcə xalqın tarixini, dilini, onun ənənəsini bilməmək deyil, həm də şəxsiyyətin öz müqəddəratını təyin etməsinin, onun fəal inkişafını və cəmiyyətə uyğunlaşmasının qarşısını almaq deməkdir.
İctimai-siyasi, fəlsəfi və ideoloji hərəkat kimi milli özünüdərk anlayışlarının formalaşmasında Qərbin müəyyən təsiri inkaredilməzdir. Biz burada milli özünüdərkin nəzəri cəhətdən əsaslandırılması və bununla yanaşı praktik baxımdan xalqın dünyagörüşünə təsir imkanlarını nəzərdə tuturuq. Lakin unutmaq lazım deyil ki, tarixən hər bir dövrdə xalqların özünüdərkində müəyyən bir mərhələlər olmuşdur. Bütün xalqlar, mədəniyyətlər üçün bu təsirin başlıca rol oynadığını söyləmək doğru olmazdı. Belə ki, Azərbaycanda  milli özünüdərk və vətənsevərlik düşüncələrinin dərin tarixi qaynaqları vardır. Azərbaycan tarixinə  real olaraq ümumtürk tarixi inkişaf prosesinin tərkibi kimi baxdıqda onun tarixi qaynaqlarını, ifadə formalarını görməmək mümkün deyil.
Məlumdur ki, zamanından asılı olmayaraq, hər bir xalq özünəməxsus dərketmə dövrü və mərhələlərindən keçir. Torpaq və ərazi o zaman vətənə, yurda çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşsın. Milli birlik sonralar milli ideala çevrilərək hər hansı bir xalqın tarixdəki yerini və rolunu müəyyən edir. Milli ideal xalqların, millətlərin ən qədim dövründə özünü müxtəlif şəkildə təzahür etdirir. Özündən asılı olmayaraq vətənini sevmək, yaxud vətənin, yurdun başı üstünü qara buludlar alarkən onun müdafiəsinə qalxmaq,  onu qorumaq, nə isə etmək hisslərini dərketmənin ən qədim və sadə formalarından biri hesab etmək olar. Bunu şifahi xalq ədəbiyyatından və eləcə də yazılı ədəbiyyatımızdakı nümunələrdən də görürük. Ən qədim vaxtlardan xalqın özünütanıma prosesi həm də bədii, ictimai düşüncədə əks olunur. Azərbaycan xalqının özünüdərketməsi həm ayrı-ayrı tarixi hadisələrdə, həm də bədii düşüncəsində müxtəlif formalarda təzahür olunur.
Azərbaycan xalqının yurd və xalq sevgisini ən qədim dövrlərdə axtarmaq mümkündür. Hun dövlətinin gerçək qurucusu Metenin davranışında bunu aydın görmək olar. Onun həyatındakı bir hadisə vətənsevərliyin, özünütanımanın parlaq örnəyi kimi maraq doğurur. Bir rəvayətdə göstərilir ki, Hun dövlətinin şərqində döyüşkən tayfa yaşayır və təcavüzkarlıqları ilə fərqlənirdilər. Onların hökmdarı Hun dövlətinə qarşı savaş üçün bəhanə  axtarırdı. Bu məqsədlə ilk öncə Metenin çox sevdiyi böyük sürətlə qaçan atını istəyir. Mete  xalqı savaşın müsibətlərinə məruz qoymamaq üçün atını tatar hökmdarına  göndərir. Ancaq yadelli hökmdar bundan o qədər də məmnun olmur, hər zaman savaş üçün  yeni bir bəhanə axtarır. Bu dəfə Metenin sevimli zövcəsini istəyir. Hun dövlətində dövlət və vətən əhəmiyyətli məsələlər seçilmiş şəxslərin qurultayında müzakirə  edilir və uyğun qərarlar qəbul edilirdi. Qurultayda bəylər tatar hökmdarının bu istəyinə qarşı  çıxaraq düşmənə savaş elan etməyi irəli sürürlər. Ancaq Mete xan: «Mən vətənimi öz eşqimin uğrunda  tapdalada bilmərəm», -deyir və böyük fədakarlıq göstərərək  sevgilisini düşmənə verir. Yadelli hökmdar yenə razı qalmır və Hun ölkəsindən bu dəfə heç bir məhsulu, tarlası, meşəsi, yeraltı sərvəti, əhalisi olmayan bir torpaq parçasını tələb  edir. Belə olduqda qurultay bu tələb ilə razılaşır, faydasız bir torpağın  verilməsində bir zərər olmayacağı nəticəsinə gəlirlər. Mete yenə də bəylərin təklifinə etiraz edir və deyir: «Vətən bizim mülkümüz deyil,  məzarda yatan atalarımızın və qiyamətə qədər doğulacaq törəmələrimizin bu mübarək torpaq üzərində haqları vardır. Vətəndən — istər bir qarış qədər olsun, yer verməyə heç  kəsin səlahiyyəti yoxdur. Buna görə də müharibə edəcəyik. Bax, indi mən  atımı düşmənə doğru sürürəm. Ardımca gəlməyən edam olunacaqdır», -deyərək düşmənin üzərinə yeriyir. Qədim qaynaqların xəbər verdiyi bu hadisəni qələmə alan görkəmli mütəfəkkir Ziya Göyalp davam edərək yazırdı: "Əski türklərin gözündə vətənin nə qədər  əziz olduğunu, bu tarixi hadisədən  anlaya bilərik". (Göyalp Ziya. Türkçülüyün əsasları. Bakı, 1991, səh. 119). Bu fakt həm də milli özünüdərkin ən yaxşı və ibrətamiz nümunələrindəndir.

Dünyanın ən parlaq ədəbi, eyni zamanda, tarixi incilərindən sayılan Orxon mətnlərində (8-ci əsr) Göytürk dövlətinin varlığı həkk olunub. Göytürk hökmdarı Bilgə Xaqan ona aid mətnlərdə türk xalqının məruz qaldığı fəlakətlərdə ən böyük məsuliyyətin xaqanların biliksizliyində, maarifsizliyində olduğuna inanırdı. Bilgə Xaqan türk xalqının səadət və fəlakətlərinə görə xarici qüvvələri deyil, özünü və bəyləri məsul hesab edirdi. O, ölkənin inkişafını özlərinin ağıllı, ədalətli və xalqa bağlı (milli) şüura sahib olmalarında görürdü. Məhz bu milli şüuru gələcək nəslə anlatmaq məqsədilə türk xalqına müraciətlə  deyirdi: «Ey Türk və Oğuz Bəyləri, milləti, dinləyiniz! Üstdə Göy basmadığı, altda Yer dəlinmədiyi halda Sənin elini və dövlət nizamını kim pozdu? İtaətin sayəsində səni yüksəldən hakim Xaqanına və müstəqil dövlətinə pislik edən sən özün oldun. Silahlı və mizraqlı əsgərlərmi gəlib səni dağıtdı və apardı? Ey mübarək Ötükən xalqı! Siz qalxıb Şərqə və Qərbə köçdünüz. Taleyiniz bu oldu ki, qanın su kimi axdı, sümüklərin dağ kimi yığıldı. Oğulların kölə, qızların cariyə oldu. Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!» (Orkun, H.Namik. Əski Türk Yazıları, Ankara, 1986, s. 54) Milli özünüdərkin bəylərdə, cəmiyyətin yuxarı təbəqələrində formalaşmasına yüksək qiymət verən Bilgə Xaqan deyirdi: «Ey Türk Milləti! Sən Ötükəndə oturub karvan və qafilələr göndərirsən, əbədi dövlətini mühafizə edirsən. Burada oturduqda sənin üçün bir qayğı olmayacaq» (Yenə orada).
Ümumiyyətlə, Bilgə Xaqanın bu cür çıxışlarında vətən duyğusu ən yaxşı şəkildə ifadə olunur və vətəni qorumaq üçün Tanrının da onlarla olduğu bildirilirdi. Təsadüfi deyil ki, Orxon abidələrini üzə çıxaran V.Tomsen Bilgə Xaqanın bu çıxışlarının mahiyyətini ifadə edərkən milliyyətçilik ifadəsini işlədərək yazmışdır: «Bilgə Xaqanın bu ifadələri milliyyətçilik tarixində misli görülməmiş ulu duyğuları və sülhsevərliyi göstərməkdədir» (V.Tomsen. Moğolıstanda eski Türkce kitabeler, TM, III cild, səh. 106).
«Kitabi Dədə Qorqud» dastanında yurd sevgisi, vətən amalı və idealı demək olar ki, hər boyda özünü göstərir. «Qazan xanın evinin yağmalandığı boy»da kafirlər Qazan xanın evini yağmalayıb, xanımını qırx incə belli qızla əsir götürdükdən sonra qoyunlarını da aparmaq istəyirlər. Bunun üçün Qaraca Çobana üz tutaraq «Ay çoban, uzaqdasan-yaxındasan, bəri gəl! Baş endirib təzim et! Bizə salam ver, öldürməyək! Səni Şöklü Məlikin yanına aparaq, bəylik alıb verək»,-sözlərinə Qaraca çobanın verdiyi cavab onda yurd, vətən idealını ortaya çıxarmışdır. O, düşmənlərə layiqincə cavab verir və onlardan bəylik almaqdansa, döyüşməyi üstün tutur. Qaraca çobanın bu hərəkəti qədim oğuzların düşüncəsində milli özünüdərkin nə qədər önəmli yer tutduğuna ən yaxşı və ibrətli nümunədir. Milli bədii düşüncədə özünüdərk prosesləri zamanından asılı olaraq müxtəlif formalarda təzahür edir. Bunu nəzərdə tutan AMEA-nın müxbir üzvü, professor Y.Qarayev belə bir doğru qənaətə gəlir: «Milli bədii düşüncə… konkret məqsəd və amal mövqeyindən dərkə can atır, o, mifdən və folklordan, „Xəmsə“dəki sadə adamlardan və „Dədə Qorqud“dan, Nizaminin „insan cəmiyyətindəki“, M.F.Axundzadənin „Təmsilat“ındakı, H.Cavidin və C.Cabbarlının dramaturgiyasındakı „xalq“ anlayışına qədər zəngin bir inkişaf yolu keçir» (Qarayev Y. Seçilmiş əsərləri. V cilddə, V c., B., Elm, 2015, s. 181).
Bu mənada Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsimi, Şah İsmayıl Xətai və b. əsərlərində yurd, xalq, vətən duyğusunun müxtəlif yozumları ilə qarşılaşırıq. Xaqani Şirvani əsərlərində doğma yurdu Şamaxını, Şirvanı dönə-dönə tərənnüm etməklə vətəni dərketmənin, onu duymanın ən yaxşı nümunəsini göstərmiş, "Şamaxı, ey mənim sevimli yurdum, Mən sənin qoynunda xaniman qurdum",-deyə onu vəsf etmişdir. «Töhfətül-İraqeyn» əsərində isə "Şirvanın tərifi" adlı ayrıca bölüm yazaraq vətənini müqayisədə "Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır,/Onun hər cür səhər yeli dərdlərimin dəvasıdır" — deyə onu çox yüksək tutur.

Mən vətənə qurban olum,
                         qurulmuşdur sədaqətdən,
Bağdadı da dolandıran
                                onun bollu qidasıdır.
Şirvan əhli alicənab yaranmışdır,
                                           başdan-başa
O yer gözəl təbiətli bir lətafət məvasıdır.
Bağdad isə bir əlillər ölkəsidir, orada, bax,
Hər tərəfi çulğalayan ahü nalə sədasıdır.
Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,
Gözləri tox, ürəkləri, sanki kərəm dəryasıdır.

(Xaqani Ş Seçilmiş əsərləri. B., Lider, 2004, s. 46)

N.Gəncəvi yaradıcılığında insanın ali keyfiyyətlərinin türkə məxsus olması, islami düşüncənin müqəddəsliyi kimi fikirlər poetik şəkildə öz əksini tapır. «Sirlər xəzinəsi» poemasında Sultan Səncəri «Dağ kimi ucalmışdı bir zaman Türk dövləti, /Sarmışdı məmləkəti ədaləti, şəfqəti./ Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san, /Demək, sən türk deyilsən, yağmaçı bir hindusan»,-deyə ittiham edərkən bunu türk hökmdarına yaraşdırmırdı. Şairin "İskəndərnamə" poemasında Makedoniyalı İskəndəri Azərbaycana gətirməsi, burada milli adət-ənənə ilə tanış etməsi və s. milli özünüdərketmənin təzahür formalarındadır.
Maarifçilik ideyaları rasionalizm şəklində hələ orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində öz əksini tapmışdı. Bunu intibah mərhələsində Xaqani Şirvani, Nizami Gəncəvinin əsərlərində də görmək mümkündür. Lakin fəlsəfi cəhətdən özünüdərk elementləri sufizm, hürufizm və onun nümayəndələrinin əsərlərində daha qabarıq görünür. Nəsimi ədəbi düşüncəni insanın daxili aləminə və onun kamil bir insan olmasına yönəldir. Nəsiminin insanı safdır, təmizdir, özünü anlayandır və dərk edəndir. Onun insanı daim idealını arayır, sirləri duymaq ehtiyacını hiss etdirir, gizli aləmi anlamağa çalışır. O, həm də kamil İnsan obrazı yaradır, onun böyüklüyünü, ülviliyini qəbul edir. Nəsimidə «Mən» önə keçir və onun daxili dünyası bütün komponentləri ilə açılır. «Allahı bilmək üçün özünü bil» diskursu təsəvvüf özünüdərketməsinin əsasını təşkil edir. Nəsiminin «mən»i kamil insandır və özünüdərk edəndir.
Əvhədi Maraği, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. orta əsr mütəfəkkirlərinin əsərlərində də özünüdərk elementlərinə rast gəlmək olar. Həm orta əsr, həm də sonrakı dövrdə Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində bu motiv davam etdirilmişdir. Lakin XIX əsrin əvvəllərindən milli özünüdərketmə prosesində yeni bir mərhələ başlayır. Bu mərhələ maarifçiliyin meydana gəlməsi ilə təşəkkül edir. Milli özünüdərk Avropa maarifçilik fəlsəfəsində daha sistemli yer aldı və xalqların milli şüurunun formalaşmasında  ideala çevrildi. Maarifçilik hərəkat kimi Qərbi Avropada meydana gəlsə də, ümumdünya xarakteri və əhəmiyyəti daşıdı. XVII-XVIII əsrlərdə Qərbdə maarifçilik hərəkatında insanın düşünmə və dəyərləndirmədə öz ağlı və qabiliyyəti baxımından həyatını (fərdi və cəmiyyət həyatını) tam anlayaraq tənzimləməsi, istiqamətləndirməsi, yəni milli özünüdərk prosesi başlayır. İ.Kant «Maarifçilik nədir?» sualına «Maariflənmə insanın öz günahına görə kamala çatmadığı durumdan xilas olub, öz ağlını işlətməsidir»,-cavabını verirdi. Onun  fikrincə, insan öz ağlını işlətməyəndə günahkar durumuna düşür, nəticədə, başqalarının rəhbərliyi altında həyatını nizamlamağa çalışması onun maariflənməkdən uzaq qalmasını doğurur. C.Lokk, F.Volter, Ş.L.Monteskyö, J.J.Russo yaradıcılığında azadlıq, ictimai müqavilə, fərdi və ictimai azadlıq məsələləri qoyulurdu. Onlar öz milli dillərindən istifadə etməyə də xüsusi diqqət göstərirdilər. J.J.Russo yazırdı: "Öz azadlığından imtina etmək öz insan ləyaqətindən, insan təbiətinin hüquqlarından, hətta onun vəzifələrindən üz döndərmək deməkdir. Hər şeydən imtina edən üçün heç bir əvəz ola bilməz. Bu cür imtina insan təbiəti ilə bir araya sığmır..." (Demokratiya. Gediləsi uzun bir yol. B., 2001, s. 74)
Fəlsəfədə, ictimai həyatda və siyasi proseslərdə milli özünüdərk XIX əsrdə bir qədər də genişlənir və zənginləşir. Həmin dövrün demokratiya nəzəriyyəçisi Con Stüart Mill «Azadlıq haqqında», «Nümayəndəli hökumət haqqında düşüncələr», «Qadınların əsarətə alınması» və s. əsərlərində millətin, xalqın uğurlu inkişafı üçün milli şüurun formalaşması və milli özünüdərkin də içində olduğu müxtəlif komponentlərin ifadəsini mümkün hesab edirdi. Maraqlıdır ki, fəlsəfədə və ictimai əxlaqda boy göstərən milli ictimai şüur getdikcə ədəbiyyatda müxtəlif formalarda təzahür edir, bədii düşüncə vasitəsilə geniş dairələrə təsir göstərə bilirdilər. Ümumiyyətlə, ədəbiyyat onların fəaliyyətində xüsusi  yer tuturdu. Sonralar Azərbaycan maarifçilərinin fəaliyyətində bunun parlaq bir nümunəsini görəcəyik.
Zəngin mənşəyi olan Azərbaycan milli maarifçiliyi XIX əsrdə meydana gəlmiş ictimai-siyasi, iqtisadi və mədəni şərtlərdən doğmuşdur. Bu zaman Azərbaycanın mədəni həyatında da dəyişikliklər gedirdi. Ümumiyyətlə, XIX əsrin birinci yarısında Azərbaycanın maarif-məktəb sisteminin inkişafında başlayan yeni bir mərhələ xalqın milli-mədəni şüurunun formalaşmasını şərtləndirdi. Zəngin mədəni irsə malik Azərbaycan xalqı dünya mədəniyyətinin nailiyyətlərindən də istifadə edərək onu öz adət və ənənəsinə uyğun şəkildə inkişaf etdirdi. Bu dövrdə maarifin inkişafında böyük dəyişikliklər oldu. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir kimi görkəmli yazarlar xalqın maarifçilik hərəkatına böyük töhfə verdilər.
Göründüyü kimi, Azərbaycanda milli özünüdərk prosesinin baş verməsində ədəbi-bədii düşüncənin ölçüyəgəlməz rolu olmuşdur. Milli ideya və milli müstəqilliyə gedən yol əvvəlcə milli şüurun oyanması, formalaşması sayəsində baş vermişdir. Bu proses XIX əsrin əvvəllərindən intensiv xarakter almış, milli özünüdərkin bədii düşüncədə yeni mərhələsi başlamışdır. Başlanğıcını ta qədimdən götürən bu proses Azərbaycan maarifçilərinin fəaliyyətində və əsərlərində ağıla söykənərək maarifçilik istiqamətinə yön almışdır. Maarifçilər A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı bilik, elm və mədəniyyətin yayılmasının böyük maarifçilik işində milli özünüdərkin təhsil və məktəbdən keçdiyini ilk dərk edənlərdən olmuşlar. Azərbaycan maarifçiliyi mədəni və ictimai geriliyin, despotizmin səbəbini ancaq elm və maariflə «silahlanmada» görürdülər.
Milli maarifçiliklə paralel olaraq bədii düşüncədə yaranan satira və tənqid özünə kənardan baxmanı şərtləndirmiş, özünüdərk və tanımada yeni bir mərhələ olmuşdur. Qasım bəy Zakir, Mirzə Baxış Nadim, Baba bəy Şakir, Seyid Əzim Şirvaninin satirik şeirləri xalqın düşüncəsindəki neqativ cəhətlərə başqa bir rakursdan -özünütənqid pəncərəsindən baxmanı zəruri etdi. M.F.Axundzadənin yaradıcılığı ilə milli özünüdərk həm bədii, həm ictimai-siyasi, maarifçi və realist istiqamətində eninə və dərininə işlədi. Başqa sözlə, milli özünütanıma M.F.Axundzadə ilə yeni bir mərhələ təşkil etdi. Bu mərhələdə milli şüurun formalaşması, sənətin mövzusunun, məzmununun, formasının dəyişməsi, milli-mədəni, ictimai tərəqqinin inkişafı üçün əlifbanın dəyişdirilməsi cəhdi və s. faktorlar önə çıxır. «Təmsilat»ındakı milli dil milli mənlik və kimlik şüurunun formalaşması üçün ən yaxşı amillərdən biri olur. Milli bədii düşüncə ümumşərq kontekstindən ayrılaraq qərb kontekstinə yaxınlaşır; yeni forma, yeni tendensiya, janrlar ənənəvi bədii sistemi məzmunca dəyişir, özünüdərk prosesini tezləşdirir. M.F.Axundzadənin müəyyənləşdirdiyi milli özünüdərk magistralının əsas faktorlarından biri də cəmiyyətin idarə olunması, fərd və cəmiyyət probleminin öz həllini tapması idi. Sonrakı mərhələdə bunun ilkin əsasları formalaşdı, Demokratik Cümhuriyyət dönəmində isə əməli işdə tətbiq olundu. Beləliklə, türkçülük və turançılıq ideyaları öz rəsmi, siyası ifadəsini əldə etmiş oldu ki, bu da on illər sonra meydana çıxacaq azərbaycançılıq ideologiyasının möhkəm təməl daşlarından və milli ideya mənbələrindən birinə çevrildi.
 
 
 
Timuçin Əfəndiyev
Müəllif: Timurçin Əfəndiyev
Mənbə: edebiyyatqazeti.az
 

0 şərh