Skeptisizm

Skeptisizm (yun. OKEnTiKÖç — araşdıran) ya da şübhəçilik Ellinizm və Roma dövrünün ən çox yayılmış fəlsəfi məktəblərindən biri idi. Onun ardıcılları obyektiv həqiqətin dərk olunmasının mümkünlüyünü şübhə altına alırdılar (7). Skeptiklər hesab edirdilər ki, iki iddia yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa birinə üstünlük verərək onu qəbul etmək olmaz. Bu fikir də onların təliminin əsasını təşkil edirdi. Aşırı şübhəçilik aqnostisizmə və nihilizmə69yaxınlaşır, hətta onu onların bir növü kimi dəyərləndirmək də mümkündür.
Skeptisizm fəlsəfəsi ellinizm dövründə quldarlıq quruluşunun böhranı sonrası yaranmışdır. Onun iki böyük qolu olmuşdur. Onlardan biri m. ö. IV — III yüzilliklərdə Yunanıstanda Pirron, başqası isə miladi II yüzillikdə Roma imperiyasında Sekstus Empirikus tərəfindən yaradılmışdır. Skeptisizmin ideoloji əsasları daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan məktəblərinin nümayəndələri hər şeyin nisbi, keçici və axıcı olduğunu iddia edirdilər. Bu kimi ideyalar sofistlərin, eleaçıların, eləcə də Platonvə Demokritin fəlsəfəsində öz əksini tapmışdır. Ancaq, o zaman bu ideyalar tam formalaşmamış, təlim kimi yalnız ellinizm dövründə yaranmış və “skeptisizm” adlandırılmışdır.
 
Skeptisizmin yaradıcısı Pirron hesab olunur. O Peloponnesus yarımadasının Elida şəhərindən idi.
Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir. O hesab edirdi ki, heç bir şey haqqında qəti iddia yürütmək olmaz, çünki hər bir insan və ya hər hansı bir varlıq onu fərqli qavrayır (dərk edir və duyur). Eyni şey biri üçün xeyirli, başqası üçün ziyanlı ola bilər. Bu da o deməkdir ki, xeyir və şər əslində yoxdur. Həm də xarici amillər də şeylərin özəlliklərinə təsir edir. Məsələn, daş suda yüngül olur, havada isə ağırdır. Bu da o deməkdir ki, onun çəkisi haqqında qəti fikir yürüdülməz. Buna görə də, dünyanı dərk etmək olmaz. Belədirsə, onda hər bir iddiaya qarşı onu təkzib edən iddia yürütmək olar və onların heç biri başqasından üstün deyildir. Şeylərin təbiətini anlamaq imkansızdırsa, onda insan da bu barədə düşünməməli və həyatını adətlərlə gələn qanunlar üzərində qurmalıdır. Pirrona görə insan hər şeyin həqiqi yada yanlış olduğunu təyin edir və o hər şeyin ölçüsüdür.
Pirron öz fəlsəfəsində xoşbəxtliyin hansı yollarla əldə olunması probleminə diqqət yetirmişdir. Onun fikrincə xoşbəxtlik təmkinlik, sakitlik və iztirabların yoxluğu halıdır, bu da ataraksiya adlanır. Bu hala isə yalnız skeptiklərin dünyagörüşünə yiyələnərək nail olmaq olar. Pirrona görə xoşbəxt olmaq istəyən insan üç suala cavab verməlidir:

    1. Çevrəmizdə olan şeylərin mahiyyəti nədən ibarətdir və onların tərkibi nədir?
    2. Bizim onlara münasibətimiz necə olmalıdır?
    3. Onlara münasibət bildirməyimizdən biz nəyi qazanırıq?

Birinci suala insan cavab tapa bilməz, çünki hər hansı şeyin mahiyyəti ya da onun var olub-olmaması haqqında heç bir iddia yürütmək olmaz. Hər bir iddiaya qarşı onu inkar edən iddia vardır. Deməli, biz bir şey haqqında fikir yürüdürüksə, onun həqiqi ya da yanlış olduğu haqqında heç nə deyə bilmərik.
İkinci suala gəldikdə isə insan heç nəyə birmənalı münasibət bildirməməlidir. Bu o demək deyil ki, hər hansı bir şey və ya olay haqqında bizim bilgimiz ola bilməz. Onlar haqqında bizə duyğularımız xəbər verir. Yanlışlıqlar isə onlar haqqında iddialar ortaya qoyanda ortaya çıxır.
Üçüncü suala cavab verərkən Pirron deyirdi ki, xoşbəxtliyi axtaran kəs gərək hər hansı bir şey haqqında iddia ortaya qoymaqdan çəkinsin. Bununla da “ataraksiya” halını əldə etmək mümkündür. Belə olan halda isə bu hala çatmış insanı “filosof” adlandırmaq olar .
Pirronun öyrəncilərindən ən tanınmışı Timon olmuşdur. O, müəlliminin fəlsəfi irsini təbliğ etmiş; eyni zamanda skeptisizmi inkişaf etdirmiş, öz fikirlərini ortaya qoymuş, bununla əlaqədar bir neçə kitab da yazmışdır. Timon həm də çoxlu ədəbi əsərlərin müəllifi olmuşdur.
Timonun fikrincə duyğular vasitəsi ilə biz ətrafımızda olan şeylərin mahiyyətini qavraya bilmirik. Hər bir şeyin mahiyyəti və onun duyğular vasitəsi qavranılması arasında fərq vardır. İnsan elə bilir ki, onun duyğuları şeylər haqqında ona həqiqi bilik verir və bunu güman edərkən yanılır. Ona görə də, hər bir şey, hətta ziddiyyətli olan iddialar da həqiqi ola bilər. Buna görə də, Timon da Pirron kimi şeylərin mahiyyəti haqqında hansısa qəti bir fikir irəli sürməyi imkansız bilirdi.
Timondan sonra skeptisizm iki yüz il zəifləmə dövrünü yaşadı. Sonra bu məktəbin ənənələrini Enesidemus  davam etdirmişdir. Enesidemus ya m. ö. I, ya da m. I yüzilliyində yaşamışdır. Onun soyu Krit adasından idi, ancaq həyatı İskəndəriyyədə keçmişdir.
Enesidemus bir neçə kitabın müəllifi olmuşdur. Onlardan ən tanınmışı “Pirronun sözləri”  adlanır. Bu kitabda o, bir neçə maraqlı məsələlərə toxunmuşdur. Məsələn, o, səbəblərin olub-olmaması haqqında düşünürdü. Onun fikrincə səbəb anlayışı ziddiyyətlidir. Ətrafımıza nəzər saldıqda təbiətdə bir-birinin yaranmasına səbəb olan müəyyən olayların baş verməsini müşahidə edirik. Hər bir hərəkət onu doğan səbəbdən öncə yaranır. Belədirsə, onda səbəb hərəkətlə eynilik təşkil edir ya yox? Edirsə, onda səbəb və hərəkət bir-birindən ayrı anlayışlar deyildirlər. Əgər onlar eynilik təşkil etmirlərsə, onda deməli səbəb hərəkəti ortaya çıxara bilməz, çünki onların təbiətləri fərqlidir.

Enesidemus skeptisizmə dair “tropos”lar (yun. Tpönoç) adlanan dəlillərini açıqlamışdır və onların sayı ondur:
    1.  Canlıların duyğuları fərqlidir, hər bir canlı dünyanı özünəməxsus tərzdə görür və qavrayır. Deməli, eyni şey müxtəlif canlılar üçün fərqli görsənir. Beləliklə, biz şeylərin bizə görsənən özəlliklərindən danışsaq da, onların təbiəti haqqında heç nə deyə bilmərik.
    2. İnsanların da şeylərə münasibəti fərqlidir. Ona görə də, o şeylər haqqında birmənalı fikir yürütmək mümkün deyildir.
    3. İnsanın bir neçə duyğu orqanları vardır, onlar eyni şey haqqında fərqli xəbərlər verir. Məsələn, bal ilk baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə də əvvəlcədən bilinmir ki, onlardan hansına üstünlük verilməlidir.
    4. İnsanın halı hər zaman dəyişir. Məsələn, aç olan insana yemək dadlı, tox olana isə dadsız gələ bilər. Buna görə də, onun gəldiyi qərarlar fərqli olur və bilinmir ki, onlardan hansına üstünlük verilməlidir.
    5. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli sürülə bilər. Hər bir şey tutduğu məsafə və yerdən asılı olaraq bizə fərqli görsənir. Məsələn, gəmi uzaqdan kiçik, yaxında isə böyükdür.
    6. Heç bir şey bir maddədən ibarət deyil, qarışıqdır. Məsələn, biz bir şeyi dərk ediriksə, mütləq ona öz düşüncəmizi və münasibətimizi qatırıq. Ona görə də, hansısa bir şeyin mahiyyəti haqqında heç nə demək olmur.
    7. Kəmiyyətlərin (eləcə də dəyərlərin) nisbətinə və quruluşuna görə şeylər müxtəlif görünə və duyula bilər. Məsələn, qum eyni zamanda həm bərk, həm də yumşaqdır.
    8. Şeylər kəmiyyət və keyfiyyətdən asılı olaraq dəyişir. Hər şey nəyə isə nisbətdə bu və ya başqa cür görsənir. Ona görə də, onun hansısa görkəmdə görünməsi daha da çox ehtimal oluna bilər, onun həqiqi təbiəti bilinməz.
    9. Şeylərə münasibət onlara rast gəlməkdən asılıdır. Belə ki, bəzi şeylər nadir hallarda rast gəlindiyi üçün qiymətli sayılır. Məsələn, əgər qızıl daş kimi hər yerdə olsaydı, onda o heç də qiymətli metal sayılmazdı.
    10. Şeylər haqqında iddialar qanunlar, inanclar və adətlərin təsiri altında da yürüdülə bilər. Ona görə də, onların mahiyyəti haqqında birmənalı fikir yürütmək olmur.

Enesidemusun ardıcıllarından biri Aqrippa (yun. ÄYpınnaç) idi. O, təxminən m. I yüzillikdə yaşamışdır. Diogenes Laertiusa görə Aqrippa Enesidemusun 10 troposuna daha beşini əlavə etmişdir. Onlar aşağıdakılardır:

    1. Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli sürülür. Buna görə də, onlar haqqında qəti bir fikir söyləməkdən çəkinmək lazımdır.
    2. Sübutlar silsiləsi sonsuzluğa qədər davam edir. Deməli, hansısa fikri əsaslandırmaq üçün gətirilən sübutun özü də sübut edilməlidir. Sonra bu yeni sübut başqası ilə isbatlanmalıdır. Bu silsilə də sonsuzluğa qədər sürəcəkdir.
    3. Hər şey nisbidir. İnsana şeylərin mahiyyəti deyil, onun duyğuları daxilində onların görsəntiləri (təzahürləri) açılır. Ona görə də onların əsl təbiətinin nə olduğu haqqında fikir yürütməkdən çəkinmək lazımdır.
    4. Hər bir həqiqət kimi iddia edilən şey əslində fərziyyədir (hipotez). Bu kimi fərziyyələr nəyinsə barəsində nəticə çıxartmaq üçün kifayət etmir.
    5. Sübutlar bir-birini sübuta yetirməlidir. Bu da o deməkdir ki, hansısa iddianı sübut etmək üçün irəli sürülmüş sübutu da qarşılıqlı olaraq həmin iddia ilə sübut etmək lazımdır. Onda belə nəticəyə gəlinir ki, onlardan heç biri başqasını sübut etmək üçün yetərli deyildir. Buna görə də, hər hansı iddiadan çəkinmək lazımdır.
 
Skeptisizmin Roma dönəminin ən tanınmış nümayəndəsi Sekstus Emprikus olmuş və o, bu məktəbin ənənələrini davam etdirmişdir. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” və “Riyaziyyatçılara qarşı” kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.
Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekstus Emprikus Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.

Bilindiyi kimi digər antik düşünürlər bilginin əldə olunmasının mümkünlüyünü iddia edirdilər. Sekstus Empirikus isə şübhəçilərin gələnəyini (ənənəsini) sürdürərək iddia edirdi ki, bilgi nisbidir. Ona görə də, problemlərin çözülməsi və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdır (3, 22). Belə olarsa, insan kamilliyə çatmış olur. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Bu sırada sağlam düşüncəyə özəl yer də verilməlidir.
Qədim zamanlardan başlayaraq duyğular vasitəsi ilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən düşünürlər öz dəlillərini Sekstus Empirikusun kitablarından gətirirdilər. Onun “problemlərin həllindən çəkinmə” prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.
 
Mövzu ilə əlaqəli suallar:
    1. Skeptisizm fəlsəfəsi hansı müddəalar əsasında qurulmuşdur?
    2. Pirrona görə şeylər hansı meyarla ölçülür?
    3. Pirrona görə xoşbəxtliyə hansı yollarla çatmaq olar?
    4. Ataraksiya nədir?
    5. Timonun şübhəçiliyi nəyin üzərində qurulmuşdur?
    6. Enesidemus səbəblər haqqında hansı fikirdə idi?
    7. Enesidemus öz “tropos”larında nədən bəhs etmişdir?
    8. Aqrippa hansı “tropos”ları irəli sürmüşdür?
    9. Sekstus Emprikus fəlsəfəsinin mahiyyəti və əhəmiyyəti nədən ibarət olmuşdur?

Ədəbiyyat:
    1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
    2. Long, A. A., 2006, From Epicurus to Epictetus: Studies in Hellenistic and Roman Philosophy, Oxford: Oxford University Press.
    3. Mary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899.
    4.  Zeller E. Outlines of the history of Greek philosophy. London: Longmans, Green and Co, 1886.
    5. Асмус В.Ф. Античная философия. М.: Высшая школа, 1976.
    6. Секст Эмпирик. Три книги Пирроновых положений / Перевод Н. В. Брюлловой-Шаскольской // Секст Эмпирик. Сочинения в двух томах. Том 2. М.: Мысль, 1976.
    7. Софисты // Философия: Энциклопедический словарь / Под ред. А.А. Ивина. М.: Гардарики. 2004.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh