İslam fəlsəfə tarixi

Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Ərəbdilli müsəlman filosoflarının təlimlərinin əsasında dünya­nın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri– mümkünlüyü ideyası dururdu. Bu prinsip– emanasiya prinsipi ilk dəfə ərəbdilli müsəlman regionunda «Şərqin Aristoteli» əl– Fərabi (870– 950) tə­rə­findən inkişaf etdirilmişdir. Əl– Fərabiyə görə, Allah– zəruri mahiyyət– hər cür axının ilkin mənbəyidir. Oradan meydana gələn bütün varlıqlarda olduğu kimi, onun substansiyası da belədir. Əl– Fərabi emanasiya prinsipinin teoloji kreatsionizmin əksinə olaraq istifadə etmişdir. Emanasiya nəzəriyyəsinin plotinçi variantı Fərabi tərəfindən aristotelizm ruhunda təzədən işlənmişdir. Materiyanı «hiss aşkarlıq» kimi ruhun zəiflik səbəbi hesab edən və buna görə də onu insan idrakına layiq bilməyən Plotindən fərqli olaraq Fərabiyə görə, «ilk materiya» səma altında bütün substansiyaların potensiyası hesab olunur ki, burada da forma materiyanın sayəsində mövcud olur, materiya isə forma üçün substrat hesab olunur.
Fərabinin ardınca emanasiya prinsipindən digər orta əsr ərəbdilli filosofu İbn Ruşd (1126– 1198) ontoloji mövqeləri əsaslandırmaq üçün istifadə etmişdir. Bütövlükdə bu mövqeyi naturalist monizm kimi səciyyələndirmək olar. Rasional biliyin həqiqiliyinə inam və əqlin qeyri– məhdud imkanları İbn Ruşdun baxışlarında özünün geniş əksini tapa bilmişdir. O, insanları ağlına və qabiliyyətinə görə üç kateqoriyaya bölürdü: «Şərhə qadir olmayan» geniş publika; dialektik şərhə qadir olan dialektiklər və ən nəhayət, müdrik apodeytiklər. Həqiqi baxışlar və publikaya təklif olunan baxışlar ideyası (bu çox vaxt ikili həqiqət nəzəriyyəsi adlanır) həqiqi bilikləri aşkar etməyə xidmət edir. Həqiqi baxışları aşkar etmək qabiliyyəti filosoflara, alimlərə aid edilirdi. Bu üsul fəlsəfə avtonomiyasını təmin etmək üsulu, onu teologiyanın tənqidindən qorumaq üsulu, dinin diktatına tabe olmaqdan qurtarmaq üsulu olmuşdur. İbn Ruşd böyük ərəb peripatetiklərinin nəslindən onların sonuncusudur. İbn Ruşdun fikrincə, materiya əbədidir və deməli, əbədi olan hər şey heç vaxt yaradıla bilməz. Bu isə bütün müsəlman və orta əsr teologiyasına qarşı ən güclü protest hesab edilə bilər. Dini ehkamları qara camaat üçün zəruri hesab edən İbn Ruşd kainatın milyonlarla intellektdən əmələ gələn vahid ruh tərəfindən idarə olunduğunu iddia etmişdir. Onun «İkili həqiqət haqqında» məşhur əsəri orta əsr Avropasında geniş şöhrət qazanmışdır.
Orta əsrlərin ən böyük filosof və alimlərindən biri Əbu Reyhan Biruni (973– 1048) olmuşdur. Ensiklopedist mütəfəkkir öz dövrünün bütün elmləri sahəsində kəşflər etmişdir. 150– yə qədər əsərin müəllifi idi. Astronomiya, geodeziya, riyaziyyat, coğrafiya, mineralogiya, fizika, farmakologiya, fəlsəfə, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. aid əsərləri uzun illər alimlərin stolüstü kitabları olmuşdur. Ptolemeyin geosentrik sistemini müdafiə etsə də riyazi mövqedən helisentrizmin mümkünlüyünü etiraf etmişdir. O, ilk dəfə tarixi prosesin tsiklliyi ideyasını irəli sürmüşdür. «Hindistan tarixi», «Qədim xalqların xronologiyası», «Ötən nəsillərin yadigarları» əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. Allahın varlığını qəbul etsə də, hər yerdə materialist kimi çıxış etmişdir. Biruni varlığın əsasında materiyanın durduğunu və onun müxtəlif formalarda kainatın hər yerində təzahür etdiyini göstərmişdir.
«Fəlsəfə» elminin orta əsrlərdəki nümayəndələri praktikaya əsaslanan «rasional elmləri» dini biliklərlə əlaqədar olan «ənənəvi elmlərə» qarşı qoyurdular. Onların əksəriyyəti eyni zamanda təbiətşünas idilər. Məsələn, Avropada Avitsenna adı ilə məşhur olanİbn Sina(980– 1037) yaradıcılığı fəlsəfə ilə yanaşı riyaziyyat, astronomiya, botanika, geologiya, təbabət və s. sahələri də əhatə edirdi. Şərq aristotelizmin ən məşhur nümayəndələrindən biri olan İbn Sina 450– yə qədər əsər yazmışdır. Öz fəlsəfi ideyalarını ömrünün sonunda yazdığı (sufiliyin, xüsusilə işraqiliyin təsiri açıq hiss olunan) əsərində əks etdirmişdir.
İbn Sinanın fəlsəfəsi şərq aristotelizmin metafizika, qnoseologiya və məntiq sahəsindəki ənənələrini davam etdirmişdir. Burada neoplatonizmin ontoloji konsepsiyası mühüm yer tutur. İbn Sina dünyanın zamanda yaranışını inkar edir. Onu ilk səbəbin– allahın zaman xarici emanasiyası kimi izah edir. Kainatın hökmdarı zərurətdir. Bu zərurətin maddi ifadəsi olan varlıq və kainat əbədi və dəyişməzdir. Təbiət və onun hadisələri səbəblər zənciri ilə bir– birinə bağlıdır və bir– birlərindən doğur. İdrak və ağıl isə təbiətin tacıdır və heç bir materiya ilə bağlı olmayıb ölməzdir (bütün bunlar isə neoplatoniklərin fikirləri ilə səslənirdi). Ərəbdilli müsəlman filosofları İbn Ruşd, İbn Xaldun, əl– Qəzali İbn Sinanı ateizmdə, dinlə fəlsəfəni qarışdırmaqda tənqid edirdilər. İbn Sina böyük alim olmuşdur. Onun tibbə dair «Qanun kitabı» yüz illərlə dünya alimlərinin stolüstü kitabı olmuşdur.
Orta əsrlərin müsəlman filosofları içərisində özünəməxsus yer tutan teoloq və filosoflardan biri dəəl– Qəzalidir (1058– 1111). Mən­şəyinə görə iranlı olan əl– Qəzali əsasən ərəbcə yazmışdır. Bağ­dadda müsəlman hüququ müəllimi olmuşdur. Fəlsəfə ilə məşğul olan Qəzali belə bir nəticəyə gəlmişdir ki, irrasional anlayış olan etiqadla rasional prinsiplərin məhsulu kimi fəlsəfə bir yerə sığmır. Bu isə onda dərin psixoloji böhrana (1095) gətirib çıxarmışdır. Professor (müdərris) vəzifəsindən imtina edən əl– Qəzali 11 il qələndər (gəzərgi) dərviş, sonra isə asketik həyat tərzi keçirmişdir. Onun fikrincə, allahın rasional dərki qeyri– mümkündür (allah ali həqiqətdir). Lakin Qəzali ətraf mühitin qanunauyğunluqları haqqında bilik verən rasional elmləri inkar etmirdi. Əl– Qəzali ona məlum olan fəlsəfi sistemləri, o cümlədən Şərq aristotelizmini tənqid etmişdir. Qəzaliyə görə, allahın dərki yalnız estetik həyacanlar vasitəsilə mümkündür. Burada estetik həyacanlar daxili təcrübə rolunda (hər bir fərddə) çıxış edir. Əl– Qəzalinin mistik teizminə qarşı İbn Ruşd çıxış etmişdir. Qəzalinin sistemi monoteist sufizmin fəlsəfi– teoloji formulə edilməsidir ki, burada da o, həmin təlimi ortodoksal islamla birləşdirmişdir. O, maddi aləmin əbədiliyi və qanunauyğun in­ki­şafı ideyasına qarşı çıxmışdır. Dünya allahın iradəsi sayəsində mövcud olub, zaman və məkanda mövcuddur.
Qəzalinin ideyaları orta əsr müsəlman fəlsəfəsinin, eləcə də yəhudi fəlsəfəsinin inkişafına böyük təsir göstərmişdir. O, «Filosofların məqsədləri», «Filosofların təkzibi», «Dini elmlərin dirçəlməsi» və s. əsərlərin müəllifi kimi məşhur olmuşdur.
Orta əsr ərəbdilli müsəlman filosofları içərisində İbn Xaldun (1332– 1406) mühüm yer tutur. Fəlsəfədə o, İbn Ruşdun davamçısı və şərhçisi olmuşdur. Həqiqətin rasional və obyektiv xarakterini müdafiə etmişdir. Onun sosial fəlsəfəsi xüsusilə siyasi həyatın və dövlətin əmələ gəlməsi və inkişafı nəzəriyyəsidir. Böyük alimin fikrincə, insanlar əvvəlcə vəhşi həyat tərzi keçirir, tədricən təbiətdən ayrılaraq sosial kollektiv şəklində yaşayırlar. Dövr keçdikcə əkinçilik və maldarlıqla, sonra isə sənətkarlıq, ticarətlə məşğul olur, elm və incəsənəti yaradırlar. İstehsal məhsulu artdıqca maddi həyat zənginləşir, sivilizasiya formalaşır. Bəzi xalqlarda vəhşilikdən sivilizasiyaya keçid istilaçılıq yolu ilə baş verir. Nümunə kimi ərəb istilasını misal göstərən alim cəmiyyətin primitiv səviyyədən mədəniyyətə keçidini bərabərliyin qeyri– bərabərliyə keçməsi ilə əlaqələndirir. O, dövlətin əmələ gəlməsi və inkişaf mərhələləri haqqında maraqlı fikirlər söyləyir. Ümumiyyətlə, İbn Xaldun fəlsəfi fikir tarixində ilk dəfə olaraq dövlətlə onun iqtisadiyyatı arasında əlaqənin elmi şərhini verə bilmişdir. Ümumiyyətlə, orta əsrlərin Yaxın və Orta Şərq filosoflarının yaradıcılığı təkcə müsəlman dünyasının deyil, eyni zamanda xristian Qərbinin mənəvi mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Ərəbdilli peripatetiklərin əsərlərinin latın dilinə tərcüməsi Avropada antik ənənəni təzədən dirçəltdi. F.Engels «Təbiətin dialektikası» əsərində yazırdı: «Təbiətin müasir tədqiqi,– qədim insanların naturfəlsəfə sahəsindəki dahiyanə ehtimallarına və ərəblərin olduqca mühüm, lakin qeyri– müntəzəm və əksəriyyətlə bir nəticə vermədən itib getmiş kəşflərinə əks olaraq müntəzəm və mükəmməl bir elmi inkişafa gətirib çıxaran bu yeganə tədqiq də bö­yük tarixin başlanğıcına imkan» vermişdir. Bu, bir daha sübut edir ki, müsəlman fəlsəfəsi qərb dünyasına misilsiz xidmət göstərmişdir.

a) Ə.Bəhmənyar, E.Miyanəji, Ş.Sührəvərdi, S.Urməvi, Nəsirəddin Tusi, Nizami Gəncəvi



Ərəbdilli müsəlman fəlsəfəsinin inkifında Azərbaycan alimləri də yaxında iştirak etmişdir. Onların içərisində Əbülhəsən Bəhmənyar (993– 1066) özünəməxsus yer tutur. Məşhur İbn Sinanın şagirdi olan Bəhmənyar Aristotelin şərhçiləri içərisində güclüsüdür. Şərq peripatetizminin ən böyük nümayəndəsi olan Bəhmənyar «Təhsil», «Gözəllik», «Səadəət», «Musiqi kitabı» «Metafizikanın mövzusu», «Mövcudatının mərtəbələri» və s. əsərlərini yazmışdır.
Bəhmənyara görə, hər şeyin səbəbi və nəticəsi var, bədən əqlin sayəsində mövcud olur. Mövcudat zəruri və mümkün olandır. Hərəkət zamana görə deyil, zaman hərəkətə görə müəyyən olunur. Bəh­mən­yarın varlıq təlimi hərtərəfli işlənmiş təlimdir. Bəhmənyarın məntiqə dair yazdığı əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. O, idrakı– hissi və məntiqi olaraq iki hissəyə bölmüşdür. İdrakın mənbəyi də ikidir: hissi təcrübə və əqli təfəkkür. Bəhmənyar materiya, forma, cisim, zaman, hərəkət və s. kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə götürüb tədqiq etmişdir. cisim üç ölçülü (uzunluğu, hündürlüyü və eni olan) substansiya kimi müəyyən olunur. Materiya və formadan yaranması səbəbinə görə cisim mürəkkəb substansiya adlanır. Materiya və formanın qarşılıqlı əlaqəsi, onların bir– birindən ayrılmaması Bəhmənyar tərəfindən əsaslandırılmışdır. Peripatetik filosof, Aristotelin və İbn Sinanın mövqelərindən çıxış edən Bəhmənyar hərəkəti potensialdan aktuala keçid kimi səciyyələndirmişdir. Filosofa görə cisim, onun hərəkəti və zaman bir– birindən ayrılmazdır. Biri digərini şərtləndirir.

İdrak nəzəriyyəsində idrak prosesində hissi və rasional momentlərin mövcudluğu qəbul olunur.
Ümumiyyətlə, Bəhmənyarın təlimi sonrakı alimlər nəslinin yetişməsində mühüm rol oynamışdır.
Orta əsr Azərbaycan, eləcə də müsəlman Şərqində məşhur filosoflardan biri Eynəlqüzat Abdulla Miyanəcidir (1099– 1131). 28– 29 yaşlarında azad fikirlilik üstündə müsəlman qanunçuları– fəqihlər tərəfindən təqib edilmişdir. Ayrı– ayrı yerlərdə onu kafir elan edib, ölümünə fitva verirlər. Nə tanınmış ailədən çıxması, nə böyük mənsəb– Həmadanın baş qazisi vəzifəsini tutması onu ittihamdan xilas edə bilməmişdir. Eynəlqüzat 1128– ci ildə həbs edilib Bağdad zindanına göndərilmişdir. Orada «Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti» əsərini yazmışdır. 1131– ci ildə onu Həmadana qaytararaq, 33 yaşında, dərs dediyi mədrəsədə edam edirlər. Filosof yazdığı «Həqiqətlərin məğzi», «Müqəddimələr» və «Qəribin şikayəti» kitablarında sufizmin müxtəlif aspektlərini işıqlandırmış, ona bitkin fəlsəfi məzmun vermişdir.
Monoteizm, dualizm, panteizm və s. dünyagörüşü ifadə edən təlimlər varlığa baxışa, onun cisimləri arasındakı münasibətə görə müəyyənləşir. Kreatsionizmə (Allahın dünyanı heçdən xəlq etməsi haqqında nəzəriyyə) əsaslanan ideoloqlar, o cümlədən ortodoksal və müxalifətçi sxolastlar, mötədil sufilər monoteistdirlər. Vacib varlıq ilə mümkün varlığın yanaşı mövcudluğunu iqrar edən Şərq peripatetikləri dualistdirlər. Allah ilə insanın substansional vəhdətinə inanan ifrat sufi mütəfəkkirləri panteizmə meyl edənlərdir. Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteistdir. Miyanəciyə görə, allah çoxsaylı atributlara malik olan substansiyadır. Atributlar təkcə substansiyadan deyil, həm də bir– birindən ayrılmazdır. Substansiya özlüyündə mövcud olandır.
Miyanəci emanasiya nəzəriyyəsini tənqid etmişdir. Vahid substansiyanı qəbul edən filosof ardıcıl monizm mövqeyində durmuşdur. Hissi, əqli və intuitiv idrak formalarını müdafiə etmişdir. Miyanəcinin idrak təliminə görə, konkret hissi şeylərin xarici tərəfləri duyğular və hisslərlə, onların mahiyyəti əqllə, şeylər dünyasının bütövlüyü isə (bunu filosof allahla eyniləşdirir) intuisiya ilə dərk edilir. Varlığı ümumi hissələrə (buraya bütün mövcud olanlar daxildir) bölən Miyanəci digər hissələrə bölgünü də qəbul edir. Bunlar zəruri, mümkün olan, substansiya və atributları və s.– dir.
Ümumiyyətlə, həm varlıq, həm də idrak təlimində maraqlı fikirlər söyləyən Eynəlqüzat Miyanəci Yaxın və Orta Şərq ölkələrində azad fikirlilik və panteizmin yayılmasına böyük təsir göstərmişdir.

Orta əsrlərdə Azərbaycanda işraqilik fəlsəfəsinin yaradıcısı hesab olunan Şihabəddin Yəhya Sührəvərdi (1154– 1191) də Miyanəci kimi azadfikirlilikdə və dinsizlikdə günahlandırılaraq edam edilmişdir. O.Şərqdə «öldürülmüş filosof» (Əl– Fəyləsuf əl– Məqtul») kimi tanınmışdır. Fitri istedadı, orijinal fəlsəfi fikirləri ilə çoxlarının peyğəmbər adlandırdığı, şair– filosof Şihabəddin Sührəvərdi orta əsrlərdə peripatetizmin ən görkəmli nümayəndəsi olmuşdur. Z.Məmmədov filosofun 52 əsərindən on üçünün peripatetizm,, on beşinin sufizm, səkkizinin işraqilik, on altısının isə müxtəlif mövzular üzrə qruplaşdığını qeyd etmişdir. Onun «Filosofların görüşləri», «Baxışlar», «Müqavimətlər», «İşıq heykəlləri», «İşraq hikməti» və s. əsərləri geniş yayılmışdır. O, fəlsəfi kateqoriyaların yeni təsnifatını işləyib həzırlamışdır. Filosof mühüm fəlsəfi məsələlərə– varlıq və onun növləri, substansiya və aksidensiya (hər şeyin təsadüfi, keçici, müvəqqəti əhəmiyyətsiz xassəsi), materiya və forma, cisim və onun hərəkəti, səbəb və nəticə və s. öz münasibətini bildirmişdir.
İşraqilik fəlsəfəsinə görə, işıq və onun kölgəsindən ibarət olan bütün mövcudluğun zirvəsi mütləq işıq– işıqlar işığıdır (Nur əl– Ənvər). Bu vahid işıqdan digər işıqlar və onların kölgələri (cisimlər) yaranır. İşraqiliyə görə, insan ruhu abstrakt işıqdan əmələ gələn işıqdır. İnsanın bütün fəaliyyəti onda olan abstrakt işığın sayəsində baş verir. «Filosofların görüşləri» traktatında ilk nəticədən mövcudatın meydana çıxması prosesi belə şərh edilir: «Yaradıcıya və öz ağıllığına nisbətdə, öz imkanına və öz ağıllılığına nisbətdə, öz mahiyyətinə və öz ağıllığına nisbətdə onun üç cəhəti vardır. Öz yaradıcısına və öz ağıllığına nisbətə görə (bu, ən şərəfli cəhətdir) ondan başqa bir əql vücuda gəlir. Öz imkanına və öz ağıllılığına nisbətə görə (bu, ən aşağı cəhətdir) ondan göy sferası, öz mahiyyətini anlamasına görə göy sferasının nəfsi vücuda gəlir. Eləcə də ikinci (əqldən) üçüncü əql, ikinci göy sferası və göy sferasının nəfsi, üçüncü (əqldən) dördüncü əql, üçüncü göy sferası və göy sferasının nəfsi, dördüncü (əqldən) beşinci əql, dördüncü göy sferası və göy sferasının nəfsi, beşinci (əqldən) altıncı əql, beşinci göy sferası və göy sferasının nəfsi, altıncı (əqldən) yeddinci əql, altıncı göy sferası və göy sferasının nəfsi, yeddinci (əqldən) səkkizinci əql, yeddinci göy sferası və göy sferasının nəfsi, səkkizinci (əqldən) doqquzuncu əql, səkkinzinci göy sferası və göy sferasının nəfsi, doqquzuncu (əqldən) onun­cu əql, doqquzuncu göy sferası və göy sferasının nəfsi, onuncu (əqldən) ünsürlər aləmi və insani nəfslər (vücuda gəlir»).
Sührəvərdi göstərirdi ki, İlk materiya elə bir substansiyadır ki, o, gah od formasına, gah da hava formasına, gah su formasına, gah da torpaq formasına girir. Materiyanın təzahürləri, o cümlədən– cism, say, fiqurlar, rəng, isti, soyuq və s. aksidensiyalarla fərqlənir. Sührəvərdi bir sıra fəlsəfi kateqoriyalara da öz münasibətini bildirmişdir. Onun maraqlı ictimi– siyasi fikirləri də olmuşdur.

Orta əsr Azərbaycan filosofları içərisində Siracəddin Urməvi (1198– 1288) özünəməxsus fikirləri ilə seçilir. Onun məntiqə, fəlsəfəyə və s. dair əsərləri məşhurdur. «Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları», «Hikmət incəlikləri», «Haqqın bəyanı», «Metodlar», «Ziddiyyətin misallarına dair traktatlar», «Təhsil», «Suallar» və s. əsərlər bu qəbildəndir. Onun kitabları içərisində ən çox yayılanı «Nu­rların doğuşları» əsəri olmuşdur. Urməvi «varlığı» onun əksi olan «yoxluq» anlayışı ilə qarşılıqlı götürmüşdür. O, bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç cisimdə quruplaşdırmışdır: 1) vacib varlıq– qeyri– mümkün yoxluq; 2) vacib yoxluq– qeyri– mümkün varlıq və 3) mümkün varlıq– mümkün yoxluq. Peripatetik sələfləri kimi Siracəddin Urməvi göstərirdi ki, vacib varlıq sözü də iki qisimdir. «Biri özü– özlüyündə vacib varlıq, digəri isə başqasının sayəsində vacib varlıqdır. Özü– özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti (substratı) yoxluğu qəbul etmir, bəlkə onun varlığı elə onun öz mahiyyətindədir. Başqasının sayəsində va­cib varlıq odur ki, onun mahiyyəti yox ola bilər, onun varlığı başqa­sındadır» .
Urməvi mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir. Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir. Filosofa görə, hərəkət on kateqoriyadan dördünə– kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verir. Astronomiya sahəsində maraqlı fikirlər söyləyən Urməvi dövrünün elmi nailiyyətlərinə yiyələndiyini sübut etmişdir. Onun insan orqanizmi haqqında da maraqlı fikirləri diqqəti cəlb edir.
İdrak nəzəriyyəsi, məntiq, etika və sosial– siyasi görüşləri də öz dövrünə görə mütərəqqi əhəmiyyət daşımışdır.

Orta əsrlərdə Azərbaycanın ən nəhəng alim və mütəfəkkirlərindən biri də Nəsirəddin Tusi (1201– 1274) hesab olunur. Böyük ensiklopedik biliyə malik olan Nəsirəddin Məhəmməd Tusi «Əxlaqi– nasiri», «Kosmoqrafiyaya dair traktat», «Elxani astronomik cədvəl», «cəbr və müqabil», «Evklidin «Göy hadisələri» kitabının ifadəsi», «Mövcudatın bölgüsü və onun cisimləri», «İqtibasın əsası», «Tibb qanunu kitabında birinci hissəyə haşiyələr» və s. əsərlərin müəllifidir. O, Marağa rəsədxanasını yaradaraq dövrünün ən görkəmli adamlarını ətrafına toplamışdır.
Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Tusinin fəlsəfi sistemində bir– biri ilə üzvi surətdə bağlıdır. Azərbaycan filosofu Fərabi, İbn Sina və Bəhmənyarın mövqeyindən çıxış edərək, mövcudatın zəruri və mümkün olmaqla iki qismə bölündüyünü yazmışdır. O, mümkün varlığın şərhi üzərində ətraflı dayanaraq, mümkün varlığı materiya, forma, cism, əql və nəfəsdən ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman və Filosofun fikrincə, cisimlər materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq bəsit, onlardan əmələ gəlmiş minerallar, bitkilər və heyvanlar mürəkkəb cisimlərdir.
Maddi aləmin məhvolmazlığı, əzəliliyi və əbədiliyi ideyası Tusini düşündürmüş, öz peripatetik sələfləri kimi bu məsələyə müsbət yanaşmışdır. Onun varlıq təlimində təbiətşünaslıq məsələlərinin şərhi mühüm yer tutmuşdur. Tusinin təlimində duyğular və əqlin rolu eyni dərəcədə mühüm sayılmışdır. Əməli, fəlsəfənin qayəsini əxlaq, evqurma və şəhərsalma kimi müəyyənləşdirən etik və ictimai siyasi məsələlərə də diqqət yetirmişdir. O, əxlaq elmi (etika) haqqında yazırdı. «Bu elm insani nəfsin elə xüsusiyyətlər qazana biləcəyindən danışır ki, onun idarəsi ilə edilən bütün davranış və rəftar gözəl, tərifəlayiq olsun». Mütəfəkkirə görə, etikanın mövzusu insanın iradəsindən asılı yaxşı və tərifəlayiq, qəbahətli və pislənən işlərin hamısının əlaqədar olduğu nəfsdir. İnsani nəfs, yaxud düşüncəli nəfs idrak vasitəsidir, «ağlın dərk etdiyi nə varsa, hamısı onun sayəsində olur», «bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verirsə, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gəlir».
Nəsirəddin Tusi dövlət, siyasət, insanlar arasındakı münasibətlər haqqında da maraqlı fikirlər söyləmişdir.
Orta əsrlərin, eləcə də bütün dövrlərin dünya mədəniyyəti tari­xində mühüm yer tutan böyük dühalardan biri– Azərbaycan xalqı­nın şərəfli oğlu, şairi və filosofu Nizami Gəncəvidir(1141– 1209). Bu böyük şair Avestanı, antik fəlsəfəni, eləcə də zəmanəsinin bütün elm­­lərini dərindən mənimsəmiş, əsasən məsnəvi formasında yazdığı «Xəmsə» adlı əsərləri ilə məşhurlaşmışdır. O, əbədi dəyərləri– ədaləti, xeyirxahlığı, mərhəməti, zəhməti, sevgini tərənnüm etmişdir. Həm sevgi, həm də qəhrəmanlıq dastanlarında Nizami özünün fəlsəfi fi­kir­lərini verə bilmişdir. Dünyanın, insanın mənşəyi, kainatın qurulu­şu və s. haqqında Nizami fikirləri indi də əhəmiyyətini saxlamaq­dadır. Özü xeyirxahlıq mücəssəməsi olan Nizami bəzən tarixdə işğalçı, riyakar, zalım və hiyləgər kimi tanıdığımız hökmdarları belə az qala ideal şah kimi təsvir edir. Bəzən real tarixi hadisələri mifoloji şəkildə qələmə alan şair təsvir etdiyi hökmdarları yunan miflərinin qəhrəmanları səviyyəsinə yüksəltməyə cəhd etmişdir. Bir sözlə, tarix obrazlara öz dünyasının gözü ilə baxan şair «İskəndərnamə» əsə­rində də bu prinsipə sadiq qalmışdır. Onun qəhrəmanları tərbiyə olunur, səhvlərini başa düşür və insanlara xidmət etməyə cəhd edirlər. Çox vaxt hökmdarlar müdrik mütəfəkkir səviyyəsinə yüksəldilərək dünyanı, bəşəriyyəti xilas etmək haqqında düşünürlər. Nizami ma­teriya, forma, dörd ünsür (od, su, hava, torpaq), maddi materiyanın itməməsi haqqında maraqlı fikirlərin müəllifidir. Materiya ilkin forma– Allahın məhsuludur, o, özü– özünün səbəbi deyildir. Səbə­­bi qeyri– maddi formadır, allahdır. Dünya, kainat, ulduzlar və s. haqqında maraqlı fikirlər söyləyən Nizami ideal cəmiyyət arzusunu da ifadə edə bilmişdir. Həmin cəmiyyətdə nə əzab verən, nə də əzab çə­kən yoxdur. İnsanlar xoşbəxtdir və əmin–amanlıq içərisində yaşayır.

b) Azərbayjanda panteizm, sufizm və hürufizm fəlsəfəsi (XIII- XV əsrlər)



Orta əsrlərdə Azərbaycanda peripatetizmlə yanaşı, bir sıra hallarda müsəlman dini cərəyanlara müxalifətdə olan cərəyanlar da yaranıb inkişaf etmişdir. Allahın təbiətdə zühuru kimi anlaşılan, da­ha dəqiq desək, allahla təbiəti, eləcə də insanı qovuşdurmaq, eyni­ləşdirmək, bütün cismləri ilahiləşdirmək meyillərinin üstün olduğu pan­teizm həmin cərəyanlardandır. Doğrudur, ölkəmizdə bu cərəyan müstəqil cərəyan olmasa da, sufilik və hürufilik adları altında insanın gerçəkliyə obyektiv– real münasibətinin formalaşmasına mü­hüm təsir göstərmişdir. Dünyanı allahla eyniləşdirən panteizm anla­yı­şı XVII əsrdə yaranmışdır. İlk dəfə ingilis filosofu c.Toland tə­rəfindən (1705) «Panteist» anlayışı, onun əleyhdarı Niderland teoloqu Y.Fay isə (1709) «Panteizm» anlayışını işlətmişdir. Panteist kon­sepsiyalarda çox vaxt allahı təbiətdə əridən və bununla da materializmə aparıb çıxaran naturalist tendensiyalar gizlədilmişdir. Bu da özlüyündə teist konsepsiyalara müxalif olan təlimi əks etdirmişdir. Bütün bunlar heç də onu sübut etmir ki, panteist ideyalar yalnız XVII əsrdə yaranmışdır. Əksinə, həmin ideyalar Qərb və Şərq fəlsəfəsində ən qədim dövrlərdə yaranıb inkişaf etmişdir. Ancaq dünya dinləri yarandıqdan sonra panteizm daha mükəmməl təlim kimi təqdim olunmağa başlamışdır. Yunanca «pan»– hər şey, theos– allah ifadələrinin birləşməsindən əmələ gələn panteizm allahın təbiətlə yaxınlaşdırılması, qovuşdurulması və nəhayət, eyniləşdirilməsi, Allah təbiətin və insanın vahidliyi haqqında dini– fəlsəfi təlimdir. Çox vaxt dini– mistik səciyyəli panteistlər allahı mənəvi tamlıq, ilkin ruhi varlıq kimi qəbul edir. Şəxsi allah ideyasını kənara atırdılar. Allahın təbiət içərisində görünməz olması, üstü– örtülü şəkildə, hakim dini dünyagörüşə etiraz kimi anlaşıla bilər. Orta əsrlərin tanınmış Azərbaycan filosoflarının əsərlərində panteizm ideyaları mühüm yer tutmuşdur.
Qeyd etmək lazımdır ki, orta əsrlərdə islam zəminində yaranıb inkişaf edən, bəzən dini müdafiə edən, bəzən isə ona müxalif olan cərəyanlardan biri də sufilik olmuşdur. VII– XII əsrlərdə geniş inkişaf tapmış sufilik Yaxın və Orta Şərqdə özünə xeyli tərafdar toplamışdır. Suf sözü yun mənasını verir. Deməli, sufi sözü yundan xüsusi hazırlanmış paltar geyən adamlara demişlər. Bəzi mənbələrdə sufi sözü yunanca sofios– «müdrik» sözünün təhrif edilmiş şəkli kimi başa düşülmüşdür.
Orta əsr fəlsəfəsinin tədqiqatçısı Zakir Məmmədovun fikrincə, «sufilik vahid, yekcins təlim olmadığı kimi, onun vahid ontologiyasından, vahid qnoselogiyasından danışmaq çətindir. Buna görə də ümumiyyətlə, sufizmin yox, müəyyən bir sufi mütəfəkkirin, yaxud müəyyən qrupa mənsub sufi mütəfəkkirin dünyagörüşü, fəlsəfəsi haqqında konkret fikri söyləmək mümkün­dür».
Onların dünyagörüşünün ya monoteist, ya da bu və ya digər dərəcədə panteist məzmun daşıdığını nəzərə alsaq, bəzi anlayışları xırdalamaq lazımdır. İslamda «Allahdan başqa ilahi yoxdur» («La ilahə İlləllah») hökmü ilə Allahın birliyi iqrar edilir. Sufilər bu təbiri dəyişib, «Ondan başqa o yoxdur»; «Məndən başqa Mən yoxdur» şəklinə salmışlar. Bu tədrici dəyişmələr panteist anlama yaxınlaşmanı göstərir. Mötədil sufilərə görə, insan öz «Mən»– ini itirib, Allahın «Mən»– ində vücuda gəlir. İfrat sufilərə gəldikdə isə onlar «Mən»i həm allah, həm də insan yerində işlədərək, «İnsan» ilə «Allahı» eyniləşdirmişlər. Nəticədə «Mən haqqam», «Sufi allahdır» hökmləri meydana çıxmışdır. Sufiliyin əsasını qoyanlar həqiqətə 4 mərhələdə çatmağı müəyyənləşdirmişlər. Birinci mərhələ şəriət mərhələsidir. Bütün müsəlmanlar dini qanunları, qaydaları, hüquqları mənimsəməlidir. İkinci mərhələ təriqət mərhələsidir. Bu mərhələ insanın (sufinin) öz iradəsini allaha tabe etmək, müdriklik mərhələsidir. Üçüncü mərhələ mərifət mərhələsidir. Mərifət mərhələsində sufi ağlı, idrakı ilə deyil, könlü, qəlbi ilə varlığın allahla vəhdətini, xeyir və şərin nisbətini dərk edir. Dördüncü mərhələ həqiqət mərhələsidir. Burada artıq sufi ilahi həqiqətə yetişir, qəlbi işıqlanır, ekstaz vasitəsilə Allaha qovuşur.
Orta əsrlərdə Azərbaycanda ən geniş yayılmış təriqətlərdən biri də hürufizm olmuşdur. Hürufilik ərəbcə hüruf sözündən əmələ gəlmişdir, mənası hərflər deməkdir. Hürufizmin əsası Fəzlullah Nəimi (1340– 1401) tərəfindən qoyulmuşdur. Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir. Əsas ideya isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması, kainatın əbədiliyinin qəbul edilməsidir. Nəticədə Nəimi həbs edilərək, sonralar edam olunmuşdur. Fəzullah həbsxanada məşhur «cavidannamə» əsərini yazmışdır. Sözlərin müqəddəsliyini irəli sürən həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini tapmışdır. Bəzi filosoflar bu cərayanı idealist, bəziləri isə materialist istiqamətə aid edirlər. Əslində isə təlim mistik dini cərəyan hesab olunmalıdır. Ayrı– ayrı materialist müddəalar bu cərayanı materialist cərəyan hesab etmək üçün kifayət deyildir. «Allah mənəm», «Allah mənim özümdədir» fikri də allahın tam inkarı deyil, onun insanda təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın müqəddəs kitabı olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin əsas olmaq funkisiyasını itirmir. Orta əsrlərdə Azərbaycanda sufi– panteist və hürufilik təlimlərinin əsas nümayəndələri Mah­mud Şəbüstəri (1287– 1320), Fəzlullah Nəimi (1340– 1401) və İmadəddin Nəsimi (1369– 1417) olmuşdur.
Mahmud Şəbüstəri sufi– panteizm mütəfəkkiri olmuşdur. Şair– alim Şəbüstəri orta əsr Azərbaycan fəlsəfi fikrində mühüm rol oynamışdır. cəmi 33 il yaşayan Mahmud Şəbüstəri «Şahidnamə», «Aləmlərin dərkində yəqin həqiqətlər», «Həqiqət axtaranların güzgüsü», «Sirr gülşəni», «Səadətnamə» və s. əsərləri yazmışdır. M.Şə­büstərinin yaradıcılığı və elmi fəaliyyəti monqol əsarəti dövrünə təsadüf etmişdir. Bu dövrdə islam dini ideologiyasının mövqeləri daha da möhkəmlənirdi, nəticədə ilahiyyət inkişaf edirdi. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur. Təsadüfi deyildir ki, hələ XVII əsrdən başlayaraq onun «Sirr gülşəni» əsəri dünyanın bir sıra dillərinə tərcümə olunmuşdur. Burada şair və filosofun dünyagörü­şünün sufi– panteist tendensiyası öz əksini tapmışdır. M.Şəbüstə­rinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra hallarda ortodoksal ehkamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet və elementlərlə, minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. İnsan dünyanın mövcudluğu nümunələrindən biridir. Ümumiyyətlə, Mahmud Şəbüstəri Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur.
Mahmud Şəbüstəri ilə yanaşı Azərbaycan ictimai fikrində Fəz­lullah Nəimi və onun şagirdi, davamçısı İmadəddin Nəsimi (1369– 1417) böyük rol oynamışdır. Hürufilər Teymurləng tərəfindən təqib olunduğuna görə Nəsimi vətəndən didərgin düşmüşdür. O, hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə Hələb şə­hərin­də edam edilmişdir. Z.Məmmədova görə, mütəfəkkirin ara– sıra iş­lət­diyi bəzi səciyyəvi fəlsəfi terminlər və mülahizələr Şərq peripa­te­tiz­mi ilə yaxından tanışlığını göstərir. Nəsiminin şerlərinə həyula (ilk materiya) və surət (forma), cövhər (substansiya) və ərəz (aksi­de­n­siya), illət (səbəb) və məlul (nəticə), vacib və mümkün və s. ka­te­qo­riyalar, şübhəsiz, peripatetizm fəlsəfəsindən keçmişdir. Lakin pan­teist filosof peripatetiklərə laqeyd münasibət bəsləmişlər. Hü­rufi– pan­teist dünyagörüşlü Nəsimi allahı, təbiəti və insanı eyniləşdirmiş­dir.

Həq– təala adəm oğlu özüdür.
Otuz iki həqq kəlamı sözüdür.
cümlə aləm bil ki, allah özüdür.

«Ən– əl həqqəm» («Mənəm allah») hökmü ilə çıxış etmək orta əsrlərdə çox böyük cəsarət tələb edirdi. Nizamidən sonra insanı ən yüksək mərtəbəyə ucaldan Nəsimi olmuşdur. Ərəb və fars dilləri ilə yanaşı, özünün klassik fəlsəfi poeziyasını Nəsimi öz ana dilində yaratmışdır.

 

0 şərh