İnkişaf qanunları: Dialektik sintez qanunu

Sovet fəlsəfi ədəbiyyatında dialektikanın üç qanunu: əks­i­liklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi və inkar qanunu göstərilmişdir. Bu qanunların şərhi zamanı müxtəlif müəlliflər müxtəlif əsaslarla bu və ya digər qanunu birinci verir və bunun da dialektik zərurət olduğunu sübut etməyə çalışırdılar. Biz də öz növbəmizdə həmin qanunların şərhin­də yeni yanaşma üsuludan istifadə edəcəyik.Hegel dialektikasını işləyib hazırlayarkən «inkar» anlayışın­dan istifadə etmişdir. O, iqrar edirdi ki, mütləq ideyanın məntiqi inkişafında bir kateqoriya digərini «inkar edir», lakin eyni zaman­da onda qiymətli nə varsa qoruyub saxlayır. Marksist fəlsəfədə in­kar dedikdə, inkişaf prosesində köhnə keyfiyyətin qanunauyğun surətdə ondan nəşət edən yeni keyfiyyətlə əvəz olunması nəzərdə tutulur. Çox vaxt inkişaf prosesində köhnə keyfiyyətin yeni keyfiy­yətlə bu cür əvəz olunması şeyin öz əksinə çevrilməsi xarakterində olur. Bu qanuna tərif versək deməliyik: onun fəaliyyəti inkar olunanla inkar edən arasında əlaqə, varislik yaradır, buna görə inkar heç də keçmişdə inkişafın bütövünü rədd edən quru, əbəs bir inkar kimi deyil, qabaqkı mərhələlərin bütün müsbət cəhətlərini özündə saxlayıb hifz edən, çıxış pillələrinin bəzi cəhətlərini yüksək əsas üzərində təkrar edən və ümumiyyətlə irəliləmə xarakterində, mütərəqqi xarakterdə olan bir inkişaf üçün şərtdir.
Marks yazmışdır ki, «heç bir sahədə, öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf əmələ gələ bilməz». İnkarın ən ümumi xarakteri həm dialektiklər, həm də mexanistlər tərəfindən etiraf edilir. Onlar praktikada hansı inkara əsaslanırlar? Bu məsə­lədə onlar müxtəlif mövqedə dururlar. İnkarın mexanist anlamlı iki formada çıxış edir:
1) inkişafın əvvəlki mərhələsi ilə varisliyi tam inkar etmək, dağılma (dağıdılma) momentinin mütləqləşdirilməsi;
2) inkişafda varislik momentinin mütləqləşirilməsi; birincisi nihiliz­m­dir. Nihilizm quru inkar, yeniliyin köhnəliklə varislik əlaqəsinin və inkişafının keçmiş pillələrində kəsb edilmiş müsbət məzmunlu nə varsa, hamısını diqqətlə qorumaq lüzumunun başa düşülməməsi, nəinki nəzəri cəhətdən səhvdir, həmçinin əməli fəaliyyətdə də böyük yanlışlıqlara doğru aparır. Quru inkar, əbəs inkar, skeptik dialek­tikada xarakterik və mühüm deyildir. Dialektikadakı inkar ünsürü onun ən mühüm ünsürüdür. Dialektikada inkar əlaqə momentidir, müsbətin saxlanması ilə inkişaf momentidir. Lakin inkişaf bir hadisənin onu əvəz etməli olan digər hadisə tərəfindən «inkar edil­məsi» ilə bitmir. Yeni meydana gələn hadisənin özündə də ziddiy­yətlər olur. İlk zamanlar bu ziddiyyətlər gözə çarpmaya bilər, lakin zaman keçdikcə hökmən həmin ziddiyyətlər aşkara çıxır. İndi yeni bünövrə üzərində mübarizə başlanır ki, bu mübarizə də ən nəhayət labüd olaraq yeni «inkara» gətirib çıxarır. Bütövlükdə obyektiv aləm əbədi və intəhasızdır, lakin onu təşkil edən şeylər məkan və zaman daxilində məhduddur, bunlar keçicidir və «inkara» məruz qalırlar. Əslində heç bir inkar axırıncı deyilir. İnkişaf kəsilməzdir və davam edir, ona görə də sonrakı «inkar» özü də gələcəkdə «inkar» edilir. İnkar vasitəsilə inkişafın irəliləmə xarakteri təmin olunur. Həm təbiətdə və həm də cəmiyyətdə inkar varisliyi qorumaqla yanaşı, inkişafın spiralvari hərəkətini müəyyənləşdirir. Məsələn, cəmiyyət dairə üzrə və düzxətt ilə deyil, spiral xətti ilə inkişaf etmişdir, edir və edəcəkdir. Bu inkişaf keçmişin bəzi cəhətlərini təkrar edərsə də, müqayisəyə gəlməz dərəcədə yüksək inkişaf pillə­sində təkrar olunur. Əslinə qalanda inkişafın dialektik anlayışının ən mühüm cəhəti elə budur. Keçilmiş pillələri sanki təkrar edən, lakin bunları başqa cür, daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf («İnkarı inkar»), düz xətt üzrə deyil, spiral xətt üzrə olan inkişaf dialektikanın ən mühüm prinsiplərindən biridir.
İnkişaf prosesində yüksələn xətdən kənara çıxmaq halların dolanbac yolları, geri getmək halları, müvəqqəti durğunluq dövrləri ola bilər və olur. Lakin bütün bunlara baxmayaraq, tarixin bizə göstərdiyi kimi, irəliyə doğru hərəkət nəticə etibarı ilə bütün bu müvəqqəti hallara və maneələrə üstün gələrək özünə yol açır. Əslində təbiətdə və ya cəmiyyətdə mövcud olan hər bir formanın çox uzun və ya uzaq keçmişdən başlayan tarixi vardır, bu forma uzun sürən inkişaf prosesinin, sadədən mürəkkəbə doğru, aşağıdan yüksəyə doğru irəliləmə hərəkətinin nəticəsdir.
Yuxarıda qeyd edildiyi kimi, iki tip inkar vardır. Bunlar destruktiv (dağıdıcı) və konstruktiv (əməli, yaradıcı) tiplərdir. Çox vaxt inkarı inkar qanununu dialektik sintez qanunu hesab edirlər.
Bunun aydın olması üçün təsəvvür edək ki, müəyyən bir elmi məsələ barəsində iki tərəf arasında mübahisə gedir. Bir tərəf müəy­yən bir müddəa irəli sürür (tezis), digər tərəf bu müddəanı inkar edir (antitezis). Yeni müddəa bir– birilə mübarizə edən əvvəlki baxışları inkar edərkən, əks rəylərin mübahisəsini, mübarizəsini kənar edir ki, bu rəylərin hər birində birtərəfli mövcud olan həqiqət ünsürlərini tulla­mır, o, mübahisənin inkişafının müsbət momentlərindən isti­fadə edən məlum bir sintez olur. Həm də sintezi əvvəl ayrılıqda mövcud olanın mexaniki bitişməsi kimi deyil, iki əksliyin xarici birləşməsi kimi deyil, inkişafda tamamilə yeni bir pillə kimi başa düşmək lazımdır. Bu yeni pillədə əksliklərin mübarizəsi sayəsində, hər bir pilləyə xas olan birtərəfliliklər aradan qaldırılır və yüksək həqiqət əldə edilir ki, əvvəldə müsbət nə vardısa hamısı bu həqi­qətdə saxlanılır və bununla birlikdə, qeyri– həqiqi, keçici olanlar yox olur. Məhz bu yeni pillə inkarı inkar kimi meydana çıxır.

0 şərh