“Ədalət xoşbəxtliyə gedən yoldur”- Sokrat
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eyniliyini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzunmüddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.