Quru göz sindromu

Göz quruluğu anlayışı nədir?
Quru göz sindromu oftalmoloqların sıx qarşılaşdığı problemlərdən biridir. İsmindən məlum olduğu kimi bu xəstəlik gözün quruluğu ilə müşahidə olunur. “Quru göz “ – gözün kifayət qədər gözyaşı ifraz etmədiyi ya da gözyaşının normal kimyəvi tərkibə malik olmadığı hallara deyilir.

Normal bir görmə üçün göz almasının ön səthinin nəmliyin yetərli olması şərtdir. Bunun üçün göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasını əngəlliyir.

Göz yaşı təbəqəsi buynuzlu və selikli qişaların epitelinin, göz yaşı vəzin və göz qapaqların birlikdə düzgün fəaliyyət göstərməsi nəticəsində əmələ gəlir. Bu faktorlar biri birinə çox bağlıdırlar. Məsələn, əgər buynuzlu qişanın, yəni gözün üst qişasının, epitelində balaca bir defect əmələ gələrsə, göz yaşı ifrazı reflektor olaraq artır, yaşın tərkib hissəsi dəyişilir, bu da konyunktivanın damarlarının genişlənməsinə və onların keçiricilik qabiliyyətinə təsir edir.

Normal gözyaşı təbəqəsi nə deməkdir?
Düzgün göz yaşı təbəqəsi gözün ön səthinin təmizliyini saxlayıb ona infeksiyalara qarşı fiziki və immun bir qoruma təmin edir.

Göz yaşı su, enzim (ferment), protein, immunoglobulin, lipid, soyulan epitel hüceyrələrin birləşməsindən əmələ gələn komplex bir mayedir. Şərti olaraq göz yaşı filmi üç komponentdən ibarətdir:
1) selikli təbəqəsi,
2) su təbəqəsi,
3)lipid (piy) təbəqəsi.

Bu göstərilən komponentlərdən su təbəqəsinin yetməzliyi quru gözün ən sıx görulən səbəbidir, bu da yaş vəzinin funksiyasının pozulmasının (azalmasının) nəticəsində olur. Bu patologiyanın yaranmasına A vitaminin çatışmazlığı, gözyaşı vəzinin immune xəstəlikləri, pemfigoid, kimyəvi yanıqlar, postmenopauza zamanı estrogen çatışmamazlığı və s. təsir edir. Burada gözün allergik xəstəliklərini, kompyuter sindromunu və virus mənşəli keratokonyunktivitləri də qeyd etmək istəyirəm. Əlbətdə ki, quru göz sindromunun yaranmasında ekoloji faktorların rolunu qeyd etmək lazımdır, yəni havanın kirliyini, artıq dərəcədə insolyasiyanı, külək və tozlu havanın həddən çox olmasını, xüsusən bizim şəhərdə.

Xəstəliyin simptomları hansılardır?
Xəstə həkimə müraciət etdikdə çox vaxt öz şikayətlərini tam formalaşdıra bilmir. Bunun üçün həkim tərəfindən verilən bir neçə sual xəstənin vəziyyətinin müəyyənləşdirməsi üçün kömək edir.

Məsələn:
— Gözünüzdə quruluq hiss edirsinizmi?
— Gözünüzdə qapaqların altında qum varmış kimi hiss olur mu?
— Gözünüzdə yanma hissi olurmu?
— Güzləriniz qızarırmı?
— Kirpiklərdə yapışma hissi varmı?
— Səhər oyandıqda gözlərinizi açmaqda çətinlik çəkirsinizmi?
— Kompyuterlə məşğul olursunuzmu?
— Siqaret çəkirsinizmi? və s.

Bir neçə söz müayinə üsulları haqqında deyərdiniz.
Bir neşə obyektiv müayinə üsulları var ki, onlar diaqnozun qoyulmasında kömək edirlər. Onlardan konyunktiva kisəsinin müxtəlif boyalarla boyanması (məsələn, Fluoressein və ya Rose-Bengalla), gözyaşının qırılma zamanının ölçülməsi, Şirmer testi və s.

Müalicə və məsləhətlər
Göz quruluğunun nəticələri bəzən təhlükəli ola bilir. «Quru göz» sindromundan onun ilkin mərhələsində xilas olmaq lazımdır:

1-ci məsləhət. Gözlər üçün idman. 50 dəqiqə işləyirik, 10 dəqiqə istirahət edirik. Lakin siqaretlə yox. Gəzişin, gözünüzün qabağındakı rəsmi dəyişin. Yaxşıca gözlərinizi qırpın. Ofisdə maksimal uzağa görüntüsü olan pəncərə tapın.

2-ci məsləhət. Yalnız maye-kristal monitordan istifadə edin. Maye-kristal monitorda piksellər fasiləsiz və tərpənmədən yanır. Hərflər və istənilən xətlər dəqiq ötürülür.

3-cü məsləhət. Vitaminlər. Gözlərə xüsusən A, B2, E, C vitaminləri, kalsium və digər faydalı madəllər zəruridir. Kəsmik, şor, yağlı olmayan ət, yer kökü, qaragilə yeyin. Vitaminli-minerallı komplekslər için.

4-cü məsləhət. Profilatika vasitələri: Süni damcı preparatları göz yorğunluğunu və yandırma hissini aradan qaldırır. Yatmazdan qabaq çobanyastığı dəmləməsilə ilığ kompreslər gözlərin yorğunluq və gərginliyini aradan qaldırır.

Quru göz sindromunun müalicəsi çox vaxt palliativ olur. Birinci növbədə bu xəstəliyi yaradan əsas səbəbi aradan qaldırmaq çox vacibdir. Bəzən bu kliniki olaraq mümkün olmur. Odur ki, simptomatik müalicə aparılır. Bu həm konservativ (yəni cür bə cür dərman vasitəsi ilə, süni göz yaşı işlətməklə) həyata keçirilir, və yaxud cərrahi yolla aparılır (xəstəliyin ciddiliyinə və formasından asılı olaraq). Müalicə üsulu təbii ki həkim-oftalmoloq tərəfindən seçilməlidir, özünümüalicə üsullar bu halda ciddi fəsadlarlara yol aça bilər.

Müəllif: Dr. Fəxriyyə Yusifzadə — Oftalmoloq

0 şərh