Gözdə yanıqlar

Yanıqlar kimyəvi termik yanıqlara və şüa enerjisi yanıqlarına bölünə bilər.

Gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verərək, müxtəlif dərəcədə ağır zədələnmələrə, hətta gözün itirilməsinə səbəb olur. Kimyəvi yanıq baş verdikdə sonrakı müalicələrin effekti müalicə tədbirlərinin sürətlə görülməsindən asılıdır. Bu zaman gözü 15 dəqiqə ərzində təmiz su və ya izotonik natrium-xlorid məhlulu ilə diqqətlə yumaq lazımdır. Gözə istər sönmüş və istərsə sönməmiş əhəng düşdükdə baş verən kimyəvi yanıqlar xüsusi ağır olur. Odur ki, belə hallarda gözü diqqətli surətdə yuduqdan sonra ona 0,5 %-li dikain məhlulu (anesteziya üçün) damızdırmalı və göz qapaqlarını çevirib diqqətlə müayinə etdikdən sonra keçid büküşləri sahəsini də yumalıdır. Gözləri diqqətlə yumaqla bərabər, göz alması selikli qişasında, göz qapaqları və keçid büküşlərində olan bütün əhəng hissəciklərini yaş tampon vasitəsilə kənar etmək lazımdır. Anilin boyaları (mürəkkəb, mürəkkəb karandaşın qrifeli) yanıqları ağır yanıqlara aid edilir. Protoplazmatik zəhərlərdən ibarət olan anilin boyaları qələvi xassəli maddələrə aid edilir. Onlar göz yaşında həll olub göz səthi üzrə yayılır və gözün dərin toxumalarına keçərək orada nekroz xassəli dəyişikliklər əmələ gətirir. Karandaş hissəcikləri çox vaxt konyuktivanın aşağı tağında aşkar edilir. Yanıq mürəkkəb karandaşı ilə əmələ gətirildiyi zaman gözə dikain damızdırıldıqdan sonra, tibb bacısı selikli qişada olan bütün iri qrifel tikələrini anatomik pinset və ya yaş tampon vasitəsilə diqqətlə yoxlamalı və bundan sonra gözü 5%-li tanin məhlulu ilə yaxşı yumalıdır. Tanin olmadıqda isə gözün tərkibində tanin olan tünd çay ilə yumaq olar.
Termik yanıqlar, gözə qaynar su, qaynar yağ, isti piy düşdükdə, yanığın zamanı alovdan əmələ gələn yanıqlardır. Bu hallarda təxirəsalınmaz yardım yaş tampon vasitəsilə və bolluca yumaqla yandırıcı maddəni tamamilə kənar etməkdən ibarətdir. Gözə kalium-permanqanat kristalları düşdükdə onu südlə yaxşıca yuyub kənar edirlər. Süd olmadıqda isə gözü su ilə yumaq olar. Bütün yanıq növlərində gözü yuyub yad cisimləri kənar etdikdən sonra gözə 30%-li natrium-sulfasil (albusid) məhlulu, 0,5%-li dikain məhlulu (ağrı olduqda), steril balıq yağı damızdırır və göz qapaqları arxasına antibiotiklərdən və sulfanilamidlərdən hazırlanmış məlhəm qoyaraq xəstəni təcili surətdə oftalmoloq həkimə göndərirlər. II, III, IV dərəcəli bütün yanıq növlərində mütləq tetanus əleyhinə vaksinasiya keçirilməlidir. Şüa enerjisindən (elektrooftalmiya) əmələ gələn yanıqlar çoxlu miqdarda infraqırmızı və ya ultrabənövşəyi şüalara malik parlaq işığın təsirinə məruz qalmış (qoruyucu çeşməksiz elektrik qaynağı və ya qaz qaynağı keçirildikdə, kvars lampası, volt qövsü və s. ilə işlədikdə) şəxslərdə baş verir. Bleferospazm, işıqdan qorxma, göz yaşı axması və bəzən buynuz qişanın zədələnməsi şəklində təzahür edən kəskin göz qıcıqlanması, təkcə elektrik qaynağını qoruyucu çeşməksiz aparanlarda deyil, həmçinin bunu çeşməksiz müşahidə edən şəxslərdə də, həmin əməliyyatın təsir etməsindən 6-8 saat sonra baş verir. Belə hallarda isə 0,5%-li dikain məhlulu damızdırılır və göz qapaqları dərisinə soyuq sulu sarğı qoyulur. Xəstənin tünd çeşmək taxması məsləhət görülür.
loading...

0 şərh