Erkən nikaha daxil olan qadınlar və onların dünyaya gətirdiyi körpələrin psixofizioloji xəritəsi

Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui-istifadə halına saldığı düşünülür.

Statistika.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir.

Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar.

Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar.
Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir. 

Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu
Nikahın bağlanması və nikaha xitam verilməsi
3-cü fəsil
Nikahın bağlanma qaydası və şərtləri
Maddə 9. Nikahın bağlanma qaydası
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Maddə 10. Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. [3]

Erkən nikahın özü ilə gətirdiyi fizioloji problemlər.
Qızların erkən evlənməsinin nəticələrindən biri də fiziki xəstəliklərdir. Vücudları hamiləlik və doğuş stresini idarə edəcək qədər yetkin olmayan qızlar üçün hamiləlik və doğuş həm ana, həm də körpə üçün təhlükə yaradır. Uşaq evliliklərinin, HİV, uşaqlıq boynu xərçəngi, malyariya, arzuolunmaz və yüksək riskli hamiləlik, ana və/və ya körpənin hamiləlik dövründə ölümü və doğum fistülü kimi müxtəlif xəstəliklər üçün risk faktorları olduğu ifadə edilir. Erkən evlilik həm də erkən analıq deməkdir, çünki gənc yaşda ərə gedən qızlar, evləndikdən dərhal sonra məhsuldarlığını sübut etməyə məcbur olurlar. Bundan əlavə, erkən evlilik qadınların daha çox uşaq sahibi olmasına səbəb olur. Erkən yaşda hamiləlik bir çox fiziki problem yaradır. Hamiləlikdən qaynaqlanan ölümlər dünyada 15-19 yaş arası qızların ölümünün əsas səbəbidir. Bu yaş qrupundakı qızların hamiləlik dövründə ölüm riski 20-24 yaş qrupuna nisbətən 20-200% arası daha yüksəkdir. Ölüm riskinə əlavə olaraq, erkən evlənən qadınların yetkin yaşda evlənən qadınlara nisbətən hamiləliyin ilk dövrlərində uşağın tələf olması, açılış, erkən doğum və anemiya riski daha yüksəkdir. Afrikada aparılan araşdırmalar, erkən evliliyin HİV riskini artırdığını bildirmişdir. Evli yeniyetmələrdə evlənməmiş, lakin cinsi əlaqədə olan həmyaşıdlarından 50% daha yüksək infeksiya var. HİV riskinin evli qadınlarda subay qadınlara nisbətən daha yüksək olması, daha tez -tez cinsi əlaqəyə girmələri, prezervativdən istifadə nisbətinin aşağı olması və ümumiyyətlə daha yaşlı və daha təcrübəli kişilərlə olması ilə izah olunur.

Erkən evlilik qadınların və körpələrinin müxtəlif sağlamlıq problemləri yaşamasına yol açır. Gənc anaların yetkin analara nisbətən ölü doğum riski daha yüksəkdir. Bu vəziyyət əsasən anaların qidalanmaması ilə əlaqədardır və yeniyetmələrin uşaq sahibi olmağa və böyütməyə hazır olmadıqlarını göstərir. Erkən yaşda doğan anaların körpələrinin yetkin yaşda doğan anaların körpələrinə nisbətən daha az doğum ağırlığına sahib olduğu ifadə edilir. Eynilə, aparılan bir araşdırmada, 14-18 yaş arasında hamilə olan qız uşaqlarının yetkin hamilə qadınlara nisbətən daha az çəkili uşaqlar dünyaya gətirdiyi təyin edilib. Az çəkili körpələr normal çəkili körpələrdən 5-30 dəfə çox ölüm riski altındadır. 18 yaşından kiçik anaları olan körpələrdə də qidalanma və ölüm nisbəti anaları 18 yaşdan yuxarı olan uşaqlara nisbətən daha yüksəkdir. 14-19 yaş arası hamilə qızlarla aparılan bir araşdırmada, ən çox rast gəlinən problemin erkən doğum olduğu ifadə edilir. 14-19 yaş arası hamilə qadınların 21,6% -nin prenatal təqibə malik olmadığı və ya yetərli olmadığı, % 36,5-də anemiya (anemiya) müşahidə edildiyi bildirilir, anemiyanın yetkin hamilə qadınlara nisbətən yeniyetmə hamilə qadınlarda daha yüksək olduğunu bildirmişdir.

Ailə-məişət zorakılığı
Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif formalarda zorakılıq hallarına təsadüf olunmuşdur. Ailə zorakılıqlarının tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və dastanlarda təsadüf olunur. Şifahi xalq ədəbiyyatının bir çox janrlarında insanın insana qarşı zorakılıq hallarını təqdir edən misallara heç də az təsadüf olunmur. “Döyülməyən düyüdən aş olmaz”, “Vaxtında qızını döyməyən sonradan dizini döyər” və s. Misallar da ailə-məişət zorakılığı hallarının tarixən mövcudluğu təsdiqlənir. Hər il 25 noyabr tarixi bütün dünyada “Qadın zorakılığına qarşı mübarizə günü” kimi qeyd edilir.

Yaşadığımız müasir sivil cəmiyyətdə ailə-məişət zorakılığı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakılığa və şiddət hallarına əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadınlara qarşı zorakılığının fiziki, psixoloji-emosional, seksual və iqtisadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəblərdən belə, öz qadınlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq altında saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirməyin təsirli vasitəsi kimi baxırlar. Döymə, zorlama, bıçaq yaraları, yanıqlar və s. Kimi dəhşətli və bağışlanmaz qəddar davranışlar ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyətdə zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığına və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalnız döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və uşaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarını döyən bir çox kişilərin aqressiv davranışının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başlıcası ailə tərbiyəsi işinin mənəvi əsaslar üzərində qurulmamasıdır. Kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə bir çox gənclər belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadın kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdır. Qadınlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənələr, milli stereotiplər yaşadıqca problemin həlli qeyri-mümkündür.

Qadınların əksəriyyəti ailədə ərləri tərəfindən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlayır və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyəcəkdir. Ailədə uşaqların sayı artdıqca, vəziyyət daha da mürəkkəbləşir. Zorakılıq faktına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq buna adət edirlər (“Kişi adamı döyər də, söyər də”). Belə qadınlar üçün aşağı özünüqiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydındır ki, ailədə yaranan münaqişə və problemlərdən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığının qurbanı olmuşdur.

Psixoloqların qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakılıq, heç şübhəsiz, xoşa-gəlməz bir qəbahətdir və bunun baş verməsində əksər hallarda hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz.

Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formalarından biri psixoloji–emosional zorakılıqdır. Psixoloji-emosional zorakılıq dedikdə, ailədə qadının kişi tərəfindən təcrid edilməsi və alçaldılması başa düşülür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadının sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadın kənardan dəstək almaqdan məhrum olur və beləliklə, onun ünsiyyətə daxil olmaq məcburiyyətində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qadağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağaları da zorakılığın bir forması, qadına qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticəsində qadın psixoloji işgəncə və sarsıntılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir.

Ad dəyişir, rollar deyil.
Erkən evlilik ənənəsinin ən əhəmiyyətli nəticələrindən biri, uşaqların ailələrinin həyatını təkrar yaşamağı, yoxsulluq, baxımsızlıq və sui-istifadə dövrünün davam etməsidir. Kişilərin qərar verdikləri patriarxal cəmiyyətlərdə uşaq evliliyi ənənəsi nəsildən nəslə ötürülür və erkən yaşda evlənən analar uşaqlarının eyni taleyi yaşamasına mane ola bilmir. Erkən evliliklər nəticəsində uşaqlar uşaqkən uşaq böyüdürlər və bu həm ana, həm də uşağın rifahını riskə altına salır. Uşaq böyüməkdə təcrübəsi olmayan və təhsili olmayan gənc ananın uşağı da qidalanma və sağlamlığının pis olması riskini daşıyır. 18 yaşından kiçik anaları olan körpələr, erkən uşaqlıqda yetkin anaları olan körpələrə nisbətən müxtəlif problemləri daha çox yaşaya bilir. Ananın təhsili uşağın sağlamlığına və inkişafına əhəmiyyətli təsir göstərir. Erkən yaşda evlənən uşaqların daha çox məişət zorakılığı yaşaması və özünü daha çox tənha hiss etməsi depressiyaya səbəb ola bilər və bu anaların depressiyası uşağa da təsir edir. Unutmayaq ki, dilimizdə ancaq hormonal məsələlər ilə əlaqələndirilən depressiyaya Türkiyədə, əsasən Hakan Türkçapar və Ertuğrul Köroğlu tərəfindən “Çökmüşlük” emosiyası adı verilir. Emosiyalar özünə spesifik davranışlar ilə müşahidə olunur, bu davranışları təqlid əsasında həyatı və həyat hadisələrinə emosional, davranışçı, koqnitiv mənalar yükləyən övlad öz beyin qovluqlarına kopyalayır, kök inanc və aralıq inancları özündə cəmləşdirən sxemalar məhz bu öyrənilən davranışlar əsasında yaranır. Siz Qarabağı görməyən gənclərin o torpaqlar uğrundakı canfəşanlıq ilə döyüşdüyü səhnələri, şəhid Şahgündüz Cabbarovun polkovnikə “Mənim evim burda deyil Laçında – Oğuldərə kəndindədir!” ifadəsini niyə dediyini düşünürsünüz. Mənfi və ya müsbət, şəxsiyyət sosializasiyasına təsir edən mikro qrup olan, ilkin tərbiyə mühiti olan ailədəki əhval-ruhiyyə, emosiyalar “yoluxucudur”. Ananın stress cavabları uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bətnində uşaq varkən zorakılığa məruz qalan körpələrin sağlamlığının daha pis olduğu və doğulduqda ölüm nisbətlərinin daha yüksək olduğu müşahidə edilmişdir. Erkən uşaqlıqda yaşanan problemlərə əlavə olaraq, körpələr böyüdükdə müxtəlif problemlərlə qarşılaşa bilərlər. Zorakılığa məruz qalan qadınların demək olar ki hamısı, uşaqlarının da zorakılığa məruz qaldığını və ya şahidi olduğunu bildirir. Şiddət müşayiəti ilə böyüyən uşaqlar, anaya qarşı fiziki şiddətinin şahidi olurlar ki, bu da uşağın emosional və zehni sağlamlığına və gələcək münasibətlərinə mənfi təsir göstərir. Post-travmatik stress pozuntusu, depressiya və təşvişli həyəcan pozuntuları kimi problemlərə əlavə olaraq, şiddətə şahid olan uşaqların sosial problemləri, aşağı özünə hörmət və günahkarlıq hissləri də mövcud olur. Bundan əlavə, şiddət mühitində böyüyən uşaqlar ailədə gördükləri təcavüzkar davranışları öz münasibətlərində sərgiləyir, özlərini ifadə etmək qabiliyyətləri azalır və sosial münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər. Erkən yaşda ailə quran qadınların yetkin yaşda evlənən qadınlara nisbətən daha çox şiddət yaşayarsa, uşaqlarının da oxşar problemlərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Sosial öyrənmə dediyimiz məsələ elə bir nəzəriyyədir ki, biz onun əsasında kimə gül, kimə güllə atacağımızla bağlı yanlış da olsa möhkəm inanclar formalaşdırırıq.

Erkən nikaha daxil olan qadınların dünyaya gətirdikləri övladların həyata baxışı.
Bu barədə danışmaq həqiqətən çox məsuliyyətli bir işdir, lakin güman edirəm ki, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqların həyat nümunəsi ilə bəlkə də susan hansısa vicdanı dindirmək olar. Travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir.
Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur.

Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq: Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik.

Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar.

Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır (Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir.

Nəticə
Azərbaycanın hansısa bir dağ kəndində özünü nəvəsinin nazını çəkən bir baba, nənə olaraq təqdim edən yaşlıların əslində nəvələri və övladı üçün hazırladığı həyat xəritəsini sizə təqdim etdim. Heç bir cəmiyyətdə ağsaqqal sözü doğrulara gedən yol kimi görülməməli məsləhət olaraq dinlənilib, zəka süzgəcindən keçirilməlidir. Unutmayaq bir kimsənin bizdən öncə doğulması onu bizdən daha ağıllı edə bilmədiyi kimi, yaxınlarımızın sevgi haqqında düşüncələri də bizə zərərlə özünü biruzə verirsə bu o deməkdir ki, bəhsi keçən həmin sevgi sadəcə olaraq koqnitiv dissonansdan ibarətdir.

Erkən nikah qadınların fiziki, zehni və emosional inkişafına və rifahına mənfi təsir göstərə biləcəyi üçün narahatlıq mənbəyi olaraq mövcud olmağa davam edir. Sosial baxımdan bu evliliklər qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirir. Qadınları iqtisadi cəhətdən kişilərdən asılı vəziyyətə həbs edərək onların həm ictimai həyatdan faydalanmasını, həm də ictimai həyata töhfə verməsini maneə törədir. Yuxarıda qeyd olunan araşdırmaların nəticələrindən də başa düşüldüyü kimi, erkən evliliklər psixoloji bir təhlükə olaraq mövcud olmağa davam edir və sağlam nəsillərin yetişməsi önündə maneə olaraq qalır. Hələ uşaq ikən yaşlı bir kişinin həyat yoldaşı olmaqla ev işləri ilə bağlı məsuliyyətlər, uşaq dünyaya gətirmə təzyiqi, uşaq baxımı, bu qarışıqlıq içində hətta öz sağlamlığı sınanmağı bu işə din pərdəsi altında razılıq verənlərin din sevgisini, məhəbbət adı verənlərin hisslərinin həqiqiliyini şübhə altına salır. Çünki əsl sevgi ürəkdə fişəng partlayışı nəticəsində ortaya çıxmır və özünü gözlərdən ulduz, ürək çıxarmaq ilə göstərmir, özünə rəva görə bilmədiyin həyata sevdiyin insanı məhkum etməmək kimi elementar məsələlər ilə də sevgini nümayiş etdirmək olar.

0 şərh