Çoxdöllü hamiləlik

İnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.

Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.

Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.

Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində “proqramlaşdırılır”. Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.

Son illərdə sonsuzluq və digər qadın xəstəliklərinin müalicəsi üçün hormonal preparatlardan geniş istifadə olunur. Bu preparatlar yumurta hüceyrəsinin yetişməsini stimullaşdırır və nəticədə çoxdan gözlənilən hamiləlik 2 və ya 3 əkiz uşağın doğulması ilə nəticələnir.

Müvəffəqiyyətlə inkişaf edən “şüşədə mayalanma” (ekstrakorporal mayalanma) texnologiyası onunla nəticələnir ki, üç və hətta dörd döllü hamiləliklərə indi daha tez-tez rast gəlinir. Çünki uşaqlıq daxilinə eyni vaxtda bir neçə mayalanmış yumurta hüceyrələri daxil edilir ki, sonda bunların heç olmasa biri-ikisi inkişaf etmiş olsun.

Çoxdöllü hamiləliyin gedişatı bir çox xüsusiyyətlərə malikdir. Artıq 3-4 həftəlik hamiləlikdə siz körpənizin bir deyil, iki və ya üç olduğunu USM vasitəsilə aşkar edə bilərsiniz. Bu andan həkimlərin güclü nəzarəti altında olmaq vacibdir. Uşaqlıq ölçüləri təkdöllü hamiləliyə nisbətən 2-3 dəfə böyüyür, bu da döl ətrafı suyun vaxtından əvvəl axmasına və erkən doğuşa səbəb ola bilər. Bu zaman qadının orqanizmi öz ehtiyatını daha sürətlə sərf etmiş olur ki, bu da nəticədə toksikozun əmələ gəlməsinə səbəb olur. Həmçinin bu zaman körpələr də təkdöllü hamiləliyə nisbətən daha darısqal mühitdə inkişaf edir. Bu səbəblər üzündən çoxdöllü hamiləlik dövrü ərzində qadın bir neçə dəfə stasionara yerləşdirilə bilər. Bu zaman qadının və döllərin vəziyyəti daimi nəzarət altında saxlanılır və lazımi müalicələr aparılır. Bəzi hallarda hamilə qadın bir neçə ay ərzində yataq recimində olmaq məcburiyyətində qala bilər.

Bir qayda olaraq çoxdöllü hamiləlik zamanı doğuş təkdöllü hamiləliyə nisbətən daha tez (hamiləliyin 36-37-ci həftəsində) baş verir. Xoşbəxtlikdən təbiət əkiz körpələri mühafizə edir: doğulan əkizlərin uyğunlaşma qabiliyyəti tək doğulan körpələrdən daha artıq olur.

Mənbə: saglamolun.az

0 şərh