Başlayan doğuşun əlamətləri

Doğuşa 24-48 saat qalmış qadınlarda qan qarışığı ilə selikli ifrazat meydana çıxa bilər ki, bu da uşaqlıq boynu kanalının tıxacının xaric olması kimi qiymətləndirilə bilər.

İlk sancılar adətən qarında, bəzi hallarda isə beldə hiss olunur. Belə təsəvvür yaranır ki, ağrı dalğası belin orta hissəsində yarandıqdan sonra dalğa diyirlənərək hər 2 ombaya yayılır, sonda qarında birləşir.

Əvvəlcə sancılar o qədər də güclü olmur (zəif çimdikləmə kimi). Sonradan sancılar güclənərək daha uzun müddətli (6-10 saniyə) olur, getdikcə intensivləşərək müntəzəm xarakter alır, yəni hər dəfə eyni bir vaxtdan sonra təkrarlanır. Doğuşun lap əvvəlində sancılar hər 20-25 dəqiqədən bir təkrar olunur. Əgər siz ilk körpənizi gözləyirsinizsə, doğum evinə sancılar hər 5-7 dəqiqədən bir təkrar olunanda getmək lazımdır. Təkrar doğan qadınlar isə doğum evinə sancıların müntəzəm xarakter aldığı ilk vaxtından getməlidirlər. Təkrar doğan qadınlarda doğuş prosesi ilk dəfə doğan qadınlara nisbətən daha sürətli gedir.

Əgər dölyanı sular xaric olmuşsa (normal dölyanı sular sidiyə oxşayaraq iysiz, şəffaf və sarımtıl rəngdə olur), doğuşun digər əlamətlərini gözləmədən, təxirəsalınmadan doğum evinə getmək lazımdır. Dölyanı suların vaxtsız açılması əksər hallarda doğuşun normal gedişinin pozulmasına və sonradan döl üçün mənfi fəsadların yaranmasına səbəb olur.

Xaric olan dölyanı suların rənginə (açıq, şəffaf, yaşıl, bulanıq) və miqdarına fikir verməyiniz də vacibdir. Bu dövrdə doğum evinə mütləq nəqliyyatla (heç bir halda piyada olmamaqla) getmək lazımdır. Dölyanı suların axmasının qarşısını almaq üçün gigiyenik paketlərdən (menstruasiya zamanı işlədilən) istifadə etmək yaxşı olar.

Hamiləlik müddətindən asılı olmayaraq qadınlarda uşaqlıq yolundan qanlı ifrazat başlamış olarsa, ağrının olub-olmamasına baxmayaraq onları təcili surətdə doğum evinə aparmaq lazımdır.

Doğuşdan əvvəl doğmaq istədiyiniz doğum evini və həkimi də müəyyən etməyiniz məsləhət görülür. Bu zaman qadın məsləhətxanasındakı müalicə həkiminizin, qohum və tanışlarınızın məsləhətlərindən istifadə etməklə bir neçə doğum evinə baş çəkərək, sizə məqbul olanını seçməyiniz yaxşı olar. Əgər müalicə həkiminiz sizdə olan bəzi xəstəliklərə və dölün vəziyyətinə görə doğuşun Keysər kəsiyi əməliyyatı ilə aparılmasını məsləhət görərsə, bu zaman nəinki doğum evini, həmçinin bu əməliyyatı aparacaq həkimin özü ilə görüşərək əməliyyatın aparılacağı tarixi də müəyyən etmək lazımdır. Bu sizə bir çox patoloji halların qarşısını vaxtında almağa imkan vermiş olar.

saglamolun.az

0 şərh