Hamiləlik zamanı təkrarlanan düşüklər

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir.
Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.

Ən çox qarşılaşdığımız sual: hamiləlikdə təkrarlanan düşüklərin səbəbi nədir?
Təkrarlanan düşüklərin səbəbləri müxtəlifdir. Yuxarıda qeyd etdiyim kimi, ən çox qarşılaşılan səbəbi genetik faktorlar olsa da, düşüklərin baş vermə həftəsinə görə səbəbləri fərqlidir.

İlk həftələrdə ürək döyüntüsü meydana gəlmədən baş verən düşüklərdə əsas səbəb genetik faktorlardır. Mozaisizm, tək gen xəstəliyi, translokasiyalar və s… Bu səbəbdən çox vaxt təkrarlanan düşükləri olan cütlüklərdən karyotip analizi istənilir. Belə cütlüklər təbii yolla da sağlam uşaq sahibi ola bilərlər. Amma bəzən süni mayalanma ehtiyacı meydana gəlir.

Düşüklər özəlliklə 10-cu həftədən sonra döldəki ürək döyüntüsünün anidən durması ilə baş verirsə, daha çox trombofilik faktorlar (laxtalanmaya meyllilik) ön plana keçir. Bu hallarda sıxlıqla qanaxma baş vermədən öncə döldə ürək döyüntüsü durur. Trombofiliyalar həm qazanılmış, həm də irsi ola bilər.

Müalicəsi zamanı qanı durulaşdıran dərmanlar istifadə edilir. Ölkəmizdə bu trombofiliyalar haqqında əfsuslar olsun ki, çox sayda mif gəzir. Həqiqətə uymayan bu rəvayətlər xəstələrdə gərəksiz panikaya səbəb olur. Bir çox xəstədə əsassız yerə trombofiliyalar düşünülərək, “səndə laxtalanma çoxdur”, — deyilərək gərəksiz yerə aspirin və ya kleksan kimi qan durulaşdırıcı dərmanlar təyin edilir. Gərəksiz yerə bu dərmanların istifadəsi hamilələrdə həm psixoloji gərginliyə, həm maddi zərərə, həm də sağlıq problemlərinə səbəb olur.

Bəs həqiqət nədir?
Əvvəla, “laxtalanmam çoxdur”, — deyən xəstələrə bildirim ki, hamiləlikdə laxtalanma sistemi onsuz da daha çox işləyir. Yəni xalq dilində desək, hamiləlikdə laxtalanmanız çox olmalıdır. Bu, normaldır və hər hamiləlikdə səbəbsiz yerə “fibrinogen” və ya “d dimer” analizləri istənilməməlidir. Bütün hamiləliklərdə bu parametrlər yüksəlir və “d dimer”, yaxud “fibrinogen” nəticələri yüksəkdir deyə qan durulaşdıran dərmanlar təyin edilməməlidir. Koagulogramma deyilən laxtalanma analizi ilə isə trombofiliyalar aşkarlana bilməz. Trombofiliyaları aşkarlamaq üçün bahalı və spesifik analizlar lazımdır. İrsi trombofiliyalar düşünüldüyü kimi çox rast gəlinmir. Qanı durulaşdıran dərmanlar isə nadir qarşılaşılan antifosfolipid sindromu, Faktor 5 Leyden mutasiyası, MTHFR geni mutasiyası, Protein C və S çatışmazlığı kimi çox mürəkkəb hallarda təyin edilir. Əksərən bu xəstələrə qanı durulaşdıran dərmanlar təyin etdikdə mütləq hematoloqla (qan xəstəlikləri mütəxəssisi) konsultasiya edirik. Yenə də təkrarlayıram, bu patologiyalarla düşünüldüyü kimi, çox qarşılaşmırıq, çox qorxulan antifosfolipid sindromu isə ümumiyyətlə nadirdir.

16-cı həftədən sonra ürək döyüntüsü ola-ola baş verən düşüklərdə isə uşaqlıq boşluğunun patologiyaları ağıla gəlir. Məsələn, uşaqlıq arakəsməsi belə düşüklərə səbəb ola bilər. Eyni zamanda uşaqlıq boynunun çatışmazlığı da 2-ci trimestr düşüklərə yol aça bilər.

Bunlardan əlavə, endokrin (hormonal) patologiyalar da düşüklərə səbəb ola bilər. Məsələn, hamilədə olan şəkər xəstəliyi və ya qalxanabənzər vəzinin xəstəliyi (zob) düşüklərə yol aça bilər. Bu səbəblə bütün hamilələrdə qalxanabənzər vəzinin funksiyaları və qanda şəkər yoxlanılmalıdır. Eyni zamanda luteal faza çatışmazlığı dediyimiz hallarda da ilkin həftələrdə düşüklər baş verə bilər.

Bütün bu xəstəliklərin, patologiyaların ayrılıqda müalicəsi var. Bəzən dərman müalicəsi tətbiq edilir, bəzən isə cərrahi. Ən əsası bunu deyim ki, 3 ardıcıl düşüyünüz olsa belə, ümidsizliyə qapılmayın. Hətta 3 düşükdən sonra belə, normal uşaq doğma ehtimalınız 60-70%-dir.

Rəşad İsmayılzadə
Ginekologiya üzrə mütəxəssis, cərrah
Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı

0 şərh