Həndəsi yolla sübuta yetirilmiş və 5 bölümə ayrılmış əxlaq



Spinozanın Etika əsəri qəliz dildə yazılan və anlaşılması çətin olan əsərlər içərisindədi. Bunun səbəbini hərə bir cür göstərir kimsə onun yöntəmində kimsə isə fikirləri arasındakı ziddiyyətdə. Mən Etikanı oxudum asan anlaşıldığını deməzdim amma onun dəhşət çətin bir əsər olduğu fikri ilə də razı deyiləm .Spinozanın tezislərini sübut etmə yöntəmi mənim üçün çox rahat və anlaşılan gəldi, amma təbii ki, Spinozanın dili sadə olmadığına görə bəzi tezisləri anlamaq üçün bir xeyli əziyyət çəkdim. Bundan başqa digər araşdırmaçılardan oxuduğum kimi, mən də Spinozanın bir-birinə zidd gələn fikirlərinə rast gəldim onları burada qey etməyəcəm, çünki o hissələri anlamaq üçün kitabı yenidən oxumağı düşünürəm. Keçək kitaba.
Spinoza əsəri 5 bölümə ayırıb.1. Tanrı2. Zehnin təbiəti və kökəni3.Duyğuların kökəni və təbiəti.4.İnsanın əsarəti ya da duyğuların qüvvəsi.5.Ağlın qüdrəti ya da insanın özgürlüyü.Kitab haqqında hissə-hissə yazmayacağam, spinozanın bu kitabda toxunduğu problemlərdən anladıqlarımı və Spinozanın o problemlərə münasibətindən yazacam.Spinozanın fərqli bir yöntəmi (metod) var.  Hər bölümü başlayanda onu maraqlandıran anlayışlara təriflər verir, sonra həmin anlayışlarla bağlı olan aksiyomları göstərir, daha sonra mülahizələrini və onların sübutlarını yazır. Sübutlar isə özündən əvvəlki sübut olunmuş mülahizələrə əsaslanır. Yəni birinci sübut olunmuş bir-neçə mülahizə ondan sonra gələn mülahizələrin sübut olunmasında vasitəçilik edir və birdə Spinoza bəzi mülahizələrindən sonra, qeydlərdə yazır, öz mülahizələrini daha yaxşı izah edə bilmək üçün.Spinozanın problemləri. 
Tanrı.
Spinozanın tanrısı monoteist tanrıdan çox fərqlənir. Spinoza tanrını, substansiya olaraq görür, amma monoteist tanrıdan fərqli olaraq spinozanın tanrısı təbiəti ikinci dərəcəyə endirmir, o təbiətlə iç-içədir və əslində eyni şeydi. Tanrı özünün və hər şeyin var olma səbəbi kimi, göstərilir, amma monoteist tanrıya aid «hər şeyə qadir olma keyfiyyəti» bu tanrıda yoxdu, çünki Spinoza düşünür ki, tanrının hər şeyə qadir olması, onu təbiətinə ziddi, tanrı hər şeyə qadirdisə öz yaratdıqlarını yaratmaya da bilərdi, amma yaratdıqları əslində onun təzahürləri yəni onun özüdür və tanrının özünü yaratmaması məntiqsizdir. Tanrı insana aid olan heç bir keyfiyyətlə dəyərləndirilməməlidir. İnsanlar buna görə tanrını anlaya bilmirlər.Tanrının atributları və modusları var. Atributlar ümumi olan şeylərdir, moduslar isə təklərdir. Tanrının atributları sonsuzdur bizə isə onlardan ikisi məlumdur düşünmə və yer tutma. Atributlar da tanrı kimi əbədidir, ancaq moduslar  əbədi deyil onlar, yaranır və məhv olurlar. Ancaq yenə de deməliyəm ki, Spinozanın tanrısı ən qəliz tanrıdır. Onun tam olaraq nə olduğu məlum deyil, çünki bəzən Spinoza özünü tam bir monist kimi aparır. 
Determinizm və teleologizm
Səbəb və nəticə əlaqəsinə 2 cür baxış vardır. Birincisi determinizmdir hansı ki, səbəbin hadisələri nəticəyə doğru itələdiyini  iddia edir..  Qısaca izah etsək mənim əlimə daş düşdü deyə əlim yaralandı.Teleologizm isə bunun əksini iddia edir. Səbəb hadisələri nəticəyə doğru dartır. Yəni daş əlimə, əlimi yaralamaq üçün düşdü. Determinizmə ilk səbəb, teleologizmə isə son səbəb də deyirlər.Spinoza isə determinist idi və teleologist olan xristian din adamlarına qarşı çıxırdı.Xristianlar dünyada baş verən bütün hadisələrin tanrının məqsədi ilə əlaqəli olduğunu və hər şeyin qabaqcadan tanrı tərəfindən yazıldığını iddia edirdilər. Spinoza bu fikrə qarşı çıxırdı ki, məqsəd insana məxsus cəhətdi və tanrıda bu yoxdur, olsaydı belə insan tanrının məqsədi ilə bağlı heç nə dərk edə bilməzdi.Bayaq dediyim kimi, Spinoza tanrını təbiət kimi gördüyü üçün təbiətdəki determinizmi tanrı ilə əlaqələndirərək onu qəbul edirdi. Xristianları problemlərin izahını verməkdən qaçmaqda günahlandırırdı. Əgər hər şey tanrının məqsədi ilə bağlıdırsa, onda danışmağa heç nə qalmayıb. 
Şüur və Bədən
İnsanın şüuru, onun bədəni vasitəsi ilə yaranır. Şüur bədəni dərk edərək onu tanıyır .Bədən şüurun yaranmasının birinci səbəbidir. insanın şüuru tanrının düşüncə atributunun, bədəni isə yer tutma atributunun moduslarıdır və bu cəhətdən onlar fərqlidir, amma atributların var olma səbəbi tanrı olduğu üçün və tanrı da tək olduğu üçün, bədən və şüur eyni şeydir. Yalnız moduslar aləmində bədən və şüur fərqli görünür, substansiya baxımından isə onlar eyni şeydir.Buna baxmayaraq bədənin hərəkətlərinə şüur təsir göstərmir. Bədənsəl  fəaliyyətimizdə şüurun heç bir rolu yoxdur. Bədənin hərəkətinə səbəb yer tutma atributu koteqoriyasına girən moduslar arasındakı səbəb-nəticə əlaqəsinin mahiyyətidir. Bədənimiz onu şərtləndirən hadisələr əsasında hərəkət edir yəni təbiət qanunları əsasında, məsələn yuxuda gəzən insanlar özləri də bilmədən heyrətamiz hərəkətlər edə bilirlər. 
Hisslər
Zehnimizdə bir fikrin natamam və tamlığından asılı olaraq, yaxşı və pis hisslər yaranır. Bir fikir insanın mahiyyətindən gəlirsə və o fikrin yeganə səbəbi insanın özüdürsə o tam fikrdir, əgər bir fikir yalnız insanın özündən yox həmdə kənardakı şeylərin təsiri ilə yaranırsa onda o fikir natamam fikirdir. Birinci halda insan ətrafına təsir edir, ikinci halda isə insan ətrafından təsirlənir. Birinci halda insanda sevgi ikinci halda isə nifrət hissi yaranır. Digər bütün hisslərimiz isə bu hissin varlığı-yoxluğu və ya azlığı ilə çoxluğunun nisbətindən yaranır. 
Özgürlük və iradə.
Hər bir şey özündən əvvəl ona təsir edən şeyin nəticəsi olaraq yaranmışdır. Təbiətdə hər şey səbəb-nəticə əlaqəsi sayəsində baş verir. Bu səbəbdəndə bizim özgür iradəmiz yoxdur. Biz seçim edərkən onu istəyərək yox, o hadisənin baş vermə səbəbi olan şeyin təbiəti əsasında seçim edirik. Çaydan aşağı düşən daşında şüuru olsa idi özünü azad hiss edərdi, amma o sadəcən çay hərəkət etdiyi üçün aşağı düşür… İnsanın qərar verməsi, onun azadlığı deyil, onun yaddaşının təsiri ilə bağlıdır, hansı ki, insan bu yaddaşına təsir göstərə bilmir. Spinozaya görə azadlıq, məcburiyyəyin, şərtlənmənin, azad iradənin olmamasının tanınmasıdır. İnsan tanrının bir modusu olaraq, onun qoyduğu qaydalara tabedir, bunu dərk edərək qəbul etməklə azad ola bilır ancaq. İnsanın azadlığını qəbul etməməsi, ümumiyyətlə hər şeyi tanrının qanunları əsasında izah etməsi, Spinozanın təbiətə kosmoloji baxışının nəticəsidir və bundan başqa Spinoza tanrı deyərkən həm də təbiəti nəzərdə tutur onları eyni şey hesab edir.

Saleh Mehdizadə

0 şərh