Qlaukoma və buynuzlu qişaya düşən cisimlər

Qlaukoma. Kəskin qlaukoma tutması gözdə daxili təzyiqin şiddətlə artması nəticəsində baş verir. Bu təzyiq gözdə qan dövranını pozaraq sağalmayan korluğa səbəb ola bilər. Qlaukoma tutması, bir qayda olaraq, qəflətən başlayır. Bu zaman göz sahəsində, başın müvafiq yarım hissəsində, xüsusən ənsədə ağrı, habelə qusma, ümumi zəiflik baş verir. Gözlər qızarır, göz qapaqları şişir, buynuz qişa tutqunlaşır, bəbək genələrək, həqiqi formasını itirir və çox vaxt qeyri-düzgün forma alır. Görmə itiliyi kəskin azalır. Palpasiya zamanı gözün daxili təzyiqinin çox artdığı gözün bərkidiyi müşahidə olunur. Bu zaman gözə saatda bir dəfə 2 %-li pilokarpin məhlulu damızdırmağa başlamaq lazımdır, buna əlavə olaraq sutkada 3 dəfə fosfokol və ya armin damızdırmaq olar. Daxilə 0,25 q diakarb, 20 q işlətmə duzu verilir, ağrıyan göz tərəfdən gicgaha 2 zəli qoyulur və isti vannaları tətbiq edilir. Gecə xəstəyə yuxu dərmanı verilməsi məsləhət görülür. Xəstə təcili olaraq oftalmoloq-həkimə göndərilməlidir.
Konyunktivi və buynuz qişanın yad cisimləri. Konyuktivaya düşmüş yad cismi çıxarmaq üçün göz qapaqlarını hökmən çevirməklə göz alması və göz qapaqlarının konyuktivasını müayinə etmək lazımdır. Yad cismi steril yaş pambıq tampon vasitəsilə çıxarırlar. Yad cismi kənar edildikdən sonra gözə 30 %-li natrium-sulfasil (albusid) məhlulu damızdırılır. Gözdə yad cisim olmasının hiss edilməsi çox buynuz qişanın eroziyalı olması (epitel qüsuru) ilə əlaqədardır. Bunu aşkar etmək üçün gözə 1 - 2 %-li flüoressin məhlulu damızdırır və sonra gözü natrium-xloridin izotonik məhlulu ilə yuyurlar. Flüoressin eroziya olan yerdə saxlanaraq, buynuz qişanın qüsuru açıq yaşıl rəngə boyanır. Belə xəstənin müayinə edilməsində yandan (fokal) işıqlandırma metodundan istifadə etmək lazımdır.
Buynuz qişadan yad cismin kənar edilməsi üçün qabaqca 0,5 %-li dikain məhlulu ilə anesteziya keçirmək lazımdır. Xəstənin göz qapaqlarını sol əlin baş və şəhadət barmaqları ilə aralayırlar. Səthdə yerləşmiş yad cismi şüşə və ya ağac çöpünə sarınmış yaş pambıqla (material steril olmalıdır) rədd edirlər.
Yad cisim buynuz qişanın səthi qatları arasında yerləşdiyi hallarda, onu yad cisimləri çıxarmaq üçün işlədilən xüsusi steril iynə vasitəsilə rədd edirlər. Yandan verilən işıq və 13,0 D-lik lupa vasitəsilə yoxlayaraq, iynənin ucunu yad cismin altına yeridib yuxarı qaldırmaq və qabağa itələməklə yad cismi kənar edirlər. Yad cisim kənar edildikdən sonra gözə 3 %-li natrium-sulfasil (albusid) məhlulu damızdırmaq, antibiotik və sulfanilamid məlhəmi qoymaq lazımdır. İrin ifrazatı olmadıqda 2-3 saatlığa yüngül sarğı qoymaq olar. Əgər yad cisim çıxarıldıqdan sonra onun yerində pas rəngində çənbər («yanıq») ləkəsi, qalırsa, xəstə hökmən həkimə göndərilməlidir. Yad cisim buynuz qişanın orta və dərin qatlarında olarsa onda tibb bacısı xəstəni təcili olaraq okulist-həkimə göndərməlidir.
Dərinə keçən göz yarası. Göz yarasının dərinə keçməsindən şübhələndikdə göz qapaqları çevrilməməlidir ki, yaralı gözə izafi təzyiq düşməsin. Bu halda xəstənin gözünə 30% - li natrium-sulfasil (albusid) məhlulu damızdırılmalı və yüngül steril tənzif sarğı qoyulmalıdır. Xəstənin dərisi altına isə 0,5 ml AS - anatoksini və 3000 vahid tetanus əleyhinə serum vurduqdan sonra onu gözündə cərrahiyyə əməliyyatı aparılmaq üçün təcili olaraq stasionara göndərmək lazımdır.

0 şərh