Fateh Sultan Mehmed (II Mehmed)

II MehmedFateh Sultan Mehmed (II Mehmed) yeddinci Osmanlı padşahıdır.
İstanbulu fəth etdikdən sonra ləqəbi “Fateh” olmuşdur. Bəzi tarixçilərin fikrincə, İstanbulun fəthi orta əsrin sonu, yeni əsrin başlanğıcı olmuşdur. Buna görə də Fateh “əsr açan hökmdar” olaraq tanınır. Fateh çıxardığı qanunlarla dövləti əsaslı şəkildə yenidən dəyişdirmişdir. Fateh Sultan Mehmet 1432-ci ildə o dövrdə Osmanlı dövlətinin paytaxtı olan Edirnə şəhərində dünyaya gəlmişdir. O, II Muradın Hüma Xatundan olan oğlu idi. Molla Gürani kimi dövrünün məşhur alimlərindən dərs alaraq böyüdü.

1443-cü ildə hələ uşaq yaşda ikən, Manisa sancaqbəyi vəzifəsinə gətirildikdən sonra müəllimləri və yaxın adamları ilə Manisaya getdi. II Murad Balkan yarımadasında və Anadoluda qarışıqlıqların olduğu bir dövrdə Mehmedi Edirnəyə çağırdı və taxta onu çıxartdı. 1444-cü il avqust ayında 12 yaşında təcrübəsiz bir uşağın hakimiyyətə gəlməsi Osmanlı dövləti ilə müharibədə olan dövlətlərə ümid verdi. Bir xaçlı ordusu Tuna çayını keçib Varnanı mühasirəyə aldı. Sədrəzəm Çandarlı Xəlil paşa Kiçik Asiyada olan II Muradı Edirnəyə çağırdı. II Murad 1444-cü il 10 noyabrda Varna döyüşündə xaçlıları məğlubiyyətə uğratdı. Döyüşdən sonra oğlunu taxtda qoyub Manisaya qayıtdı. Ancaq II Mehmedin hakimiyyətdə olması türksoylu Çandarlı Xəlil paşa ilə yeni padşahı dəstəkləyən Zağanos paşa və Şihabəddin paşa arasında şiddətli bir qarşıdurmaya səbəb olmuşdu.

II Muradın hakimiyyətə qayıtmasını istəyən Çandarlı Xəlil paşa əl altından bir yeniçəri üsyanını dəstəklədi və II Mehmed hakimiyyətdən əl çəkməli oldu. II Murad Edirnəyə qayıdaraq yenidən taxta çıxdı. Atası öldükdən sonra Mehmed 1451-ci ildə Edirnədə ikinci dəfə taxta çıxdı. Fateh Sultan Mehmed Varna döyüşündən əvvəl Sədrəzəm Çandarlı Xəlil paşanın taxta dəvətini rədd edən atasına dediyi:- “Əgər padşah sənsənsə ordunun başına keç, əgər padşah mənəmsə əmr edirəm ordunun başına keç” sözləri ilə hələ uşaq yaşda ikən nə qədər ağıllı və düşüncəli olduğunun isbatıdır.

    Fateh 1453-cü il martın 23-də Edirnədən yürüşə çıxdı və aprelin 6-da İstanbulu mühasirəyə aldı. Mühasirə 53 gün davam etdi. Bizansa yardımın gəlməsinin qarşısını almaq üçün Mərmərə dənizi və Çanaqqala boğazını mühasirəyə aldı. Heç bir yerdən kömək ala bilməyən Bizansın paytaxtı 1453-cü il 29 mayda ələ keçirildi. Min illik Bizans imperiyasını hakimiyyətinə son qoyan II Mehmet bu hadisədən sonra “fateh”  adını aldı. Fateh təntənəli mərasimlə şəhərə daxil oldu. İlk iş olaraq Ayasofiya məbədini məscidə çevirdi.

İstanbul Osmanlı imperiyasının paytaxtı oldu. Şəhərin ticarət mərkəzi olan Qalatadan qaçmış olan rumların geri qayıtmasına şərait yaratdı. Yunan patriarxlığının yenidən açılmasına icazə verdi. Bundan başqa yəhudi xaxamlığı ilə bir erməni patriarxlığı tikdirdi. II Mehmed İstanbulu fərqli dinlərdən olan insanların bir yerdə yaşadığı, ticarət və mədəniyyət mərkəzi olan bir paytaxta çevirməyi hədəfinə qoymuşdu.

İstanbulun fəthi
Fateh İstanbulun fəthi zamanı Bizans tərəfdarı bir vəziyyətdə olduğu üçün Çandarlı Xəlil paşanı 1453-cü ilin iyulunda edam etdirdi. Qısa bir vaxtdan sonra yenə fəthlərə başladı. 1454 və 1455-ci illərdə təşkil etdiyi iki yürüşlə Cənubi Serbiyanı və Egey dənizindəki bəzi mühüm adaları Osmanlının tərkibinə qatdı. 1459-cu ildə Serbiya krallığının varlığına sn qoydu. Bizansın son torpaqları olan Moranı da 1460-cı ildə ələ keçirdi. Həmin il Anadoluya yürüşə çıxan Fateh Amasranı, Candaroğullarının əlində olan Sinopu aldı. 1461-ci ildə Pontus dövlətinin (Trabzon imperiyası) paytaxtı Trabzonu ələ keçirdi və bu dövlətin varlığına son qoydu.

1462-ci ildə yenidən Rumeli səfərinə çıxdı, indiki Ruminıya torpaqlarını və 1463-cü ildə isə Bosniyanı tamamilə ələ keçirdi. Egey dənizindəki Midilli adasını tutduqdan sonra Venesiya ilə vəziyyət pisləşdi. Bu hadisə 1479-cu ilə qədər davam edəcək olan müharibənin başlanğıcı oldu. Osmanlı dövlətinin artan bu gücü qarşısında  Qaramanoğulları Misirdəki Məmlüklər ilə Şərqi Anadoludakı Ağqoyunlularla ittifaqa girdi. Fateh 1466-cı ildə yeni bir Anadolu səfərinə çıxdı. Qaramanoğullarının paytaxtı Konyanı ələ keçirdi. Fateh Sultan Mehmed 1477-ci ildə Krım xanlığını Osmanlı dövlətinin hakimiyyəti altına aldı. 1478-ci ildə Albaniya səfərində yeni yerlər ələ keçirdi.1479-cu ildə müqavilə imzalayaraq  Venesiya ilə 16 illik müharibəyə son qoydu. 1481-ci ildə Fateh Anadoluya doğru yeni bir səfərə çıxdı. Ancaq hələ yolun başında xəstələndi və 1481-ci il mayın 3-də Qəbzədəki qərargahında vəfat etdi. Qut xəstəliyindən öldüyü deyilir, ancaq zəhərləndiyini də deyirlər. Ölümündən sonra oğlu Bəyazid taxta çıxdı.

5 şərh

pascal
Osmanlı tarixi çox maraqlı tarixlərdən biridir. Bu tarixə maraq, Osmanlı İmperiyası dönəmində, Osmanlı Sultanlarının 1299-cu ildən 1922-ci ilə qədər olan dövrdə, ard-arda gələn zəfərləri, dünyanın çox hissəsini işğal etmələri olmuşdur. Əlbəttə, 623 illik İmperiya tarixində yüksəlmə, durğunluq, geriləmə və parçalanma dönəmlərinin sultanları da var idi. Fatih Sultan Mehmet isə Osmanlı İmperiyasının yüksəliş dövrünün qızıl tarixini, bəlkə də indiki Türkiyənin əsasın qoyan bir sərkərdə olub. 
 
pascal
Apollon. sənin yazılarınla mənim səsverməm arasında nəsə problem var. Mən + verdim, yenə yazılmadı. Bu niyə belə olur...anlamıram.
istorik_c
Osmanlı imperiyasının pərdəarxası sirli tarixi var və çox az hissəsini biz bilirik.
qabmelay
amma yenə də maraqlıdır
Xrizoberil
Napoleondan soruşurlar ki, Fateh sultan daha boyukdur yoxsa siz daha boyüksünüz?-Fransız hökümdarın cavabı: böyüklükdə mən onun şagirdi belə ola bilmərəm.çünki mən qılıncla zəbt etdiyim yerləri həyatda ikən geri verən bədbəxtəm. Fateh isə zəbt etdiyi yerləri nəsildən-nəsilə ötürməyin sirrinə bələd olan bir bəxtiyardır.

Fateh Sultan Mehmete sual verirler ki, ne üçün İstanbulu fəth etdiniz? — cavabinda sultan bildirir ki, çünki öncə İstanbul menim qəlbimi fəth etdi.