"Ağ Qartal"ın sahibi - Hüseyn xan Naxçıvanski

Tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının ali hərbi ordenləri ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli orden və medalları ilə təltif olunmuşdur. Hüseyn xan Rusiya ordusunda və imperator sarayında yüksək nüfuz sahibi olmuş yeganə Azərbaycan türküdür.
Hüseyn xan Naxçıvanski oğuz türklərinə məxsus qədim Kəngərli nəslindəndir. Onun ulu əcdadları öz hünərləri ilə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışlar. O, 28 iyul 1863-cü ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan I Ehsan xan oğlu Kəngərlinin — Naxçıvanskinin ailəsində dünyaya gəlmişdir.
II Kalbalı xan Naxçıvanskinin 8 övladı olub. Adları Zeynəbbəyim, Bədirnisəbəyim, II Ehsan xan, Cəfərqulu xan, Rəhim xan, Şahcahanbəyim, Hüseyn xan və Zərintacbəyimdir. Anası Xurşid xanım İrəvanda yaşayan, Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin qızıdır.
Qeyd edək ki, Hüseyn xan Naxçıvan şəhərindəki Xan Sarayında doğulmuş, ilk təhsilini burada almış, 1873-cü ildə atası onu Peterburqa, saray məktəbində — Paj korpusunda oxumağa göndərmişdir. On ildən sonra məktəbi əla qiymətlərlə bitirən Hüseyn xan saray qvardiyasının (leyb qvardiya) süvari polkuna kornet (kiçik zabit) təyin olunur. Saray qvardiyası imperatorun təhlükəsizliyini təmin edirdi.                         
Peterburqda imperatorun şəxsi mühafizəsini təmin edən süvari polkunda xidməti ilə seçilən Hüseyn xan hərbi karyerasında sürətlə yüksəlir və ilk dəfə 27 yaşında İranın 4-cü dərəcəli "Şir və Günəş" ordeni ilə təltif edilir. O, polk məhkəməsinin iş icraçısı, polkun tədris komandasında müavin vəzifələrində çalışır, azsavadlı əsgərlərə hərbi silahdan istifadə qaydalarını, yazmağı, oxumağı və xəritəşünaslığı həvəslə öyrədir.
1894-cü ilin yazından ştabs-rotmistr təyin olunur, 3-cü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə, bir ildən sonra «Rumıniya Ulduzu» ordeninin zabit xaçı ilə təltif edilir.
26 fevral 1896-cı ildə imperator III Aleksandrın xatirəsi şərəfinə təsis edilmiş gümüş medalla təltif edilən Hüseyn xan 26 apreldən iyunun birinədək çar II Nikolayın tacqoyma mərasiminin hazırlıq mərhələsində və mərasimdə iştirak edir. Bu ərəfədə Hüseyn xan 3-cü eskadron polkuna müvəqqəti komandir təyin edilir. Yüksək mənəviyyatı və dərin bilikləri xidmət etdiyi süvari polkunda ona hamının rəğbətini qazanmağa kömək edir.
Rus çarının xüsusi diqqətində olan 3-cü eskadron polkunda müvəqqəti komandirlik edən Hüseyn xanın fəaliyyəti bəyənilir və o, 1898-ci ildə 3-cü eskadron polkunun komandiri təyin edilir.
1900-cü ildə Rusiyaya dostluq səfərinə gələn İran şahı Müzəffərəddin Qacarı müşayiət etmək Hüseyn xana tapşırılır. Qacarlarla Kəngərliləri qohumluq telləri bağlayırdı. Yəqin ki, Rusiyanın məxfi idarələri bunu bilməmiş deyildilər. Hüseyn xanın ata tərəfdən ulu nənəsi Tükəzban xanım (I Kalbalı xanın həyat yoldaşı) İrəvanda xanlıq, hakimlik etmiş Dəvəli Qacarlardan idi.
Hüseyn xanın mühafizə işini bəyənən İran şahı onu 1901-ci ildə "Şir və Günəş ulduzu" ordeni ilə mükafatlandırır. 1902-ci ildə yenə də İran şahının mühafizəsi Hüseyn xana həvalə edilir.
1904-cü il fevralın 23-də İranın almazlarla bəzədilmiş ikinci dərəcəli "Şir və Günəş", Bolqarıstanın üçüncü dərəcəli «Hərbi xidmətlərinə görə» və dördüncü dərəcəli «Müqəddəs Aleksandr» ordenləri ilə təltif edilən Hüseyn xan Naxçıvanski həmin il martın 1-də Qafqaz Hərbi Dairəsinin sərəncamına göndərilir. Petrovsk şəhərində (indiki Mahaçqala) o, könüllü müsəlman döyüşçülərdən ibarət İkinci Dağıstan polkunu formalaşdırır, onun komandiri təyin edilir və 1904-1905-ci illərdə rus-yapon müharibəsində bu polkla iştirak edir. Knyaz Qriqol Orveliani yaralanandan sonra bütün Qafqaz Süvari Briqadasına komandirlik vəzifəsi Hüseyn xana həvalə olunur. Qeyd etmək lazımdır ki, bu süvari briqadasına həm də Tersk-Kuban süvari polku daxil idi.
Hüseyn xan Naxçıvanskinin döyüşlərdə göstərdiyi rəşadətə görə aldığı orden və medalların sayı-hesabı yoxdur. Onlardan ən vacibini qeyd edək. Rus-yapon müharibəsində Landunqou kəndinin yaxınlığında Hüseyn xan göstərdiyi rəşadətə görə Rusiya ordusunun ən ali hərbi ordeninə — dördüncü dərəcəli «Müqəddəs Georgi» ordeninə layiq görülür. Bu ordenin sahibləri Rusiya zadəganlığının qanuni varisi sayılırdılar. Hüseyn xan Naxçıvanskinin Yaponiya müharibəsində göstərdiyi qəhrəmanlıqlar V.A.Pottonun tərtib etdiyi "Əlahəzrətin Nijeqorod Draqun polkunun tarixindən" çoxcildliyində böyük məhəbbətlə vəsf edilib: «Polk komandiri Komstadiusun yerinə 24 noyabr 1905-ci ildə polkovnik Hüseyn xan Naxçıvanski təyin edilib. O, bizim tariximizdə məşhur olan Ehsan xan Naxçıvanskinin varisidir...»
Müharibə qurtarandan sonra Hüseyn xan 14 fevral 1906-cı ildə 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsinə təyin olunur və Peterburqda Qafqaz Süvari Briqadasının nümayəndə heyətini imperatora təqdim etmək üçün hazırlıqlara başlayır. İmperator nümayəndə heyətini həmin il aprelin 5-də Çarskoe Seloda qəbul edir.
Hökmdar Nijeqorod polkunun geyimində həyat yoldaşı ilə birlikdə heyətin qarşısına qucağında balaca varisi ilə çıxdı. Polk komandiri Naxçıvanski şahzadə üçün hazırlanmış miniatür nijeqorodçu hərbi geyimini balaca varisə gətirdi. Xan Naxçıvanski özünə məxsus əsl döyüş süngüsünü də Şahzadəyə hədiyyə etdi. Hökmdar ehtiramla gətirilənləri qəbul edib, nijeqorodçulara xanımı və varisi adından təşəkkür edərək polkun komandiri Naxçivanskiyə dedi:
— Bugünkü gündən xatirə olaraq sizi mən fligel-adyutant təyin edirəm. — Sonra əlahəzrət komandiri qucaqladı və üzündən öpdü...
1906-cı ildə Hüseyn xan saray qvardiyasının süvari polkuna komandir təyin olunmuşdur. Bir il sonra ona general-mayor hərbi rütbəsi verilir. 6 dekabr 1910-cu ildə birinci dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilən Hüseyn xan Peterburq hərbi dairəsinin sərəncamına göndərilir. Burada müxtəlif hərbi təlimlərdə olan Xan Naxçıvanski 18 aprel 1912-ci ildə Əlahiddə Birinci Süvari Briqadasının rəisi təyin olunur. Onun bu illərdə çəkdiyi zəhmət yenə öz bəhrəsini verir. 6 dekabr 1913-cü ildə onu birinci dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edirlər. Hüseyn xan Naxçıvanskiyə hərbi xidmətdə fərqləndiyinə görə 16 yanvar 1914-cü ildə general-leytenant rütbəsi verilir. O, İkinci Süvari Diviziyasına rəis təyin edilir və bu diviziya ilə Birinci Dünya müharibəsində döyüşə yollanır. 13 oktyabr 1914-cü ildə Hüseyn xan Naxçıvanskiyə İkinci Süvari Korpusunun komandiri vəzifəsi tapşırılır.
22 oktyabr 1914-cü ildə çarın fərmanı ilə Hüseyn xan Naxçıvanskiyə üçüncü dərəcəli «Müqəddəs Georgi» ordeni verilir. Şərqi Prussiyada apardığı uğurlu hərbi əməliyyata görə Hüseyn xan ikinci dəfə bu yüksək ali hərbi ordenin kavaleri olur.
1915-ci ildə Hüseyn xan qoşa qılıncla birlikdə «Ağ Qartal» ordeni ilə təltif edilir və əlahəzrətin yavəri təyin edilir.
23 yanvar 1916-cı ilin əvvəlində Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilir və o, 9 aprel 1916-cı ildə Qvardiya Süvari Korpusunun komandiri təyin edilir. 1917-ci ildə Hüseyn xan Naxçıvanski əvvəlcə Kiyev qərargahında, iyunun 23-dən isə Petroqrad (Sankt-Peterburq) hərbi dairəsində ehtiyatda olan hərbçi kimi qeydə alınır.
1919-cu ilin yanvarında Hüseyn xan Petroqradda bolşeviklər tərəfindən güllələnmişdir.
Artıq neçə ildir ki, general Hüseyn xan Naxçıvanski ilə bağlı Tiflisdə, Vladiqafqazda, Xunzaxda, Nalçikdə, Çerkeskdə və digər yerlərdə axtarışlarımız gedir. Çünki onu osetin, çərkəz, inquş, çeçen, kabardin, ləzgi, avar və digər xalqların da süvariləri cəsur qafqazlı kimi çox sevir, bir sözünü iki etmirdilər. Generalın ölümün gözünə dik baxa bilən qafqazlılardan yaratdığı süvari polkları Rusiyanın hərb tarixində ən unikal hadisələrdən biridir. Ən maraqlısı odur ki, Naxçıvan Kəngərliləri də bu polkların tərkibində döyüşmüşlər.
Hüseyn xan Şeyx Şamilin naibi Hacı Muradın oğlu Araz xanı özünə adyutant götürmüşdü. Araz xan da mahir hərbçi idi. Sənədlərdə olan məlumata görə qafqazlılardan ibarət süvari polkları ancaq Hüseyn xana tabe olmağı sevirdilər. Buna görə də çeçen, inquş, çərkəz, osetin və kabardin polklarının sənədləri saxlanan arxivlərdə axtarışlarımızı davam edirik. Maraq üçün deyək ki, axtarışlarımızı Qarsda və Sarıqamışın Selim kəndində də aparmışıq. Çünki bir vaxtlar Hüseyn xanın diviziyasında döyüşən çərkəzlər, osetinlər 1922-ci ildə sovet hökumətinin təqiblərindən Sarıqamışa yaxın olan Selim kəndinə sığınmışdılar. İndi onların törəmələri Ankarada, İstanbulda və Türkiyənin digər şəhərlərində yaşayırlar.
Hüseyn xan Naxçıvanski 1889-cu ildə Sofiya Nikolayevna Taube ilə ailə qurmuşdur. Onun arvadı Sofiya Nikolayevna məşhur şair, tərcüməçi və naşir Nikolay Vasilyeviç Herbelin qızıdır. Sofiya 1941-ci ildə Beyrutda dünyasını dəyişmişdir. Üç övladı var idi. Nikolay xan 1912-ci ildə Peterburqda, Tatyana xanım 1972-ci ildə Fransada Georgi xan 1948-ci ildə Livanda vəfat ediblər.
Hüseyn xan Naxçıvanski ulu əcdadları kimi imperatorun taxt-tacına içdiyi hərbi anda ömrünün sonuna kimi sadiq qaldı.

 

 

Musa QULİYEV — AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

0 şərh