Sulla

Yoxsullaşmış zadəgan ailəsində anadan olmuş Sulla gəncliyində kef və əyləncəyə qurşanmışdı. Sonralar qohumlarının dövləti ilə varlanması nəticəsində konsul Marinin yanında kvestor olmuşdur. Mari ilə birlikdə Afrikaya Yuqurta üzərinə getmiş, döyüşlərdə cəsurluğu və təşəbbüskarlığı ilə diqqəti cəlb etmişdir. Addımbaşı kvestor patrisiyə paxıllıq edən plebey Mari öz ikinci konsulluğunda leqat, üçüncüsündə isə hərbi tribun idi. Sulla hələ leqat ola-ola tektosaqların başçısı Kupillanı tutub əsir gətirmiş, hərbi tribun olanda isə farsları Romanın müttəfiqinə çevirmişdi. Mari paxıllığından artıq bu gənc, mavigöz cavana heç bir iş tapşırmırdı. Lakin Sulla qarşısıalınmaz bir şəkildə yüksəlirdi. O, Alp barbarlarının çoxunu ram etmiş, bundan sonra mülki qulluğa başlayıb, namizədliyini şəhər pretorluğuna irəli sürmüşdü. İlk dəfə məğlub olsa da, bir ildən sonra təkrar seçkilərdə qalib gəlmişdi.
Senat bundan sonra onu Kappadokiyaya göndərir. Burada olarkən bir xaldeyli maq ona çox yüksək mövqe tutacağını deyir. Səfərdən uğurla qayıdan Sulla haqqında böyük tarixçi Plutarx belə yazır: «Bu, dəyişən, ziddiyyətli bir adam idi. Çox şeyi zorla alırdı. Amma aldığından da çox paylayırdı. Səbəb olmadan kimisə göylərə qaldırır və eləcə də təhqir edirdi. Kimə ehtiyacı varsa, ona qulluq göstərir, kimdən ehtiyacı yoxsa, saymırdı».
Romaya qayıdandan sonra o, Kvint Pompeylə birgə konsul seçilir. Bu zaman onun artıq 50 yaşı vardı və o, baş kahin Metellin qızı Sesiliya ilə evlənir. Bu evlənməyə görə, lağlağı sevənlər onu ələ salan çoxlu şerlər yazırlar. Sulla heç nəyə əhəmiyyət vermir. Qeyd edək ki, bu onun dördüncü izdivacı idi. Bu zaman Mari xalq tribunu Sulpisinnenin köməyi ilə ətrafına üç minə qədər hər şeyə hazır olan cavan toplayır. Və onların köməyi ilə senatda zorla bir neçə ədalətsiz qanun keçirir. Qudurmuş kütlə Marinin əleyhinə olan konsul Pompeyin oğlunu öldürüb, özünü də qaçmağa məcbur edirlər. Sulla da qaçıb Marinin evində sığınacaq tapır. Bundan sonra Sulla xəlvəti ordu düşərgəsinə gəlir. Ordunu ələ almağa gələn Mari tərəfdarları bunu görüb Romada Sullanın tərəfdarlarına divan tuturlar. Marinin özü də tərəfdarlarından altı legion təşkil edib, Noladan hərəkətə gəlir. Sulla da ordusunu Roma üzərinə yeridir. O, şəhərə birinci daxil olub, kim gəldi divan tutur. Sonra senatın iclasını çağırıb, Marinin və xalq tribunu Sulpisinin ölümə məhkum edilməsi haqqında qərar çıxartdırır. Bu zaman Sulpisinin qulu ağasını öldürür. Mari Sullaya divan tutmaq istəyir. Amma Sulla da ona aman vermir. Senat Sullaya qarşı ittiham irəli sürür. Ancaq bu zaman o, ordusu ilə Mitridata qarşı yürüşə getmişdi.
Mitridat o zaman Vifiniya və Kappodokiyanı alıb Perqamda var-dövlət içində dincəlirdi. Onun oğlanlarından biri Pont və Bosforda çarlıq edirdi. Ortancıl oğlu isə Frakiya və Makedoniyanı fəth etməklə məşğul idi. Onun yanında Arxilay kimi görkəmli sərkərdə vardı. Bütün ətraf dənizlər onun gəmilərinin əlində idi.
Sulla Yunanıstana gəlib Afinanı mühasirəyə alır. Və bir müddət sonra şəhəri alıb onun müdafiəçilərinə amansız divan tutur. Bu zaman Sullaya qarşı dənizdən başqa qurudan da yüz minlik bir ordu gəlirdi. Sulla gənc sərkərdə Qortenziya ilə birləşib Filobeot adlı səfalı bir yerdə Mitridat qoşunlarını gözləməyə başlayır. Düşmənlər çoxluqları, bəzəkli və qiymətli yaraqları ilə elə qürrələnirdilər ki, aləm bir-birinə qarışmışdı. Bu çoxmillətli ordunun yüzlərlə minbaşısı vardı və hərənin də ağzından bir avaz gəlirdi. Sulla isə gecə-gündüz qoşuna rahatlıq vermədən onu döyüşə hazır saxlayırdı.
Bir az yuxarıda isə Kefis və Ass çaylarının yerində qədim məbədin xarabalıqları arasında əsl sığınacaq vardı. Sulla öz döyüşçülərinin inadı ilə bu möhkəm yüksəkliyi zəbt etdi. Nəhayət, uzun fasilədən sonra Xeroneyada qüvvələr toqquşdu. Rəqiblər elə ilk toqquşmada çaxnaşmaya düşdülər. Bir neçə günlük gərgin döyüşlərdən sonra Arxilay bütün qoşunlarla pərən-pərən düşdü. Minlərlə itki verdilər. Sulla isə özünün yazdığına görə, cəmi on dörd nəfər itirmişdi.
Paytaxtda isə bu zaman Tsinna və Karban (şəhər konsulları) zorakılığa meydan açıb, Sulla tərəfdarlarına divan tutur, özünün və qohum-qardaşlarının mülklərini yandırır, hətta arvad-uşaqlarını da qılıncdan keçirirdilər. Sulla uzun danışıqlardan sonra Mitridatı dilə tutub, yarımtəslim aktı imzalamağa məcbur etdi. Bundan sonra Yunanıstandan Makedoniyaya keçə-keçə yolboyu saysız düşmənlərə qalib gəlib, əksinə, dostları tərəfindən sevinc və ruh yüksəkliyi ilə qarşılanaraq məşhur sərkərdə Ssipionun qırx kaqortasını isə heç bir qan tökmədən, hiylərliklə öz tərəfinə çəkə bildi. Sərkərdənin özünü də salamat buraxdı.
Bu zaman konsul Karban Marinin oğlu ilə Romadan azca aralı Siqniya şəhərində 85 kaqortla Sullanı döyüşə çağırdı. Mari dostunu qabaqlayıb ona hücum etdi. Lakin iyirmi min döyüşçü itirib qaçmaqla canını güclə qurtardı. Bunu görən Karban ordusunun ən yaxın adamları ilə Şimali Afrikaya qaçdı.
Romaya daxil olarkən sammitlərin başçısı Telezin qəfildən Sullanın yorğun kaqortlarına həmlə etdi. Lakin gərgin döyüşlərdən sonra (Sullanın özünü mehtəri ölümdən qurtardı) Sulla çoxlu itki versə də, rəqiblərini əzdi. Lakin Plutarxın qeyd etdiyi kimi, bundan sonra özü də şəhərdə olmazın qəddarlıqlar törətdi. Mari əsir düşəcəyindən qorxub intihar etdi. Bütün bu qırğınlardan sonra Sulla özünü diktator elan etdi.
Bundan sonra isə yenə hamını çaşbaş salaraq birdən-birə bütün səlahiyyətlərindən imtina edib hakimiyyəti xalqa verdi və adi bir vətəndaş kimi seçkilərdə iştirak etdi.

Mənbə: böyük insan Əlisa Nicatın «Dünya sərkərdələri» kitabı

loading...

0 şərh