Cavad Xan

Cavad xan qədim Ziyadoğlular nəslindən idi. Onlar yüz illərdən bəri doğma şəhərlərinin hakimləri idilər. Şirvanşahların süqutundan sonra onlar Şəki xanlığı ilə yanaşı, Azərbaycanın Gürcüstanla həmsərhəd olan qərb bölgələrini qoruyurdular. Cavad xan taxta çıxanda Qazax, Şəmkir, Şəmşəddil, Borçalı mahalları Gəncə xanlığına daxil idi.
Azərbaycan xanlarının əlbir olmamasından istifadə edən Kartli-Kaxet çarlığı bir il də olsun Gəncəni rahat buraxmırdı. Gürcülərə yaxşı bələd olan Cavad xan onların öhdəsindən asan gələ bilərdi. Amma gürcülərin müttəfiqi buna imkan vermirdi. Bu müttəfiq namərd Qarabağ xanı İbrahimxəlil idi.

Cavad xan Ağa Məhəmməd şah Qacarın müzəffər Tiflis yürüşündə iştirak etmiş və xeyli gürcü əsilzadəsini məğlub edib əsir gətirmişdi. Şəki, Qarabağ və Gürcüstan tərəfdən təklənən Cavad xan münaqişəyə birdəfəlik son qoymaq üçün həmin 400 gürcü əsirini geri qaytardı. Amma namərdlər ondan əl çəkmirdilər. Lakin bu zaman meydanda çoxdan bəri Zaqafqaziyada gözü olan üçüncü bir qüvvə — Rusiya peyda oldu. Əgər satqınlar olmasaydı, Qacarın iradəsi ilə rusların Azərbaycana yürüşlərinin bir müddət qarşısını almaq olardı. Amma budur, Qacar qətlə yetirildi… Parçalanmış, bir-birləriylə didişən Azərbaycan xanlıqlarını aradan götürməyə nə vardı ki?!

1796-cı ildə II Yekaterinanın ölümü Cavad xana bir neçə illik dinclik və qüvvə toplamaq imkanı verdi. Lakin bir nəfər Gəncəyə quduz bir qəzəblə baxırdı. Bu, ruslaşmış gürcü Aznavur Sisianov (Sitsilişvili) idi. Elə ki, 1801-ci ildə I Pavel öldürüldü, Sisianov çoxdankı arzusuna çatdı. Bir var ucsuz-bucaqsız imperiya olasan, özünün top, tüfəng, barıt, qurğuşun istehsal edən zavodların ola, bir də var kiçik bir əyalət olasan və bütün bu sursatları haradansa alıb gətirəsən.
Rus çarı I Aleksandr və Gəncə xanı Cavad xan. Qüvvələr hədsiz dərəcədə qeyri-bərabər idi. Cavad xanın ikicə yolu vardı. Ya təslim olmalı, ya da qəhrəmanlıqla vuruşmalı idi.

Azərbaycanda ruslara ən çox Dərbənd, Gəncə və Lənkəranda müqavimət göstərilmişdi. Lənkəranda general Kotlyarevski yalnız 20 min müdafiəçinin qırdıqdan sonra şəhər qalasını almışdı. Lakin daha əvvəl Azərbaycanın bütün xanlıqlarına Vətən uğrunda döyüşmək nümunəsini Cavad xan göstərmişdi.
1803-cü ilin oktyabrında güclü qoşunla Azərbaycana yaxınlaşan Sisianov Cavad xana məktubunda belə yazırdı: «Əgər təslim olmaq istəmirsinizsə, onda İzmail, Oçakov, Varşava və başqa şəhərlərin başına gələn fəlakətlərə hazır olun. Əgər sabah günortaya kimi cavab gəlməsə, qiyamət qopacaq. Gəncənin üzərindən tufan kimi keçib getməklə, sözümə necə əməl etməyimin şahidi olacaqsız».
Cavad xan ailə üzvləri və yaxın adamları ilə məsləhətləşdi və ertəsi gün Sisianova cavabında belə yazdı: «Əgər sən mənimlə müharibəyə başlamaq istəyirsənsə, mən hazıram. Döyüş istəyirsənsə, döyüşək. Sənin təklifini qəbul etməyəcəyim təqdirdə mənə bədbəxtlik vəd edirsən. Amma mən inanıram ki, bədbəxtlik sənin özünü təqib edib Peterburqdan bura sürükləmişdir».
Belə cavab gözləməyən Aznavur bir müddət tərəddüd edib Cavad xana hədə-qorxu məktubları göndərməklə, onu mənən diz çökdürməyə çalışdı. Amma daş qayaya rast gəlmişdi. Cavad xan hər dəfə daha qətiyyətli cavablar göndərdi.

Cavad xanı ən çox İran şahı Fətəli şahın qorxaqlığı yandırıb-yaxırdı. Axı əgər İran ona bir balaca kömək etsə idi, xan rusların cənuba gedən yolunu həmişəlik kəsə bilərdi. Ağılsız şah anlamırdı ki, Gəncə getsə, Talış və İrəvan xanlıqlarının da yolu açılacaq. Hələ üstəlik Ərdəbil və Təbriz də təhlükəyə məruz qalacaq...
General-leytenant Sisianov isə öz qüvvəsilə əzmkar xana qalib gələ biləcəyinə inanmadığından dönə-dönə Peterburqa məktub yazıb kömək istəyirdi. Nəhayət, bu kömək gəldi. Dağıstan polkları Tiflisə gəlib onun sərəncamına keçdi. Sisianov dekabrın əvvəllərində böyük qüvvə ilə Gəncəyə doğru yeridi.
Onlar bir neçə gündən sonra Gəncəyə çatıb onu mühasirəyə aldılar və gecə-gündüz qalanı top atəşinə tutdular. Neçə yüzillik binalar, saray və məscidlər dağılır, Sisianov yeni-yeni güzəştli təkliflərlə şəhəri təslim olmağa çağırır, Cavad xan isə sarsılmaz qaya kimi diz çökmürdü. Nəhayət, Sisianov şəhərə hücum əmrini verdi. Bu amansız, faciəvi qəhrəmanlıqla dolu hadisəni tarixçi Elman Mustafa oğlu belə təsvir edir:

«Yanvarın 3-də soyuq bir gecə qaranlığında ruslar qalaya hücuma keçdilər. Hücum edən qruplara general-mayor Portyagin və polkovnik Karyagin başçılıq edirdilər. Top duelindən sonra Gəncə qalasında açılan yarıqdan general Portyagin böyük bir əzici qüvvə ilə hücuma keçdi. Cavad xan ruslar ilə savaşmağı o qədər istəyirdi ki, Portyaginin qüvvələrinin hücum yollarını məşəllərlə işıqlandırmağı buyurdu. Ruslar «Ura» ilə hücum etdilər, qala yarığının içində gəncəlilərin qurduqları canlı sədlərlə qarşılaşdılar və çarpışma başladı. Xan, Portyaginin hücumunu dəf etdi və ruslar bu zaman böyük itki verdilər. Portyagin qüvvələrini təkrar toplayaraq ikinci hücuma qalxdısa da, yenə də böyük itki verərək, geri oturduldu.
Səhər şəfəqi türkləri zəfər sevincləri və nərələri ilə qarşıladı.

Qalanın içindən türklərin şən hayqırtıları eşidilirdi. İlk hücum Qarabağ qapısından edilmişdi və bu cəbhədə yenilən ruslar ikinci dəfə Tiflis qapısından gecə qaranlığında qala divarına nərdivan dayayaraq hücuma keçdilər. Xan bu cəbhədən hücum gözləmirdi. O, düşməni qarşılamaq üçün dərhal oraya getdi və qalaya çıxan ilk rus zabit və əsgərlərini öldürdü. Həmin cəbhədən Portyaginin qüvvələrindən başqa bir-birinin arxasınca polkovnik Karyaginin və podpolkovnik Simonoviçin qüvvələri də hücum etdilər. Çox mətin və qanlı savaş başlamışdı. Cavad xan bu dəfə də Portyaginin əsgər və zabitlərini məhv edərək generalın özünü haqlamağa çalışırdı, ancaq podpolkovnik Simonoviç öz əsgərləriylə yetişərək, generalı Cavad xanın əlindən qurtardı. Qalanın iki bürcünü ruslar ələ keçirmişdi. Xanın qüvvələri getdikcə azalmağa başlamış, topların mərmisi tükənmişdi, ancaq xan insanı heyrətə salan bir cəsarət və qəhrəmanlıqla əlində qılınc çarpışırdı. Xan özünün geri çəkilən azsaylı döyüşçüləriylə geri çəkilə də bilərdi, ancaq yerindən bir addım belə atmırdı… Bu vaxt bölük komandiri Kolovskinin başçılığı ilə başqa bir bölük xanın üzərinə atıldı, amma onu öldürdülər… Xana yardıma gələn döyüşçülər Kolovskini və bölüyünü məhv etdilərsə də, artıq Cavad xan da həlak olmuşdu… Xanın ölüm xəbərini eşidəndə Gəncənin müdafiəçiləri sarsıldılar və beləliklə, savaşda ruslar qalib gəldilər… Çarpışma şəhərin içinə keçmişdi. Gəncəlilər şəhəri ev-ev müdafiə edirdilər, elə buna görə də çox itki verdilər».

Cavad xanın taktiki səhvi olmuşdumu? Bəli. Bu həmin səhvdir ki, biz də onu dönə-dönə təkrar etmişik və edirik. Erməniləri şəhərdən büsbütün qovmamağı onun səhvi idi. Belə ki, ruslar hücuma keçən kimi ermənilər şəhərin Tiflis qapısını açıb işğalçıları içəri buraxmışdılar.
Cavad xan oğlu Hüseynqulu xanla bərabər, vəd etdiyi kimi qala divarının üstə şəhid oldu. Xanın böyük oğlu Uğurlu xan isə kiçik qardaşlarıyla qala divarlarını aşıb qurtula bildilər. Ümumiyyətlə, 3700 gəncəli həlak oldu, işğalçılar 17 mindən artıq kişi və qadını əsir götürdülər.
Beləliklə, Gəncənin alınması ilə Yaxın Şərq ölkələrinə yol açıldı. Minillik Gəncənin adı isə 17 illik fasilə ilə düz 185 il yad adlarla çağırıldı. Əvvəl Yelizavetpol, sonra isə Kirovabad. Yalnız 1989-cu ildə xalqın qeyrəti ilə Cavad xanın bizə yadigar qoyduğu Gəncə, öz qədim adını geri aldı.
Cavad xan Azərbaycanda böyük Şamilin sələfi idi. Lakin təəssüf ki, xalqımız ondan sonra azadlıq uğrunda kütləvi mübarizəyə qalxmadı. Nəinki qalxmadı, işğalçılara kömək edənlər də oldu. Buna görə XIX əsr azadlıq uğrunda mübarizə bayrağımıza cəmi bir neçə qəhrəmanımızın adı yazıldı ki, onların da birincisi gəncəli Cavad xan oldu.

loading...

0 şərh