Nadir şah Əfşar

Azərbaycan tarixinin obyektiv tədqiq olunmamış dövrlərindən biri də cəmi 59 il ömür sürmüş, 37 yaşından Şəfəvi şahının yanında sərkədə kimi fəaliyyətə başlamış, 44 yaşından faktiki hakimiyyətə yiyələnmiş, 49 yaşında şah seçilərək 11 il şahlıq etmiş Nadir şah Əfşarın (1736-1747) hakimiyyəti illəridir.

İşğalçı yadelli, yoxsa milli qəhrəman


Rus və sovet tarixşünaslığında Azərbaycanın digər görkəmli şəxsiyyətləri və dövlət xadimləri kimi Nadir şahın fəaliyyəti də saxtalaşdırılmış, ona işğalçı, yadelli damğası vurulmuşdur. Çox təəssüf ki, həmin səhvlər çağdaş Azərbaycan tarixşünaslığında da davam etməkdədir. Hazırda Nadir şaha münasibətdə tarixçilər və əhali arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri onu Səfəvilər sülaləsinə xəyanətdə, bəziləri mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, müstəqillik əldə etməyə çalışan Azərbaycan xanlarına düşmən münasibətdə, bəziləri işğalçılıqda ittiham edirlər.
Onun haqqında özünün sifarişi ilə «Tarix-i Nadir» kitabı və Hind şairi Məhəmməd Əli bəyin «Şahnamə-yi Nadir» poeması yazılmışdır. Bundan başqa Abasqulu ağa Bakıxanovun «Gülüstan-i İrəm», Nəriman Nərimanovun «Nadir şah» əsərləri Nadir şahın fəaliyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.
Son vaxtlar bəzi qərb müəlliflərinin Nadir şah və digər şəxsiyyətlər haqqında yazdıqları kitabların təcrümə olunması müsbət qiymətləndirilməlidir. Məsələn, Kembric Universitetinin professoru Loupensi Lokkartın 1938-ci ildə yazdığı «Nadir şah. İlkin mənbələr əsasında tənqidi tədqiqat» kitabının 2005-ci ildə rus dilinə tərcümə edilməsi və həmin kitabın müəyyən ixtisarlala azərbaycan dilinə tərcümə edilərək «525-ci qəzetin» 2005-ci ilin aprel-may aylarının şənbə saylarında dərc olunması Nadir şah haqqında oxucuların obyektiv məlumatlar almasına kömək göstərmişdir. Lakin buna baxmayraq son illər Azərbaycan tarixinə aid nəşr olunan və hazırda dərslik kimi istifadə olunan kitablarda Nadir şah haqqında sovet tarixşünaslığündan qalma səhv yanaşmalar davam etməkdədir. Məsələn, Nadir şahın 1735-ci ilin 8 iyununda Eçmiədzin yaxınlığındakı döyüşdə osmanlıları məğlub etməsi və onların Azərbaycanı tərk etməsinin Z.Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-cü ildə nəşr olunmuş «Azərbaycan tarixi» kitabında şərhi rus və sovet taixşünaslığından fərqlənməyərək demək olar ki, onların təkrarıdır. Kitabda bu barədə belə yazılıb: «1735-ci ilin sonunda türk qoşunu büsbütün Ön Qafqazdan qovuldu. Lakin bu, heç də yerli xalq kütlələrinin azadlığa çıxması deyildi. Türk qoşununun Ön Qafqazdan qovulması ilə Azərbaycan xalqının İran müstəbidliyinə qarşı azadlıq mübarizəsinin yeni dövrü başladı. Azərbaycanda İran hakimiyyətinin bərpa olunması xalqı yenidən İran zülmünə düçar etdi» (s.513) Fikrimizcə Nadir şahın mərkəzləşmiş dövləti möhkəmləndirmək istiqamətindəki fəaliyyətini bu cür qiymətləndirmək obyektivlikdən tamam uzaqdır və məsələyə bu cür yanaşılması kökündən səhvdir.
Azərbaycan tarixinin şərəfli səhifələrini təşkil edən Eldəgizlər, Qaraqoyunlar, Ağqoyunlular, Səfəvilər kimi Əfşarlar və Qacarların da hakimiyyət dövrləri bizə yad olmayıb xalqın tarixinin tərkib hissəsidir. Hər bir vətəndaş bu tarixi dərindən öyrənib bu cür qüdrətli dövlətlərin varisi olduğu ilə fəxr etməlidir.
Nader şah

Bəs Nadir şah Əfşar kim olmuşdur?


XVIII əsrdə dünyanın ən görkəmli hökümdarlarından biri Nadirqulu İmamqulu oğlu Əfşar 22 oktyabr 1688-ci ildə Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində anadan olmuşdur. O, Azərbaycan xalqının tərkib hissəsini təşkil edən türk tayfalarından biri olan Əfşarlar tayfasına mənsubdur. Tarixçi Rəşidəddin Fəzlullah əfşarları «düzənlikdə yaşayan türk xalqları» kimi səciyyələndirmişdir. Avşar sözünün « öz işini cəld görən» mənası verdiyni də iddia edənlər var. Afşarlar tayfasının adı türklərin əfsanəvi əcdadı Oğuzun ordusunun sağ cinahında vuruşmuş igid sərkərdə Avşarın adından götürüldüyü də etimal olunur.
1738-ci ilin dekabrında Nadir şahla Osmanlılar arasında bağlanmış müqavilədən sonra, o, türk Sultanına məktub yazaraq türklərlə türkmanlar arasında doğmalıq olduğunu bildirir və özünü birmənalı olaraq ikincilərə aid edirdi. Nadir danışıqlarda türk dilindən (cağatay yaxud, şərqi türk dilindən) istifadə etməyə üstünlük verirdi, amma eyni zamanda fars dilini də mükəmməl bilirdi.
Şah II Təhmasibin qoşununda 1726-cı ildə sərkərdə kimi fəaliyyətə başlamış Nadir xanın komandanlığı altında qoşunların müqəddəs Məşhəd şəhərini düşmənlərdən azad etməsi, daha sonra Heratı tutması onun nüfuzunu daha da artırmışdı.
Nadir 1732-ci ilin avqusunda şah II Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah elan etməklə real hakimiyyəti ələ keçirir. O, 1733-cü ildə Bağdad yaxınlığında osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə yaxınlığındakı düşərgədə Rusiya səfiri Sergey Qolitsınla müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən Bakı və Dərbənddən rus qoşunları çıxarıldı.
Nadir xan 1736-cı ilin fevralında Muğan qurultayında özünü şah elan etdi. Nadirin şah seçilməsini qanunuz sayan Qacar Ziyadoğlular soyundan olan Qarabağ-Gəncə bəylərbəyləri ona qarşı çıxdılar. Onlar iki yüz ilə yaxın irsən Xram çayının üstündəki «Sınıq körpü» («Qırmızı körpü»)-dən Xudafərin körpüsünə kimi uzanan torpaqları, Gəncə şəhəri də daxil olmaqla idarə edirdilər. Nadir Ziyadoğlularına qarşı açıq cəza tədbiri həyata keçirməkdən çəkinsə də, onların gücünü, gəlir və qazanc mənbələrini sarsıtmağa çalışdı. O, Qazax və Borçalı əhalisini Gürcüstan valisinin tabeliyinə verdi. Qarabağ-Gəncə bəylərbəylərinin arxası olan Cavanşir, Otuziki, Kəbirli mahallarının əhalisini Xorasana sürgün etdi. Qarabağın xristian (Vərəndə, Crabert, Gülüstan, Dizak və Xaçın) məliklərini bəylərbəylik tabeliyindən çıxarıb birbaşa şah idarəçiliynə qatdı. Tarixçi Mirzə Adıgözəl bəy bu münasibətlə yazırdı: «Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından, qol qanadları sındı və çox pərişan oldular.»
Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulması və Nadirin özünü şah elan etməsilə mərkəzləşmiş dövlətin öz nüfuzunu bərpa etməsi uğrunda mübarizənin yeni dövrü başlandı.

Nadirin xidmətləri


Nadir şah hakimiyyəti ələ aldıqdan sonra mərkəzləşmiş dövləti möhkəmləndirmiş, onun sərhədlərini daha da genişləndirmişdir. O, 1737-1739-cu illərdə Əfqanıstana yürüş etmiş, Hindistanda Dehlini tutmuş, 1742-ci ildə Buxara və Xarəzmi ələ keçirmişdi.
Nadir şahı qərb tarixçıləri Napoleon Bonapart, Böyük Fridrix, Hannibal, Velinqtonla, şərq tarixçiləri isə Makedoniyalı İsgəndər, Əmir Teymurla müqayisə edirlər.
Onun həyata keçirdiyi müsbət işlərə konkret olaraq aşağıdakıları aid etmək olar:
— Keçmiş inzibati ərazi bölgüləri – Şirvan, Qarabağ, Çuxur – Səd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı altında vahid inzibati bölgü yaratmışdı;
— Osmanlılarala məzhəb ayrılığna son qoymaq və düşmənçiliyi aradan qaldırmaq üçün bütün əhli sünnət üçün İmam Cəfəri Sadiq məzhəbinin qəbul edilməsini təklif edirdi. (Nadirin din islahatı təkcə Azərbaycan üçün deyil, bütün İranın gələcəyi üçün böyük rol oynaya bilərdi. Abbasqulu ağa Bakıxanov təəssüflə yazırdı: « Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı»);
-Erkən yaşlarından böyük fiziki qüvvəyə və dözümə malik olmuş, ömrünün 37 ilindən artığını xarici işğalçılara və ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmayan yerli əyanlara qaşı 120-dən artıq müharibə apararaq Səfəvilər hakimiyyətinin sonlarında dağılmaqda olan mərkəzləşmiş dövlətin ərazilərini daha da genişləndirmiş, onu qoruyub saxlamış və nüfuzunu daha da artırmışdı;
— Yürüşlərdə bütün döyüşçülər kimi sadə şəraitdə yaşamışdı;
-Yeni Şamaxı, Nadirabad, Xivaqabad şəhərlərini, Dəstgirdəki mövludxananı Kelatda xəzinəni, Qəzvində və Mazandarandakı Əşrəfdə sarayları tikdirmiş, Məşhəddəki İmam Rza məqbərəsini genişləndirmişdir;
— Məşhədin İmam Rza məscidinin Şah kitabxanasına ən çox ianə vermiş və bura 400 əlyazma bağışlamışdır;
— Özünün xristian təəbələrinə çox dözümlə yanaşırdı, onların azad etiqad hüquqa hörmət edirdi;
— İncili, Tövratı və Quranı təcrümə etdirmişdir və s.

Böyük dövlətin dağılması


Müharibələr, daxili çəkişmələr və üsyanlar Nadir şaha qarşı sui-qəsdə gətirib çıxardı və o, 1747-ci il mayın 9-da öz sarayında öldürüldü.
Nadir şahın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. Digər ərazilərdə, o cümlədən Azərbaycanda müstəqil xanlıqlar meydana çıxdı.
Nadir şahın ölümü ilə ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarsında İran taxt-tacı uğrunda iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dəfə əldən-ələ keçdi. Dövlətin paytaxı altı dəfə dəyişdi.
Mərkəşləşmiş dövlətin parçalanması ilə demək olar ki, tarixin də saxtalaşdırılması və bu günkü bəzi ziddiyyətlərin yaranmasının əsası qoyuldu. Fikrimizcə Azərbaycan tarixinin şərəfli səhifəsini təşkil edən Nadir şah Əfşarın hakimiyyət illəri yenidən obyektiv şəkildə tədqiq olunmalı və xalqa çatdırılmalıdır. Məhz bundan sonra böyük tarixi şəxsiyyətlərin fəaliyyətlərinə obyektiv qiymət vermək olar.
Müəllif: Məhərrəm Zülfüqarlı, Tarix elmləri namizədi
Mənbə: http://www.salaminfo.az/tarix/2956.html

Oxşar məqalələr

0 şərh