Yaşanan həyat & Seyr edilən həyat
Axşamlar evdə nə edirsiniz?
Divana uzanıb, heç tanımadığınız amerikalı detektivlərlə heç tanımadığınız amerikalı quldurlarımı qovursunuz, yoxsa yerli seriallara qapanıb heç bilmədiyiniz evlərdə yaşanan həyatlarımı seyr edirsiniz?
Dörd saat televizor seyr etmənin səkkiz saat işləmək qədər beyni yorduğunu bilirsinizmi ?
İki cür həyat var:
1. Yaşanan həyat.
2. Seyr edilən həyat.
Axşamlarınız televiziyaya kilidlidirsə, bilin ki, həyatı yalnız seyr edirsiniz !
Axşamları evdə nə edirsiniz? Axşamlarınızı necə keçirirsiniz? «Bir çoxu kimi biz də semiçka çırtlayıb saatlarla televiziya izləyirik» deyirsinizsə, dayanıb bir düşünün; Dünyaya bir neçə dəfə daha gələcəyinizəmi inanırsınız?!
Belə bir şans olsaydı, hal-hazırkı həyatımızın bir hissəsini ziyan etmək indiki qədər acı nəticələr doğurmazdı bəlkə də...
Reallıq budu ki, yalnız bir həyatımız var. Və bu həyat da təəssüf ki, çox qısadır...
Təxminən, altmış illik ömrün iyirmi ili yuxuda keçir. Qalan qırx ilin iyirmi ili uşaqlıq, təhsil, və s. Son iyirmi ili də ziyan etsək, bizə yaşanacaq bir şey qalmaz.
Axşamlarınızı yalnız televiziyaya verirsinizsə, saylı nəfəslərinizin bir hissəsini «zibil qabına» atırsınız deməkdir! Çünki televiziya izləyən adam həyatda deyil, çünki heç bir şey etməməkdə davam edir, heç nə əldə etmir, heç nə öyrənmir; bu da dolayısı ilə yaşamamağa bərabərdir.
Nə etməli?!
1. Ailəcə kitab oxuyun, söhbət edin.
Necə tanış olduğunuzu, ilk harada görüşdüyünüzü, harada, necə evləndiyinizi, həyatınızda dərs çıxarıla bilinəcək hadisələri övladlarınızla paylaşın, onları həm dinləyin, həm də anlamağa çalışın.
2. Gəzin.
Gəzmək üçün hökmən bir səbəbin olması vacib deyil, ən böyük məqsəd həyatı paylaşmaqdır. Yaxınsınızsa dəniz kənarına gedin, ailənizlə bacardığınız qədər çox vaxt keçirin. Sonra da günəşin batmasını seyr edin. İnanın ki, bu televizora baxmaqdan daha maraqlı və zövq vericidir.
Meşədə birlikdə gəzin, təbiəti kəşf edin. Təbiəti sevin və övladlarınıza bunu öyrədin. Uşaqlarınızın dostu olmağı bacarmaq az iş deyil.
3. Qohum və qonşularla münasibət qurmağa çalışın.
Qonaq gedin, ya da onları evinizə dəvət edin. Çalışın söhbətiniz televiziyasız olsun. Bir-birinizi həqiqətən tanımağa çalışın. Unutmayın ki, «Yaxın qonşu uzaq qohumdan yaxşıdır.»
4. Uzaqdakı tanışlara mesaj məktub yazın.
Bilirsinizmi, məktub yazmaq insanı çox rahatlaşdırır. Məktub yazarkən, hər ailə fərdindən bir neçə cümlə istəyin. Yəni, məktubu ailəcə yazın. Amma uşaqlarınızın cümlələrini ələ salmayın. Bu, onların şəxsi fikirlərinin formalaşmasında atılan ilk addımlardandı.
5. Mədəni və ictimai fəaliyyətlərə qatılın. (Konfrans, seminar, sərgi, kino və teatr)
Həyatınızı bir az da olsun rəngləndirəcək başqa şeylər də tapa bilərsiniz. Yetər ki istəyin. Bir şeyi çox istəsəniz, onu əldə edərsiniz. «Edə bilmərəm» «Bacarmaram» kimi fikirlər sizi heç bir yerə aparmaz.
Ailə bağlarının güclənməsi, paylaşacaq şeylərin çoxluğuyla mümkündür. Nə qədər çox şey paylaşsanız, ailəniz o qədər güclənəcək. Nəticədə xoşbəxt ailəyə sahib olacaqsınız. Xatirə dəftərinə televiziya seriallarını yaza bilməzsiniz. Oraya ancaq yaşadıqlarınızı yaza bilərsiniz. Hər gün bir şeylər yaşamalı və bunları gözəl xatirələrinizə əlavə etməlisiniz.
Bu gün elə bir həyat yaşayın ki, sabaha da qalsın. Nəvələrinizə danışa biləcəyiniz maraqlı xatirələriniz olsun.
Unutmayın ki, həyatı yığıb saxlaya bilməzsiniz; ya hər anını doya-doya yaşayacaqsınız, ya da ziyan edəcəksiniz. Seçim sizin!
Həmçinin bax: 86.400 Saniyə
15 şərh
Lakin, topikdə qeyd olunanlar sırf maddiyatla əlaqəli deyil. Ailəcə kitab oxumaq → pulsuz; Uşaqlara vaxt ayırmaq → pulsuz...
Demirəm ki, "Hər şey özümüzdən asılıdır", deyirəm ki, "Çox şey özümüzdən asılıdır"
Amma hər bir valideyin (xüsusilə də sizin qeyd etdiyiniz kimi əziyyətlə işləyən valideyn) övladlarını gələcəkdə daha savadlı, ziyalı görmək istəyir. Bununçün də nəsə etmək lazımdı. Elə, «mənim vaxtım olmur»- deyib kənara durmaqla irəli getmək mümkün deyil.
Ata günün daha çox hissəsini evdə olmur, o halda daha çox məsuliyyət ananın üzərinə düşür.
Ailə qurmaq asandı, onu saxlaya bilmək çətindi. Hər halda ailə üzvləri məsuliyyəti müəyyən qədər dərk etsələr hər şey qaydasında olar.
P.S: Ahınız dağlara…